“Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar
Elm və təhsil

“Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar" mövzusunda müzakirələr aparılıb

Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Təhsilə ictimai baxış" silsiləsindən növbəti müzakirə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə "Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar" mövzusunda müzakirələr aparılıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi məktəb-valideyn tərəfdaşlığı ilə bağlı mövcud vəziyyəti öyrənmək, bu tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi istiqamətində maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, beləliklə, məktəb-valideyn tərəfdaşlığı modelinin yeni formalarını hazırlamaqdır.

Müzakirədə çıxış edən təhsil naziri Emin Əmrullayev təhsildə ictimai məsuliyyətin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, problemlərin müəyyən edilməsi ilə yanaşı, onların həll yollarının müzakirəsi də önəmlidir.

Nazir qeyd edib ki, Azərbaycanın təhsil siyasətinin mərkəzində uşaqlar dayanır və şagirdlərə yönəlik siyasətin həyata keçirilməsi daha vacibdir. Valideynlərin məktəbin idarə olunmasında iştirakının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, nazirlik cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır. Səmərəlilik üçün müzakirələrin çərçivəsi olmalı, cəmiyyəti narahat edən məqamlara diqqət edilməlidir. Azərbaycanda 4 min 400-dən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə xalqımızın gələcəyi olan uşaqlar təhsil alırlar. Onların bugünkü təhsili, tərbiyəsi Azərbaycanın 20-30 il sonrakı reallığıdır. Məktəblər Azərbaycan dövlətinindir, Azərbaycan ictimaiyyətinindir, müəllimlərindir, valideynlərindir, ən əsası şagirdlərindir. Çünki məktəbin mahiyyəti və mənası orada təhsil alan uşaqlar üçündür.

Məktəb nüfuzunun yeni modelinin yaradılmasının, ümumi təhsil müəssisələrində ictimai nəzarət mexanizminin vacibliyini qeyd edən təhsil naziri maarifləndirmənin də düzgün aparılmasının önəmini ifadə edib.

Müzakirələr zamanı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Gülməmməd Məmmədov "Azərbaycanda məktəb-valideyn tərəfdaşlığının real vəziyyəti və ictimai rəy" mövzusunda danışıb. O, Şura və "T-Network" tərəfindən 13 min 580 valideyn arasında aparılan sorğunun nəticələrini təqdim edib.

Tədbirdə Türkiyənin TED Universitetinin təhsil fakültəsinin dekanı Yüksel Kavak öz ölkəsinin təcrübəsi barədə təqdimatla çıxış edib. Türkiyənin məktəb-valideyn tərəfdaşlığı modelini müzakirə iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, bu sahədə bütün ölkələrin təcrübəsinin paylaşılması faydalıdır. Azərbaycan və Türkiyənin təcrübələrinin paylaşılması isə daha dəyərlidir.

Çıxış edən digər qonaqlar mövzu ilə bağlı onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar.

"Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar" mövzusuna həsr olunan müzakirədə Təhsil Nazirliyinin nümayəndələri, İctimai Şuranın üzvləri, Milli Məclisin deputatları, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, o cümlədən QHT təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, "Təhsilə ictimai baxış" silsilə müzakirələrin məqsədi bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.

AZƏRTAC