MƏNTƏQƏLƏRDƏ NORMAL ŞƏRAİT YARADILIB
Region

MƏNTƏQƏLƏRDƏ NORMAL ŞƏRAİT YARADILIB

Fevralın 7-də növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə əlaqədar ölkəmizin bütün ərazisində keçiriləcək. Ölkəmizin siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən seçkilərə respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da ciddi hazırlıq görülür.

Rayonda 79 saylı Astara və 80 saylı Lerik-Astara Dairə Seçki Komissiyalarının 69 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 63193 nəfərdir. Seçkilərin azad, demokratik, şəffaf keçirilməsi üçün məntəqələr hazır vəziyyətə gətirilib.

79 saylı Astara Dairə Seçki Komissiyasının katibi Gülhəsən Mirzəyev   görülən işlər barədə məlumat verərək dedi ki, seçki prosesinin tam şəffaf və demokratik keçməsi üçün bütün məntəqələr texniki vasitələrlə, fasiləsiz elektrik enerjisi, rabitə və metodiki vəsaitlərlə təmin olunub. Məntəqələrdə səsvermə kabinələri quraşdırılıb, dəqiqləşdirilmiş seçici siyahıları, məlumat lövhələri asılıb. Seçkiləri izləmək üçün 11 məntəqədə veb kamera quraşdırılıb. Yerli və xarici müşahidəçilər üçün yerlər ayrılıb. Dairə üzrə 48696 nəfər seçici qeydə alınıb. Seçki gününə kimi 18 yaşı tamam olan 121 nəfər ilk dəfə səsvermədə iştirak edəcəkdir.

Məntəqə sədrləri, katib və üzvlər üçün maarifləndirici treninqlərə start verilib. Treninqlərdə seçki komissiyalarının üzvlərinin vəzifələri, seçki günü proseduru, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə iştirakçılara metodik məlumat və tövsiyələr verilib, zəruri metodik və əyani vəsaitlər təqdim olunub.

Seçki günü Astarada 5410 nəfərin ilk  dəfə Konstitusiya hüququndan istifadə edib səsverməsi nəzərdə tutulub. Seçicilərdən 1192 nəfərin yaşı 80-100 arasındadır. Ərçivan qəsəbə sakini Məyrəm Diyarova və Şiyəkəran kənd sakini Cəbrayıl Nəhmətov ən yaşlı seçici kimi qeydə alınıb. Hər iksinin yaşı əsri ötüb. Söhbət zamanı 100 yaşlı Məyrəm nənə səhhətinin normal olduğunu, oğlu Abbasın ailəsi ilə bir yerdə xoşbəxt və firavan yaşadığını qeyd etdi. Fəxr, qürur hissi ilə seçkilərdə iştirak edəcəyini bildirdi.

Ərçivan qəsəbəsindəki 31 saylı seçki məntəqəsi 2 saylı tam orta məktəbin binasında yerləşir. Məntəqənin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün yerlər ayrılıb, prezidentliyə namizədlərin tanıtma lövhəsi asılıb. Məntəqə seçki komissiyasının sədri Ceyhun Baxşıyev 1474 nəfər seçicinin sərbəst  şəkildə səs verməsi  üçün lazımi şəraitin yaradıldığını, məntəqənin tam hazır vəziyyətdə olduğunu qeyd etdi.

Səlimə Nəsirova 20 illik seçki təcrübəsinə malikdir. Astara şəhərindəki 5 saylı seçki məntəqəsinin sədridir. Seçkilərə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verərək dedi: "Məntəqə elektrik, rabitə və digər xidmətlərlə, səsvermə kabinələri, şəffaf seçki qutuları, texniki vasitə və əyani vəsaitlərlə təchiz olunub. Müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Dəqiqləşdirilmiş siyahı üzrə 1455 nəfər seçici qeydə alınıb. İlk dəfə səs verəcək gənclər 20 nəfərdir. Seçki komissiyasının üzvləri treninqlərdə fəal iştirak edib, vəzifələrini gözəl bilirlər. Seçicilərin  azad, demokratik şəraitdə seçimlərini etməsi üçün məntəqədə hər cür şərait vardır".

79 saylı Astara Seçki Dairəsində və seçki məntəqələrində həyata keçirilən tədbirlər, görülmüş işlər növbədənkənar prezident seçkilərinin demokratik, şəffaf, obyektiv keçəcəyinə əminlik yaradır.

Əlisəfa Həsənov,

"Respublika".