LAÇIN-yaşı bir əsri haqlayan şəhərin yeni növrağı
Region

LAÇIN-yaşı bir əsri haqlayan şəhərin yeni növrağı

30 ildən sonra ilk ezamiyyət

Rahat və müasir yollar indi Şərqi Zəngəzurdan keçir, torpaqlarımız işğalçılardan azad ediləndən sonra çəkilən yeni yollar bölgənin döyünən nəbzinə çevrilir, şütüyən maşınların ardı-arası kəsilmir. Bu yol bizi Laçına aparır. Redaksiya əməkdaşlarının 30 ildən sonra Laçına ilk ezamiyyəti olduğu üçün yolboyu çoxlu şəkillər çəkir, hər tərəfə diqqətlə baxırdıq. Qızılı payız bu yerlərə özgə bir gözəllik gətirib, artıq dağların zirvəsinə qırov düşür, təpələrə, dərələrə örpək kimi sarılan duman elə bil gələn qonaqlara bələdçilik edir. Buz kimi soyuq, ancaq şəfalı hava adama bir rahatlıq gətirir, göz işlədikcə ana təbiətin yaratdığı, düşmənin isə yaraladığı yerlərə baxırıq. Ermənilərin törətdiyi vəhşilik adamı dəhşətə salır, mənfur düşmən işğal illərində bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizə sağalmaz yaralar vurub.

Otuz ilə yaxın torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən daşı-daş üstündə qoymayıb. Araşdırmalar nəticəsində məlum olub ki, ermənilərin 30 ilə yaxın bir müddətdə törətdiyi ekoloji terror nəticəsində onminlərlə hektar meşə sahəsi talan olunub, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirilib, 100-dən çox təbiət abidəsi məqsədli şəkildə məhv edilib. Buna baxmayaraq, təbiətin min bir rəngi adamı ovsunlayır, ruha can verən gözəllikdən göz doymur, baxdıqca baxmaq istəyirsən. Laçın təbiətin yaratdığı canlı muzey, gözəlliklər məskəni, dağlar diyarıdır. Göylərə baş çəkən dağların zirvəsində qar, ətəyində payızdır, yamaclardan boylanan sıldırım qayaların kölgəsi dərələrin ətəyinə qədər uzanır. Əzəli və əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır. Dağların qoynunda yerləşən Laçın şəhərinin yenidən qurulması, modern şəhər təsərrüfatının yaradılması, milli memarlıq üslubunda tikilən evlər gələcəyin aydın üfüqlərini əks etdirir. Şəhərsalmada ən vacib əhəmiyyət kəsb edən telekommunikasiya şəbəkəsinin qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğularla təmin edilib. Laçında internetdən istifadə çox əlçatandır. Şəhərə gəldiyimiz ilk gün çox təsirli, dəyərli və tarixi anların şahidi oluruq. Laçına növbəti köç qayıdıb, yurd həsrəti sona çatıb, insanlar bir-birinə gözaydınlığı verir, dövlətimizə minnətdarlıq edirlər. Laçına Böyük Qayıdış uğurla davam edir, keçmiş məcburi köçkünlər bu tarixi hadisəni illər uzunu gözləyiblər, ümidlərini heç zaman itirməyiblər, öz Liderlərinə, Qalib Ali Baş Komandana ürəkdən inanıb və etibar ediblər. Prezident-xalq birliyi sarsılmaz xarakter alıb.

Yollar zirvəyə aparır

Laçının qurulub və bərpa edilməsində bir neçə iri infrastruktur layihə mühüm yer tutur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikilən yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunur. Yol üzərində 3 tunelin tikintisi aparılır və tunellərin ümumi uzunluğu 9450 metr olacaqdır. Budan başqa, İstisu-Minkənd yolu da inşa edilir. Qeyd edək ki, keçmişdə bu ərazidə yol olmayıb, indi yenidən çəkilir, uzunluğu isə 51 kilometrdir. Yeni yol Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirəcək. Həm də bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda yol boyunca işlər sürətlə aparılır və torpaq işləri başa çatdırılıb.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqust ayının 16-da Laçına səfəri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Yeni texnologiyalar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanında 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanının xüsusi əhəmiyyəti ondadır ki, ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəliş daha da asanlaşacaq. Qeyd edək ki, 2024-cü ildə Laçın Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.

