Mərdlik və hünər dastanı
Digər xəbərlər

Mərdlik və hünər dastanı

Raqim Teymur oğlu Hadıyev İkinci Qarabağ müharibəsində odun-alovun içinə atılanda ömrünün 21-ci baharını yaşayırdı.

Bu Vətən sevdalısının ən böyük arzusu döyüş meydanında yağının başını əzib Vətən torpaqlarını azad görmək idi. Bu amalla könüllü müharibəyə gedir. 2020-ci il noyabrın 4-ü torpaq uğrunda can qoymaqla adını tarixə yazır. Şərəfli ölümü xalqına başucalığı olan qəhrəman şəhid Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın, Qubadlının azad olunmasına görə medallarına layiq görülür.

Raqim Hadıyev Lənkəran rayonunun Alazəpin kəndində orta məktəbi bitirəndə artıq doğma elində yaxşıların sırasında özünə yer etmişdi. Səmimi, saf, məğrur bir gənc kimi tanınırdı. Vətənin müqəddəsliyini hər şeydən əziz tutan Raqim əsgərlik borcunu cəbhə bölgəsində yerinə yetirir. mərdliyi, vətənpərvərliyi ilə əsgər yoldaşlarına nümunə olur. "Vətəni qorumaq, məqamı gələndə onun yolunda şəhid olmaq bir övlad kimi bizim şərəfli borcumuzdur" kəlmələri Raqimin dilindən düşmür. Nəhayət ki, İkinci Qarabağ müharibəsində ürəyində yaşatdığı bu müqəddəsliyin yolçusu olur. Şəhidlik zirvəsinə ucalır.

27 sentyabrda başlayan Vətən müharibəsində Raqim Hadıyev and içir ki, Qarabağın hər qarışı uğrunda son damla qanıma qədər düşmənlə vuruşaram. Cəsur döyüşçü Füzulidə, Cəbrayılda, Hadrutda döyüş meydanında erməni dığalarına qan uddurur. Qubadlı uğrunda gedən haqq savaşımızda da düşmənə sarsıdıcı zərbələr endirir, şəhidliyi isə torpağı Vətən edir.

 Lənkəran elinin igid, cəsur oğlu Raqim qısa, lakin qərinələrə bərabər olan bir ömür yaşadı. Vətən naminə şərəfli ölümü onu gələcək nəsillərə örnək olan qəhrəmanlıq zirvəsinə ucaltdı.

Z.ORUCOĞLU.