Media sahəsində islahatların yeni hədəfləri müəyyənləşdirildi
Digər xəbərlər

Media sahəsində islahatların yeni hədəfləri müəyyənləşdirildi

"Təbii ki, beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Amma eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış mərasimində bildirib.

Dünyanın müxtəlif ölkələrinin təmsilçilərinin toplaşdığı bu tədbirdə əslində bütünlükdə jurnalistikanın problemləri də müzakirə olunurdu. "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu iyulun 22-də öz işini sessiyalarla davam etdirib. Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən Forumun ikinci gününün birinci sessiyasında əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mediasının keçdiyi şərəfli yoldan danışmışdır.

Beynəlxalq xəbər aparıcısı, jurnalist Maria Ramosun moderatorluğu ilə keçirilən "Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu" adlı sessiyada medianın gələcəyi, ənənəvi media üçün növbəti addımlar, rəqəmsal transformasiya məsələsi diqqət mərkəzində olub.

"Global Policy" İnstitutunun prezidenti Paolo von Schirach çıxışında müasir dövrdə texnologiyada baş verən yeniliklərin, xəbərlərin hazırlanmasına mənfi təsirlərdən danışıb. Diqqətə çatdırıb ki, texnologiya sahəsindəki inkişaf media qarşısında da yeni çağırışlar yaradır. Bir qrup təşkilatların yalan informasiyaları insanların xəbərlərə olan inamını itirib. "Forward Thinking" şirkətinin həmtəsisçisi və direktoru Oliver Makternan isə belə qeyd edib: "Xəbərləri əyləncəli təqdim etmək onun əhəmiyyətini itirir. Demək olar ki, xəbərlərdə dəqiqlik yoxdur. Biz bunu daha çox sosial mediada müşahidə edirik. Sosial media sahəsində problem ondan ibarətdir ki, biz xəstə təfəkkürlü insanların əlinə silah vermişik".

"Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov isə deyilənlərin əksinə informasiyaları əyləncəli təqdim etməyin onların əhəmiyyətini itirmədiyini, bu xəbərləri yaradan səbəblərin aktuallığını itirdiyini deyib: "Xəbərlər elə hazırlanmalıdır ki, içərisində əyləncə də olsun".

Forumun ikinci sessiyası "Mediada investisiya və istehlak tendensiyaları" mövzusuna həsr edilib. Sessiyada çıxış edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman peşəkar, klassik jurnalistikanı sosial və internet medialarından ayıraraq deyib: "Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır". O, daha sonra xəbər jurnalistləri barədə danışaraq bildirib ki, onlar üçün yalnız bir qayda mövcuddur - aydın, "zəhərlənməmiş", düzgün məlumat.

Zənnimizcə, məsələnin mahiyyətində də elə bu dayanır: qərəzsiz, obyektiv, operativ xəbərlər. Dünyanın harasında olur-olsun jurnalist həkim kimi "Hippokrat andı" içməsə də, tələb olunan bu amillərə sadiq qalmalıdır. Jurnalistikaya qiymət verənlər həmişə onun müstəqilliyini ön plana çəkiblər. Biliblər ki, azad, müstəqil mətbuat, xüsusilə xalqa arxalanan mətbuat "jurnalistin düşündüyünü deyil, cəmiyyətə lazım olan materialları ona təqdim edir".

Demokratik cəmiyyətin formalaşmasına, ictimai rəyə göstərdiyi təsir gücünə görə kütləvi informasiya "dördüncü hakimiyyət" statusunu qazanmışdır. Lakin indi dünyamızda çox şey dəyişib, o cümlədən mətbu orqanlarının sayı artıb, elektron media fəaliyyət göstərir, internet həyatımızın bir parçasına çevrilib və s. Bu gün Azərbaycan Cənubi Qafqazda, MDB məkanında KİV-lərin kəmiyyət və keyfiyyəti baxımından öncül yerlərdən birini tutur. Prezident İlham Əliyev Media Forumunda bu məsələyə toxunaraq deyib: "...mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq... Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir".

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan mediası informasiya savaşını davam etdirir, ölkəmizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verir. Məhz bunun nəticəsidir ki, bütün iftira, yalan, böhtanlara baxmayaraq, Azərbaycanın səsi, sözü eşidilir.

Düşünürük ki, Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər, edilən çağırışlar, verilən mesajlar jurnalistikanın adına ləkə gətirən mətbu orqanlarına bir dərs olacaq. Forumda dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları da müzakirə edilib, fikir mübadiləsi aparılıb. Çıxış edənlər auditoriyanın nəzərə alınmasının vacibliyini vurğulayıb, oxucular, izləyicilər qarşısında reallığın onlara çatdırılmasının əsas məqsəd olduğunu, hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların çatdırılmasının həm də əsas vəzifə sayıldığını qeyd ediblər.

Yeni nəslin daha qərəzsiz mediaya ehtiyacının olduğunu söyləyən T.Berdzeneşvili vurğulayıb: "Rəqəmsal dünyada bizim vəzifəmiz bu imkanları ictimaiyyətə təqdim etməkdir. Biz bilmirik ki, gələcək necə olacaq. Buna görə də çağırışlara çevik reaksiya verməliyik. Biz, həmçinin təkcə xəbərlərə fokuslanmamalı, ictimaiyyətin istəyini də nəzərə alaraq iş görməliyik".

Şuşa Qlobal Media Forumunda müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması istiqamətində fikir mübadiləsi aparılıb. Dövlət başçısı çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini müəyyən etmiş oldu. Bu sahədə islahatların uğurla həyata keçirilməsinə isə hər bir media nümayəndəsi öz töhfəsini verməlidir.

Zümrüd QURBANQIZI,

"Respublika".