Laçın şəhərinin mənzərəsi çox möhtəşəmdir, dağların sinəsinə sığınan şəhər buraya gələn hər kəsi heyran edir. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində xoş müjdəli bir hadisə ilə qeyd edilib. Belə ki, Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşən Xırmanlar kəndi ərazisindən Laçın şəhərinə 9 kilometrə yaxın yeni su xətti çəkilib. Mənbəyini təbii bulaqların suyundan götürən su xətti 300 metr yüksəklikdən öz axarı ilə şəhərə gətirilib.

Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi hadisədir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə".

Əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair proqrama əsasən şəhərin səkkiz kilometrliyində olan Zerti kəndi ərazisində Aqro və Sənaye Parkı inşa edilib. Həmin Aqro və Sənaye Parkında 46 müəssisənin fəaliyyəti nəzərdə tutulur. Artıq bu müəssisələrdən demək olar ki, 7-si fəaliyyət göstərir. 46 müəssisə üzrə 1169 nəfər laçınlı işlə təmin olunacaq. Hazırda 432 nəfər işlə təmin olunub. Laçında ilk dəfə Həkəri çayının sahilində balıqçılıq təsərrüfatı qurulubdur. Həmin təssərrüfatda 37 nəfər çalışır və onların hamısı laçınlılardır.

Laçında bərpa və yenidənqurma işləri sürətlə aparılır, mühüm infrastruktur layihələr həyata keçirilir. 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq qələbə sınan qürurumuzu, itirilən torpaqlarımızı, inamımızı və arzularımızı qaytarıb. Laçın insan əllərinin qüdrəti ilə öz nadir gözəlliyinə yenidən qovuşur. Şəhərdə aparılan bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, Azərbaycan dövləti laçınlıların gözəl şəraitdə rahat yaşaması, şəhər və kəndlərin memarlıq nöqteyi-nəzərdən müasir, layiqli olması üçün həqiqətən də bütün resursları səfərbər edib. Laçınlılar doğma yurda qayıdıb, rahat evlərində firəvan ömür sürəcəklər.

Böyük qürur hissi

"Laçın Abadlıq Xidməti" ASC-nin direktor müavini Elnur Abdullayev əslən Laçın rayonundandır. Yüksək zövqə, maraqlı yanaşmaya, geniş təfəkkürə malik, yurda, torpağa bağlı olan bir insandır. 1976-cı ildə Laçın şəhərində doğulub. 16 yaşına qədər Laçın şəhərində yaşayıb. İqtisadçı-memardır. Laçına dəvət alıb gələrkən həm də memar kimi gəlib. Elnur müəllim Laçında aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verərək deyir:

–Təbii ki, Laçına dəvət alanda arxaya baxmadan, hər şeyi geridə buraxıb gəlmişəm. Çünki bura mənim ata-baba yurdumdur, doğma torpağımdır. Çox qürur hissi keçirirəm ki, Laçının quruculuğunda az da olsa, mənim də payım var. Düşünürəm ki, həyatda bundan böyük qürur hissi yoxdur. Onu da qeyd edim ki, mənim atam Laçın şəhərində usta olubdur. Demək olar ki, bütün evlərdə əlinin izləri var. Mən bu gün də onunla qarşılaşıram. Hesab edirəm ki, gələcəkdə insanın dönüb geriyə baxdığı zaman bu şəhərdə əməyinin olduğunu görməsi böyük şərəfdir.

