Digər xəbərlər

"ZƏFƏR" ORDENLİ QƏHRƏMAN

44 günlük Vətən müharibəsi xalqımızın neçə-neçə igid, qəhrəman oğullarını bizə tanıtdırdı, sevdirdi. Şuşa uğrunda döyüşlərdən söz düşəndə əsl hərbçilərə məxsus boylu-buxunlu, qartal baxışlı, üz-gözündən nur yağan "Zəfər" ordenli mərd, igid zabit Zaur Rəhimovun obrazı göz önündə canlanır.

Zaur 1982-ci il iyun ayının 6-da Lerik rayonunun Veri-Əliabad kəndində zəhmətkeş Şirinbəy kişinin ailəsində dünyaya göz açıb.

2000-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. Əsgəri borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Daxili Qoşunların tərkibində ayrı-ayrı hərbi hissələrdə taqım, bölük, xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri vəzifələrində işləyib. Qardaş Türkiyə Respublikasında komando kurslarında təlim keçib.

2016-cı ilin fevral ayından Daxili Qoşunların "Pələng" xüsusi təyinatlı dəstəsinin komandiri vəzifəsinə irəli çəkilib. Hazırda Daxili Qoşunların "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstənin komandiri, polkovnik-leytenantdır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Zaur Şirinbəy oğlu Rəhimov "Zəfər" ordeni, "Hərbi xidmətlərə görə" , "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illik yubiley, 1-ci, 2-ci, 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.

Zaur Rəhimov 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində ilk döyüş tapşırığını alıb. Murov istiqamətində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısını almaq üçün cəbhə xəttinə yollanıb. Rəhbərlik etdiyi tabor düşmənin atəş mövqelərini susdurub və onu geri çəkilməyə məcbur edib. Zaur bu döyüşdə ağır yaralanıb.

Lakin Zaur müalicə prosesini sonacan gözləyə bilmir, təcili cəbhəyə getmək istəyir. Həkimlər onunla razılaşmasalar da, müalicəsini yarımçıq qoyub Cəbrayıl istiqamətində döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli, Qubadlının kəndlərinin, Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunmasında, strateji əhəmiyyətli yüksəkliklərin alınmasında böyük şücaət göstərib. Ermənilərin Hadrutdakı hərbi hissəsini ələ keçirib düşmənin xeyli silah-sursatını, texnikasını götürüblər.

Növbəti hədəf Şuşa və Laçın istiqamətindəki yüksəkliklərdən düşməni təmizləmək, irəli getmək idi. Bu istiqamətdə hərbi əməliyyatların uğurla həyata keçirilməsində Zaur Rəhimovun rəhbərlik etdiyi taborun böyük xidmətləri olub.

Oktyabrın 30-da tabora Şuşaya hücum etmək barədə tapşırıq verilib. Xüsusi təyinatlılar Çanaqçı istiqamətindən Şuşaya doğru irəliləməyə başlayıb. Düşmən bunu gözləmirdi. Odur ki, ermənilər əsas qüvvələrini Laçın dəhlizi və Qırmızı Bazar istiqamətlərində cəmləşdirmişdi. Zaur Rəhimov o qələbə müjdəli tarixi günləri belə xatırlayır:

- Bizim tabor düşmənin gözləmədiyi istiqamətdən Laçın dəhlizinə daxil oldu. Ermənilər üç tərəfdən bizi atəşə tutdular. Gecə saatlarında düşməni geri otuzdurub yolu tamamilə bağladıq. Noyabrın 5-də ermənilər Xankəndidən gələn yolun üstündəki yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı mövqelərindən minaatanlarla bizə atəş açdılar. Taborumuzun cəmi bir zərbə dronu qalmışdı. Onu havaya qaldırıb ermənilərin atəş nöqtəsini susdurduq. Sonra şəxsi heyət düşmənin hava hücumuna qarşı mübarizə aparan iki "Şilka"sını da məhv etdi. Bundan sonra illərlə həsrətlə, intizarla gözlədiyimiz Şuşaya daxil olduq.

Gecə saatlarında taborumuza əmr olundu ki, düşmən Xankəndi istiqamətindən tanklarla gəlir, yolu bağlamaq lazımdır. Düşmənin 5 tankı yaxınlığımıza çatdı, onlardan üçü Xankəndi yoluna döndü, ikisi isə düz üstümüzə gəldi. Məqsədləri Şuşa şəhərinə daxil olmaq idi. Tankların ardınca 70-ə yaxın erməni hərbçisi hücuma keçdi. Aramızda 150-200 metr məsafə var idi. Pulemyotla düşmənin canlı qüvvəsini biçməyə başladıq. Ermənilər snayperlə atəş açanda ayağımdan yaralandım. Buna əhəmiyyət verməyib döyüşü davam etdirdik, mövqeyimizi qoruyub saxladıq və düşmən geri çəkilməli oldu.

 Noyabrın 6-dan xüsusi təyinatlılar Şuşa şəhərini düşməndən təmizləməyə başladı. Düşmənin kifayət qədər texnikası, iriçaplı silahları olsa da mübariz, cəngavər, qəhrəman əsgər və zabitlərimizin qarşısında gücsüz və aciz idilər. Əsgərlərimiz avtomatla tanklara atəş açır, əlisilahlı düşmənlə əlbəyaxa döyüşürdü. Yaralı əsgərlərimiz yaralarını sarıyıb yenidən düşmənin üstünə gedirdilər. Ermənilər bizimlə üzbəüz döyüşməyə cəsarət etmirdilər, qorxudan silahlarını, tanklarını qoyub qaçırdılar. Şəxsi heyətdə böyük ruh yüksəkliyi var idi. Axı, biz bu günü çoxdan gözləyirdik. Noyabrın 7-də tanklarımız Şuşaya daxil oldu, noyabrın 8-də Şuşa işğaldan azad edildi. Şuşada qazanılan möhtəşəm qələbə müharibənin taleyini həll etdi. Düşmən məcbur olub öz biabırçı məğlubiyyətinə imza qoydu.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Şuşada keçirdiyi əməliyyat dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb, - deyə polkovnik-leytenant Zaur Rəhimov bildirir. Bəli, cənab Prezidentin dediyi kimi, "Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq".

Əlisəfa HƏSƏNOV,

"Respublika".