Region

"Heydər Əliyev İli"

Xocavənd

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Xocavənd rayon təşkilatında "Əsrin müqaviləsi" tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dünyada böyük əks-səda yaradan "Əsrin müqaviləsi" adlanan neft kontraktları imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Tədbirdə YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək diqqətə çatdırıblar ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və müstəqilliyimizin qorunmasında qüdrətli şəxsiyyətin xidmətləri uğurlarımızın əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Ağdam

Tənəzzülü tərəqqiyə, əfsanəni həqiqətə çevirən ulu öndər Heydər Əliyev böyük məhəbbətlə sevdiyi Azərbaycanı dirçəliş və inkişaf yoluna çıxardı. 1994-cü il sentyabrın 24-də imzalanan "Əsrin müqaviləsi" ilə müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu fikirlər Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində keçirilən "Əsrin müqaviləsi" tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda dəyirmi masada səsləndirilib.

Dəyirmi masada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər çıxış edənlər vurğulayıblar ki, görkəmli siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın ən məşhur neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ölkəmizdə yeni neft strategiyasının əsası qoyulub. Əsrin müqaviləsindən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional deyil, qlobal bir məsələyə çevrilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursuna sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyevin zəngin siyasi təcrübəsi və fədakarlığı sayəsində dövlət müstəqilliyimiz daha da möhkəmləndirilir, Azərbaycan dünyada güclü iqtisadiyyata malik qüdrətli ölkə kimi tanınır. Vətən müharibəsində qazanılmış şanlı Qələbə məhz bu uğurlu siyasətin bariz nümunəsidir.

Salman ALIOĞLU,

"Respublika".