Laçın şəhərində quruculuq, abadlıq işləri 2022-ci ilin sentyabr ayından başlayıb. Bu ilin 28 may tarixində cənab Prezident Laçına səfəri zamanı ilk 20 ailəyə evlərin açarlarını təqdim etdi. Həmin müddətə qədər səkkiz ay içərisində demək olar ki, Laçın şəhərində çox qısa müddətdə çevik şəkildə bərpa-yenidənqurma işləri görülmüşdü. Onu da deyim ki, birinci mərhələ üzrə işlər bərpaya yararlı evlərdə başlandı. Həmin evlər artıq əsaslı şəkildə təmir olunub. Hazırda 712 obyekt üzrə təmir-bərpa işləri aparılır. Hansı ki, onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 9-u ümumi yaşayış evidir. Onu da qeyd edim ki, şəhərin ərazisində bütün telekommunikasiya, işıq, qaz, su, elektrik, rabitə xətləri çəkilib və istifadəyə verilib. Bütün bu xətlərin hamısı şəhərin estetik görünüşünün pozulmaması üçün yeraltı aparılıb. Bütün magistral xətlərin çəkilişi başa çatdırılıb. Noyabrın 7-də Laçın şəhəri və Zabux kəndinə mavi qazın verilməsi təmin olunub. İlkin olaraq 150 evdə birləşmə işləri aparılıb və artıq 250 evə təbii qaz verilir. Mərhələli şəkildə digər evlərdə də qaz xətləri birləşdirilir. Laçın şəhəri içməli su ilə tamamilə təchiz olunub. Şəhər ərazisində 9 ədəd su anbarı, 3 ədəd yağış sularının toplanma deposu, 1 ədəd çirkab suları təmizləmə qurğusu istifadəyə verilib. Alternativ olaraq dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Xırmanlar kəndi ərazisindən şəhərə alternativ su kəməri çəkilib. Həmin su kəməri təbii bulaq suyundan qidalanır. Alternativ su kəmərinin çəkilməsində məqsəd şəhərin yüksək ərazisinin su ilə təmin olunmasıdır. Kəmərin uzunluğu 8900 metrdir. Kəmərin çəkilişində 20 min kubmetrdən artıq torpaq işləri aparılıb. Həmin kəmərin istifadəyə verilməsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdi.

Sakinlərin məşğulluğu təmin edilir

Prioritet məsələlərdən biri Laçına köçürülən sakinlərin işlə təmin edilməsidir. Bildiyiniz kimi, may ayının 28-dən bu günə qədər Laçına köç davam edir. Bu gün etibarilə Laçın şəhərinə 346 ailə 1326 nəfər, Zabux kəndinə isə 146 ailə - 568 nəfər köçürülüb. Məskunlaşan əhaliyə tibb xidmətinin göstərilməsi də təmin edilib. Cari il may ayının 1-dən şəhərdə modul tipli xəstəxana fəaliyyət göstərir. Bundan başqa, şəhər əhalisinə aptek, marketlər, iaşə obyektləri, poçt, bankomat xidməti göstərilir. Şəhərdə həmçinin modern üslubda otellər də istifadəyə verilib. Qarşıda duran əsas məsələlərdən biri də şəhər əhalisinə nəqliyyat xidmətinin göstərilməsidir. Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə artıq xətt marşrutlarının istiqaməti təyin olunur. Laçın çox böyük şəhər olmasa da, hazırda yolların uzunluğu 50 kilometrdən çoxdur. Magistral yolların layihəsinə görə küçələr enli olmalıdır, amma iqlim şəraiti, relyefi nəzərə alaraq küçələrdə genişlənmə işləri aparmaq mümkün olmadı. Nəticədə məhəllələrarası küçələri bərpa etdik ki, gələcəkdə Laçında tıxacların qarşısı alınsın.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə Laçın şəhərində ictimai nəqliyyatın fəaliyyəti üçün elektron xəritə hazırladıq. Yaxın günlərdə Laçında ictimai nəqliyyatla sərnişindaşıma xidməti sakinlərin ixtiyarına veriləcək. Marşrut xətləri əsasən üç istiqamətə - Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi və şəhər daxilini əhatə edəcək.

