Mətbuat fədaisi
Tarixi şəxsiyyətlər

Mətbuat fədaisi

Nəsir İmanquliyev mətbuatla xalqı maarifləndirmək yolunda bir məktəb yaratdı

Yenə xatirələr çözələndi, tələbəlik illərini, o illərin yaddaşıma həkk olunan bəzi məqamlarını yada salmalı oldum. Redaksiyadan tapşırıq almışdım, Nəsir müəllimdən yazmalıydım. Axı dekabrın 22-si müəllimlər müəllimi Nəsir İmanquliyevin doğum günüdür.

Jurnalistika fakültəsində oxuduğum illərdə bir çox müəllimlər dərs demişdi bizə. Biri digərindən fərqli, dərsinə ayaq sürüyə-sürüyə getdiyimiz, auditoriyada görüşünə tələsdiyimiz müəllimlərimiz də olmuşdu. Nəsir müəllimi qrupumuzun bütün uşaqları sevirdi. O, tələbələrinə təkcə jurnalistikanın incəliklərini deyil, həyatın "sirlərini" də öyrədirdi. Özünün o qədər də rahat keçməyən uşaqlıq, gənclik illərinin çətinliklərindən danışar, bizi gələcək həyat mübarizəsinə hazırlayardı. Yüksək insani keyfiyyətlərə malik, böyük insan, kasıbların mənəvi atası olan Nəsir İmanquliyev özünü xeyirxahlıq nümunəsi kimi də sevdirə bilmişdi.

Ömrünü milli mətbuatımızın, mədəniyyətin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanması işinə həsr edən Nəsir müəllim düz 50 il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Dövri mətbuata hələ tələbəlik illərində qədəm qoyan Nəsir İmanquliyev "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində işləyib. 1943-cü ildə "Kommunist" qəzetinə məsul katib təyin olunan Nəsir müəllim bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilən çoxsaylı məqalələrlə tez-tez çıxış edirdi.

1958-ci il yanvarın 10-da onun rəhbərliyilə nəşrə başlayan "Bakı" axşam qəzeti elə ilk gündən böyük oxucu auditoriyası qazandı və o zamanın mətbuat orqanları üçün bir növ səciyyəvi olmayan operativ və maraqlı xəbərləri, materialları ilə diqqət çəkdi. Çünki Nəsir müəllim ətrafına istedadlı, bacarıqlı qələm sahiblərini cəlb etmişdi. Bu səbəbdən də qısa zaman kəsiyində "Bakı" o dövrdə öndə gedən "Kommunist", "Bakinski raboçi", "Vışka", "Azərbaycan gəncləri" və digərləri ilə ayaqlaşaraq daha  öncül mövqeyə çıxdı, mətbuatımızda özünün əvəzsiz yerini təsdiqlədi. Beş il sonra, 1963-cü ildə isə rus dilində "Baku" qəzeti fəaliyyətə başladı və hər iki qəzet böyük populyarlıq qazandı. Təbii ki, bunda Nəsir müəllimin böyük rolu vardı.

Milli mətbuatımızın bu gün daha üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən professor Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. O, peşəyə sədaqət nəzəri fikrini jurnalist üçün prioritet hesab edirdi. "Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır". Onun vaxtilə söylədiyi bu sözlər indi də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.

BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli yazır: "Nəsir İmanquliyev son dərəcə milli ziyalı idi. Bu mənada onu XX əsrin əvvəlləri Azərbaycan milli intibahının nümayəndələri ilə müqayisə etmək olar. Tədris etdiyi fənləri H.Zərdabidən, C.Məmmədquluzadədən, Ö.F.Nemanzadədən gətirdiyi misallarla paralelləşdirib müasir günlərin milli ziyalı obrazını tamamlayırdı. Bədii ədəbiyyatın milli-mənəvi dəyərlərə bağlı nümunələrini "Bakı" qəzetində ləngitmədən dərc etdirirdi".

Nəsir müəllim ana dili, millilik, kimlik uğrunda mübarizəyə sanki yeni ruh gətirmişdi. Onun "Yeni yol" qəzetindəki fəaliyyəti bu mənada xüsusi vurğulanmalıdır. Dahi Üzeyir Hacıbəyli yazırdı: "Koroğlu" operasının anşlaqla keçməsində "Yeni yol" qəzetinin çox böyük xidmətləri olmuşdur. Görkəmli publisist Qulam Məmmədlinin, Nəsir İmanquliyevin zəhmətini isə heç nə ilə müqayisə etmək olmaz. "Yeni yol" qəzetinin xüsusi bülletenlərini hazırlayan Nəsir İmanquliyev o günlərdə çox böyük çətinliklərə qatlaşdı. Tamaşaçıları səfərbər etdi. "Koroğlu"ya qarşı olan hücumların, mənə olan təzyiqlərin qarşısını jurnalist məharətilə aldı".

Bu əqidəsinə həmişə sadiq qaldı, həqiqəti yazdı, doğrunu-dürüstü qələmə almaqdan çəkinmədi, öz məktəbinin yetirmələrinə də bunları təlqin etdi, Nəsir müəllim. Kimliyindən asılı olmayaraq sözü şax üzə deyər, günahı olan, səhv iş tutan əməkdaşını danlayar: "Get, başını aşağı sal, bir də belə iş görmə", - deyib tənbehini bitirərdi.

"Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir".

Akademik Nərgiz Paşayevanın söylədiyi bu fikir Nəsir İmanquliyevin insani keyfiyyətlərini bir daha aydın xarakterizə edir. Özünün də dediyi kimi, "beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitə" hesab edilən milli mətbuatımızın yorulmaz fədailərindən biri olan Nəsir müəllim yenilikçi-novator qəzetçi kimi də tarixdə iz qoydu. Xalqı ziyalandırmaq yolunda ömrünü şam kimi əridən jurnalist yazılarında məqsədli, aydın, rəvan bir tərzə üstünlük verdi, məktəb yaratdı. Nəsir müəllim bu gün doğmalarının nəcib əməllərində, yetirmələrinin, xeyirxahlıq etdiyi saysız-hesabsız insanların xoş xatirələrində yaşayır...

Zümrüd QURBANQIZI,

"Respublika".