Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi diqqət mərkəzindədir
Digər xəbərlər

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi diqqət mərkəzindədir

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən ixtisaslaşmış və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

Məhkəmə Hüquq Şurasından AZƏRTAC-a verilən məlumata görə, görüşdə İnam Kərimov çıxışında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatları diqqətə çatdırıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Bildirilib ki, yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası artıq qısa müddətdə müxtəlif istiqamətlərdə, o cümlədən hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə konkret hədəflər müəyyənləşdirilib.

Eyni zamanda, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyi, vətəndaşlarda haqlı narazılıq doğuran mənfi hallar üzrə təsir tədbirlərinin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılıb. Məhkəmələrdə şəffaflığın təmin olunması ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Görüşdə, həmçinin digər mövzular ətrafında müzakirələr aparılıb.