Laçın şəhərinin mərkəzi küçəsi - hansı ki, hazırda həmin hissəni turistik küçə adlandırırıq. Mərkəzi küçədə tamamilə başqa konsept üzərində quruculuq, layihə işləri aparılır. Əvvəllər həmin küçədə Laçın şəhər mədəniyyət evi var idi. Təəssüflər olsun ki, işğal zamanı həmin mədəniyyət evi tamamilə dağıntılara məruz qalmışdı. Şəhər sakinlərinin arzusunu nəzərə alaraq həmin ərazidə teatr binası, konsert mərkəzi və eyni zamanda gənclər mərkəzinin binalarının tikintisi aparılır. Konsert mərkəzinin salonu 370 nəfərlik nəzərdə tutulub. Eyni zamanda teatr binasında aktyorluq kursları da təşkil olunacaq. Laçın şəhərinin mərkəzində 1974-cü ildə istifadəyə verilmiş kinoteatr binası işğal zamanı həm dağıntıya məruz qalmış, həm də düşmən orada kiçik bir emal müəssisəsi yaratmışdı. Ümumiyyətlə, bina tamamilə yararsız vəziyyətdə idi. Lakin biz şəhər sakinlərinin nostalji hisslərini nəzərə alaraq həmin kinoteatrın bərpa olunmasına qərar verdik. Noyabrın 9-da - Bayraq Günündə kinoteatrın açılışı oldu. Kinoteatr 230 yerdən ibarət olmaqla müasir standartlara cavab verən ən son texnologiyalarla təchiz olunub. Şəhər sakinləri asudə vaxtlarının səmərəli keçirilməsi üçün kinoteatrdan, idman sağlamlıq mərkəzindən, parklardan istifadə edə bilirlər. Yuxarıda qeyd etdiyimiz kimi, ən prioritet məsələlərdən biri də əhalinin məşğulluq məsələsidir. Təbii ki, əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair proqrama əsasən şəhərin səkkiz kilometrliyində olan Zerti kəndi ərazisində Aqro və Sənaye Parkı inşa edilib. Həmin Aqro və Sənaye Parkında 46 müəssisənin fəaliyyəti nəzərdə tutulur. Artıq bu müəssisələrdən demək olar ki, 7-si fəaliyyət göstərir. 46 müəssisə üzrə 1169 nəfər laçınlı işlə təmin olunacaq. Hazırda 432 nəfər işlə təmin olunub. Laçında ilk dəfə Həkəri çayının sahilində balıqçılıq təsərrüfatı qurulubdur. Həmin təsərrüfatda 37 nəfər çalışır və onların hamısı laçınlılardır.

Laçın şəhərində quruculuq, abadlıq işləri 2022-ci ilin sentyabr ayından başlayıb. Bu ilin 28 may tarixində cənab Prezident Laçına səfəri zamanı ilk 20 ailəyə evlərin açarlarını təqdim etdi.

Ayaqqabı, tekstil, mineral sular, efir yağlarının istehsalını həyata keçirən iri müəssisələrin tikintisi də nəzərdə tutulub. Yaxın gələcəkdə bu müəssisələr istifadəyə veriləcək. Laçında bütün tikililər və obyektlər Dövlət Reyestrinə alınıb. Yeri gəlmişkən, bildirək ki, rayona investisiya qoyuluşunda heç bir qadağa yoxdur, iş qurmaq istəyən sahibkarlara hər cür şərait var. Bunun üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) və İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır. Laçında hər hansı bir investisiya yatırımı dövlətin və laçınlıların maraq dairəsindədir, bu istiqamətdə artıq müraciətlər olunub.

