Regiona yad həmlələr intensivləşir
Siyasət

Regiona yad həmlələr intensivləşir

Son günlər Ermənistan şərti sərhəddə hərbi texnika cəmləşdirir. Uzunmüddətli fortifikasiya qurğuları yaratmağa başlayır. 1 apreldə Naxçıvanın Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərimizin atıcı silahlarla atəşə tutulması düşünülmüş planların həyata keçirilməsi üçün ilkin addımdır. Belə ki, Ermənistan hakimiyyəti burada iki məqsədə nail olmaq istəyir.

Birinci məqsəd Ermənistan ictimaiyyətini sakitləşdirməkdir. Nikol Paşinyan son vaxtlar Azərbaycanın 4 kəndinin qeyd-şərtsiz qaytarılması məsələsini gündəmə gətirib. Baş nazir Ermənistanın Tovuz rayonunun sakinləri ilə görüşü zamanı 4 kəndin Azərbaycan ərazisi olduğunu, "bizim olmayanı istəməməyi" və kəndlər qaytarılmayacağı təqdirdə, Azərbaycan ordusunun hücum edəcəyini bildirib. Amma kəndlərin sakinləri Paşinyanın dediklərini heç də yaxşı qarşılamadı və ümumiyyətlə, Ermənistan müxalifəti də bu məsələni hakimiyyətə qarşı insanları ayağa qaldırmaq üçün istifadə etməyə başladı. Hətta Ermənistan ictimaiyyətində son günlər aparılan rəy sorğularında Paşinyana etimadın kəskin aşağı düşdüyü qeyd olunur. 

Baş nazir Azərbaycanla şərti sərhədə qoşun yeridərək Naxçıvan istiqamətində atəşkəsi pozmaqla daxili auditoriyaya müharibə olacağı anonsunu verir. Təbii ki, Ermənistan ictimaiyyəti yenidən müharibənin baş verəcəyindən qorxur. Paşinyan hərbi gərginlik yaratmaqla, erməniləri özünün bəyan etdiyi məsələlərə inandırmaqla ictimai-siyasi sabitliyi qorumağa çalışır.

İkinci məqsəd isə 5 apreldə Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşlə bağlıdır. Əslində, bu görüşün dördtərəfli olacağı, yəni NATO-nun rəhbərinin də qatılacağı ilə bağlı xəbərlər verilir. Paşinyan şərti sərhəddə süni gərginlik yaratmaqla ABŞ və Aİ-dən daha çox hərbi yardımlar almağa can atır. ABŞ və Aİ Ermənistanda hərbi baza yaratmaq istəyir. Bu baxımdan, Brüsseldə Ermənistanın təhlükəsizliyinə zamanət paktının imzalanacağı bildirilir.  Bu pakt ABŞ hərbi qüvvələrinin Ermənistanda yerləşdirilməsi üçün hüquqi baza yaradacaq. Məlumdur ki, ABŞ hərbi təlimçiləri artıq Ermənistandadır. Onlar Ermənistanın ordu bölmələrinə hərbi təlimlər keçir. Beləliklə, ABŞ Cənubi Qafqazı yeni gərginlik ocağına çevirmək istəyir və Ermənistanı isə hərbi plasdarm kimi istifadə etməyi planlaşdırır.  Ermənistan hakimiyyətinin Qərbyönümlü hərəkətləri bütün Cənubi Qafqaz və  onunla sərhəd ölkələr üçün təhlükədir. Çünki ABŞ Ermənistanda hərbi mövcudluğunu yaratmaq istəyirsə, onun planları daha genişdir. Bu, ilk növbədə, ölkəmizin maraqlarına uyğun deyil. Bizim sərhədimizdə gərginlik ocağının yaranması arzuolunmaz haldır. Bu həm də regiona sülhün gəlişini böyük şübhə altına salır.

İran üçün də bu böyük təhlükə olacaqdır. Belə ki, Dəməşqdəki İran konsulluğuna edilmiş hava zərbələri nəticəsində generallar və ali rütbəli zabitlər öldürüldü. İndi isə ABŞ Ermənistan tərəfdən İran sərhədlərinə yaxınlaşır və gələcək planlarını qurmağa çalışır. Bu baxımdan, hesab edirəm ABŞ-ın hərbi bazasının Ermənistanda yerləşdirilməsi İranın təhlükəsizliyi üçün böyük təhlükə yaradacaq.

ABŞ bazasının Ermənistanda yerləşdirilməsinə çalışılması həm də Rusiyaya qarşı yönəlmiş addımdır. Hadisələrin gedişatı Ermənistanda Rusiya və ABŞ-ın üz-üzə gələcəyi yeni bir müharibə ocağının yaranması riskini artırır. Beləliklə, son nəticə kimi deyə bilərəm ki, Paşinyan hakimiyyətinin Qərbyönümlü gedişləri, ilk növbədə, Ermənistan dövlətçiliyini sual altında qoyur.

Azər BADAMOV,

millət vəkili.