Makronun simasında Fransa fiaskosu
Siyasət

Makronun simasında Fransa fiaskosu

Həm beynəlxalq aləmdə, həm də Fransa daxilində Emmanuel Makronun əvvəlki tək dəstəyi yoxdur. Bu da sözsüz ki, Makronun xarici və daxili siyasətdə uğursuz addımları ilə əlaqəlidir.

Sərsəm fikirləri və uğursuz çıxışları ilə Prezidenti olduğu ölkənin nüfuzunu zəiflədən Makronun kim olduğu və hansı mövqedən çıxış etdiyi Azərbaycana çoxdan bəllidir. Fransanın ədalətdən və beynəlxalq hüquqdan uzaq mövqeyi haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı danışıb. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Dövlətimizin başçısı Fransanın Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinin məruz qaldığı vandalizmə və bu çirkin hadisədən sonra Fransa hökumətinin səssiz qalmasına xüsusi diqqət yetirib. Ölkəmiz suverenliyini bərpa etdikdən sonra Fransanın qərəzli münasibətə başlamasına səbəb isə Cənubi Qafqaz regionunda Azərbaycanın zamanla yüksəlməsidir. Bununla yanaşı, Qoşulmama Hərəkatının lideri kimi Azərbaycanın təşəbbüsü və bizim dəstəyimizlə dünya miqyasına çıxarılan “Neomüstəmləkəçiliyə qarşı mübarizə” hərəkatı Makronun ağlını başından çıxarır. Onun simasında Fransanın fiaskosu ölkənin siyasi gerçəkliyindəki iflas məqamlarını əks etdirir. Cəsarəti, prinsipiallığı, qətiyyəti olmayan şəxslərin köhnə qitə ölkələrinə rəhbərlik etməsi, onların dünya siyasətində lider kimi qəbul olunan nüfuzlu siyasətçilərdən çəkinmələri, üçüncü ölkələrin müdrik və çevik rəhbərlərinə qarşı qısqanclıq göstərmələri də Makronun timsalında özünü aşkar büruzə verir.

Postsovet məkanında güc əldə etmək məqsədilə Ukraynaya çoxsaylı vədlər verərək onu çıxılmaz fəlakətə sürükləyənlərdən biri də Fransadır. İndi həmin öhdəliklərin reallaşmaması Makronun nüfuzunu yerə salıb.

Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı döyüşmək üçün NATO-ya üzv ölkələrin Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı açıqlama verərək, uğursuz addımlarından birini atdı.

İndi isə NATO-nun tarixinə ən ciddi təşəbbüs kimi düşə biləcək təkliflə ABŞ deyil, heç kimin gözləmədiyi halda, Fransa çıxış edib. Bu təşəbbüs Rusiyanın Ukraynada qələbə əldə edərək özünün təsir dairəsini genişləndirmək istəyinin qarşısını almağa yönəlib. Prezident Makron açıq mətnlə bəyan edib ki, Fransa Rusiyanın Ukrayna üzərində qalib gəlməsinə imkan verməyəcək. O, Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya ordu göndərməkdən çəkinməyəcəyini bəyan edib.

Lakin çox keçmədi ki, Ukraynaya yardım vədinin arxasından sakitcə qaçan Makron bu ölkəyə səfərini təxirə saldı. Bu, onun öz imkanlarını düzgün qiymətləndirə bilməməsinin nəticəsi, qətiyyətsizliyinin və qorxaqlığının aşkar göstəricisidir. Bütün bunlar indiki mürəkkəb şəraitdə Fransa kimi böyük bir dövlətə kifayət qədər yetkin olmayan, şəxsi maraq və istəklərini ölkənin, xalqın mənafeyindən üstün tutan, avantüralara asanlıqla uyan birisinin naşı rəhbərliyinin nəticəsidir. Makron qlobal miqyaslı yalançı, siyasi fitnəkardır.

Aiza ŞABANOVA,

“Respublika”.