MƏNTƏQƏLƏR ÖZ SEÇİCİLƏRİNİ GÖZLƏYİR
Region

MƏNTƏQƏLƏR ÖZ SEÇİCİLƏRİNİ GÖZLƏYİR

Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Bu növbədənkənar prezident seçkiləri beynəlxalq aləmdə böyük əks-səda doğurub. Belə ki, ölkəmiz az müddət ərzində dünyada böyük nüfuz qazanmış, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Azərbaycanın əməkdaşlıq imkanları günü-gündən daha da genişlənir.

Tam əminliklə demək olar ki, qədirbilən xalqımız qarşıdan gələn prezident seçkilərində azad, ədalətli, şəffaf və obyektiv seçki keçirmə ənənəsinə sadiqliyini bir daha nümayiş etdirəcəkdir.

Qeyd edək ki, artıq ölkəmizdə seçkinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Gəncə şəhəri indiyədək respublika üzrə keçirilən bütün seçkilərdə mütəşəkkilliyi ilə fərqlənib. Gəncə sakinləri bu günə qədər bütün ictimai-siyasi kompaniyalarda fəal iştirak ediblər. Fevralın 7-də növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ sənədlərinə uyğun olaraq, Gəncədə 38, 39, 40 və 41 saylı seçki dairələrində təmin olunacaq. Gəncə şəhəri 38 saylı Gəncə birinci seçki dairəsində komissiya öz işini normativ sənədlərə uyğun qurub.

Dairə komissiyasının sədri İbrahim Cəfərov Nizami yurdunun seçicilərinin seçkidə həmişəki kimi yüksək əhvali-ruhiyyə, mütəşəkil şəkildə iştirak edəcəyini vurğulayaraq qeyd etdi ki, artıq Azərbaycan cəmiyyətində özünəməxsus demokratik seçki ənənələri formalaşıb və bu ənənələr hər şeydən əvvəl insan hüquq və azadlıqları, eyni zamanda seçki hüququna əsaslanır. Azərbaycan seçici fəallığı baxımından bir sıra Qərb ölkələrindən irəlidədir. Ölkəmizdə seçki mühitindən danışdıqda ilk növbədə, demokratik seçkilərin keçirilməsini təmin edəcək ictimai-siyasi sabitliyi xüsusi qeyd etmək lazımdır. İstənilən cəmiyyətdə sabitlik hər şeydən əvvəl, hüquqi mexanizmlərin lazımi səviyyədə işləməsini təmin edən vasitə kimi çıxış edir. Bundan sonra siyasi sistemin demokratik institutlarının funksionallığı məsələsidir ki, bu da ölkəmizdə mövcuddur. Burada önə çıxan əsas institut isə ölkənin siyasi sisteminin lokomotivi hesab olunan siyasi partiyaların seçki kampaniyasına qoşulmasıdır. Bu demokratik seçkiyə xeyli sayda partiya qoşulub. Seçkini müşahidə etmək üçün çoxsaylı beynəlxalq və yerli nümayəndələr iştirak edir. Bütün bunlar seçkiqabağı demokratik mühitin təmin olunmasının göstəriciləri hesab edilməlidir. Ona görə də seçki mühitini olduqca müsbət qiymətləndirmək olar. Sonra məlumat verərək bildirdi ki, dairə üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir və 52300 nəfər seçicisi vardır. Onlardan 86 nəfəri ilk dəfə səs verəcəkdir. 80-100 yaşlı nəslin nümayəndəsi 812 nəfərdir. Seçkini 400 nəfər müşahidəçi izləyəcəkdir. Ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün bütün məntəqələrdə münbit şərait yaradılmış, 13 məntəqəyə veb-kamera quraşdırılmışdır. Məntəqə lazım olan avadanlıqlarla təmin olunmuş, məntəqə sədrləri və üzvlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar və maarifləndirmə tədbirləri (treyninqlər) həyata keçirilmişdir.

Gəncə şəhəri 39 saylı Gəncə ikinci seçki dairəsində seçicilərin normal şəraitdə öz iradələrini ifadə etmələri, istədikləri namizədlərə azad və şəffaf şəraitdə öz səslərini vermələri üçün hər cür şərait yaradılmışdır.

Dairə komissiyasının sədri Zakir Hüseynov bildirdi ki, dairədə 36 məntəqə fəaliyyət göstərir, 50132 nəfər seçici səs verəcəkdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələrinə telefon xətləri çəkilib. Həmçinin seçki məntəqələri müasir texniki avadanlıqlarla təmin edilib. Yaranacaq hər hansı hadisəyə qarşı öncədən tədbirlər görülüb. Belə ki, bütün seçki məntəqələri generatorlarla, müxtəlif texniki avadanlıqlarla tam təmin edilib. Seçkilərdə şəffaflıq məqsədilə seçki dairəsinin 11 seçki məntəqəsində səsvermə prosesinin birbaşa izlənməsi üçün veb-kameralar quraşdırılıb. İlk dəfə səs verən 1309 nəfər gəncə seçki hüququ ilə bağlı mühazirələr oxunub, maariflənmə tədbirləri keçirilib. Bütün daimi seçki məntəqələri üzrə maarifləndirmə işləri yerinə yetirilib, məntəqələrə təlimatlar, yaddaş kitabçaları paylanılıb, təşviqat vasitələrində seçkilərin keçirilməsinə dair zəruri məlumatlar öz əksini tapıb. İnanırıq ki, seçki günü seçicilər yüksək mütəşəkkillik nümayiş etdirəcək, öz layiqli namizədinə səs verəcəklər.

40 saylı Gəncə üçüncü seçki dairəsinin sədri Elbar Əhmədovun verdiyi məlumata görə, dairə üzrə fəaliyyət göstərən 37 seçki məntəqəsində 51100 nəfər seçici vardır ki, onlardan 3128 nəfəri ilk dəfə səs verən gənclər, 993-nəfər 80-100 yaşında olan seçicilərdir. Seçkinin şəffaflığı üçün 10 məntəqəyə veb-kamera quraşdırılıb, bütün məntəqələrdə seçicilərin rahat səs verməsi üçün tam şərait yaradılıb. 300 nəfər müşahidəçi qeydiyyata alınıb.

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin sədri Nizami Hacıyev bildirdi ki, respublikamızda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza vardır. Demokratik, azad seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir. Bu baxımdan, tam əminliklə demək olar ki, qarşıdan gələn seçkilər də obyektiv, şəffaf və demokratik şəraitdə keçiriləcək. Dairə üzrə fəaliyyət göstərən 47 seçki məntəqəsində 50601 seçici var. Onlardan 2674 nəfəri ilk dəfə səs verən gənclərdir. 80-100 yaşlı seçicilər isə 889 nəfərdir. Bütün məntəqələrdə seçkilərin mütəşəkkil keçirilməsi üçün maksimum şərait var. Şəffaflığın təminatı üçün 8 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki dairəsi üzrə namizədlərin təbliğat-təşviqat materialları lövhələrdə yerləşdirilib. Seçki günü məntəqələrin fasiləsiz elektrik enerjisi ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülüb. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə başa çatdırmaq üçün bütün imkanlar səfərbər edilib.

Görülən tədbirlər onu göstərir ki, Gəncə şəhəri öz ənənəsinə sadiq qalaraq seçkini yüksək mütəşəkkilliklə, böyük əhvali-ruhiyə ilə keçirəcəkdir.

Zabit XƏLİLOV

"Respublika".