MELİORATİV TƏDBİRLƏR BOLLUĞA ZƏMİN YARADIR
Region

MELİORATİV TƏDBİRLƏR BOLLUĞA ZƏMİN YARADIR

QAZAX

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Qazaxda son illər bütün sahələrdə dinamik inkişaf müşahidə olunur. Rayon iqtisadiyyatının formalaşmasında aqrar sahə mühüm əhəmiyyət kəsb edir. Burada əkinəyararlı torpaqlardan maksimum dərəcədə istifadə edilir. Dövlətin kənd təsərrüfatının inkişafı üçün yaratdığı hərtərəfli şərait, eləcə də rayon səviyyəsində fermerlərə göstərilən köməklik, eyni zamanda qazaxlıların torpağa bağlılığı ilbəil kənd təsərrüfatı məhsulları istehsalının həcmində artıma səbəb olur.

Rayonda aparılan meliorativ tədbirlərin hazırkı durumu ilə bağlı Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla həmsöhbət olduq. O bildirdi ki, ölkəmizdə əsasən isti havalar üstünlük təşkil edir. Qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etmək başlıca şərtdir. Bu baxımdan, melioratorların üzərinə böyük məsuliyyət düşür, təxirəsalınmaz meliorativ tədbirlər həyata keçirilir.

İdarə 18911 hektar pay torpaqları və həyətyanı sahələri suvarma suyu ilə təmin edir. Əsasən altı mənbədən - Ağstafaçay, Coğazçay, İncəsu çay su anbarları, Kür, Xram çayları və subartezian quyularından istifadə olunur. İdarənin balansında olan 214 ədəd subartezian quyuları hazırda işlək vəziyyətdədir. Melioratorlar 921,1 kilometr arx və kanallara, qapalı suvarma şəbəkələrinə xidmət göstərirlər. Mövcud su kanallarının 485,6 kilometr açıq kanal, o cümlədən 67,9 kilometr beton üzlüklü, 417,7 kilometr torpaq kanallar vasitəsilə əkin sahələrinə su verilir. Su mənbələrindən suyun sahələrə ötürülməsi üçün 20 nasos stansiya fəaliyyət göstərir. Nasoslardan 4 ədəd Coğazçay su anbarı üzərində, 1 ədəd İncəsu çay anbarında, 3 ədəd Ağstafaçay su anbarında, 1 ədəd Xram, 11 ədəd Kür çayları üzərindədir.

Suyun mənzilbaşına itkisiz və tez çatdırılması üçün 2023-cü ilin ikinci yarımilində 348 kilometr uzunluğunda arx və kanallarda lil, eyni zamanda 35 min kubmetr çay məcralarında təmizləmə işləri həyata keçirilmişdir.

40 ədəd hidrotexniki qurğu, 5 mülki və istehsalat binası, 3 hidrometrik post, 9 ədəd nasos stansiyası, 91 ədəd subartezian quyuları və 5 kilometr beton kanallarda cari təmir işləri aparılmışdır. Bundan başqa, torpaq məcralı Dəmirçilər arxının 1,1 kilometrlik hissəsində və 3 ədəd subartezian quyusunda əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda investisiya hesabına İncəsu çay su anbarında su təminatını yaxşılaşdırmaq üçün mənbəyini Kür çayından götürən Qaymaqlı-Kəmərli nasos stansiyasında 2 aqreqatlı 5-ci pillə nasos quraşdırılmış, 4,1 kilometr uzunluğunda d=630 diametrli təzyiqli boru xətti çəkilmişdir ki, yay aylarında quraqlıq zamanı adıçəkilən su anbarı su ilə qidalandırılsın.

Məhəd Vəkilov bir məsələni də bildirdi ki, dövlət başçısı İlham Əliyevin meliorasiya sahəsinə göstərdiyi qayğıdan Qazax melioratorları da bəhrələnmişlər. 2023-cü ildə rayon ərazisində 9 ədəd subartezian quyusu qazılaraq istismara verilmiş, quyular idarənin balansına götürülmüşdür. İdarə rəisi Ulu Öndər Heydər Əliyevin meliorasiyanı daim diqqətdə saxladığını da xüsusilə vurğuladı. Bu gün Ulu Öndərin təşəbbüsü ilə qurulan su anbarlarından bəhrələnirik.

Respublikanın Qərb bölgəsində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında ümumilikdə 54 min hektar əkinəyararlı torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün tutumu 120 milyon kubmetr olan Ağstafa çay su anbarının tikintisi başa çatdırıldıqdan sonra bu strateji əhəmiyyətə malik olan obyektin açılışı 1971-ci ildə Ulu Öndər tərəfindən reallaşmışdır.

Bununla yanaşı, 1985-ci ildə tutumu 20 milyon kubmetr olan Coğazçay və tutumu 2,6 milyon kubmetr olan İncəsu çay anbarları istifadəyə verilmiş, beləliklə, Qazaxın suvarma suyu ilə təminatında mövcud problemlər bir qədər aradan qaldırılmışdır. Anbarlar vasitəsilə 3 min hektar ərazinin suvarma suyu ilə təminatı ödənilir.

Cari təsərrüfat ilinin məhsulu üçün Qazaxda 6 min hektardan artıq payızlıq taxıl səpini aparılmış, sahələrdə səp-suvar (səpin suvarılması) mərhələsi 98 faiz yerinə yetirilmişdir. Mütəxəssislər bu il anbarlara kifayət qədər su toplanacağını proqnozlaşdırırlar. Çünki ötən dövr ərzində yağıntının miqdarı iqlim normasına uyğun olmuş, dağlara kifayət qədər qar yağmışdır. Rayon ərazisində 6 SİB (sudan istifadə birlikləri) fəaliyyət göstərir. SİB-lər idarə ilə bağlanan müqavilənin şərtlərinə uyğun olaraq əhalinin su ilə təmin olunmasına nəzarət edir. Aparılan düzgün meliorativ tədbirlər nəticəsində Qazaxda bol məhsulun əldə olunacağı gözlənilir.

Vəli VƏLİYEV,

"Respublika".