Yeni brend yaradılır

Məqsədimiz Laçında istehsal olunan məhsulları brend markası ilə tanıtmaqdır. Artıq onların müəyyən reklam xarakterli marketinq işləri aparılır ki, Laçın məhsulu, brend olaraq daxili və xarici bazara çıxarılsın. Digər bir məsələ də ondan ibarətdir ki, şəhər sakinlərini işə qəbul edərkən onların bəziləri başqa sahələrdə işləyiblər. Ancaq vakansiyaya uyğun iş olmadığı üçün biz belə bir qərar qəbul etdik ki, Laçında olan vakansiyalar üzrə ixtisaslaşma kurslarına qrup şəklində cəlb edək. Hətta qardaş Türkiyədə də kurslardan keçdilər. Onlar yaşıllaşdırma, balıqçılıq, ətçilik, südçülük, tekstil və digər sahələr üzrə kursları bitirib Laçında işə cəlb olunublar. Bir də gələcəkdə iş yerlərinin davamlı olması üçün, yəni sakinlərin müxtəlif ixtisaslara yiyələnməsi üçün Qarıkaha ərazisində ixtisaslama kursları yaradılıb. Yəni bu yaxın gələcəkdə artıq Laçın şəhər sakinləri orada müxtəlif ixtisaslara yiyələnə biləcəklər. Kənar rayonlardan təşəbbüsdə olan insanlar olarsa, hətta onları belə kurslara dəvət etməyə hazırıq. Peşəyönümlü kurslar keçirilməsi üçün binaların tikintisi aparılıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

İşğaldan azad olunmuş ərazilərdə ilk qurulan şəhərlərdən biri Laçındır. Düşünürük ki, gələcəkdə Laçın rayonu regionun ən aparıcı bölgələrindən birinə çevriləcək. Çünki yaxın rayonlarda gələcəkdə quruculuq-abadlıq işləri aparıldığı zaman Laçın şəhərində yaradılmış imkanlardan yararlana bilərlər. Laçına insanların axını düşündüyümüzdən də artıq səviyyədədir. Şəhərə investisiya qoyuluşu da gündən-günə artır. Yaxın gələcəkdə şəhər ərazisində yarmarka tipli açıq və qapalı böyük bir bazarın tikintisi nəzərdə tutulub. Layihə artıq hazırdır, yeri də bəllidir. Hətta bazara ətraf rayonlardan gələn insanların qalması, dincəlməsi üçün qonaqlama xidməti də olacaq. Burada məqsəd Laçında istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının rahat şəkildə bazarda satışını təmin etməkdir.

Laçın şəhərində işğaldan əvvəl fəaliyyət göstərmiş və ermənilər tərəfindən dağıdılmış 2 nömrəli məktəb tamamilə təmir olunub. Övladlarımız artıq həmin məktəbdə təhsil alırlar. Məlumat üçün bildirək ki, uşaqlar evlərindən birbaşa məktəbə və dərsdən sonra evə servis xidməti ilə qayıdırlar.

İşğaldan öncə Laçın şəhəri ərazisində 2020 fərdi, 29 ümumi yaşayış evi olub. Təəssüflər olsun ki, işğal zamanı 1500-dən artıq ev dağıntılara məruz qalıb. İlkin olaraq abadlıq işlərinə başlayarkən Laçının özünəməxsus olan xalq memarlıq üslubu qorunub. Laçında relyef çətin olduğu üçün evlərin böyük əksəriyyəti fərqli üslublarda qaya daşlarından tikilib. Biz həmin xalq memarlıq üslubunu saxlamağa çalışdıq və şükürlər olsun ki, buna nail olduq. Eyni zamanda biz həm Şərq, həm də Qərb memarlıq üslubuna uyğun olaraq təkrarolunmaz bir mənzərə yaratdıq. Burada əsas məqsəd nədən ibarətdir? Laçın şəhəri amfiteatr şəklindədir və istənilən nöqtədən baxılan zaman onun özünəməxsus görüntüsü diqqəti cəlb edir.

Laçının gecələri çox ecazkardır. Sanki dağların sinəsilə işıq seli axır. Şəhərdə alternativ enerjidən də istifadə olunur. Qış aylarında Laçının iqlimi çox sərt olduğu üçün bütün evlərdə kombi sistemi quraşdırılıb. Çox sevindiricidir ki, Laçın şəhərinə "mavi yanacaq" verilir.

Aqroparkda hər biri 2400 kvadratmetr olmaqla ümumi istehsal sahəsi 4800 kvadratmetr olan "Aydınoğlu" mebel fabriki artıq fəaliyyətə başlayıb. Ümumən 54 işçidən ibarət fabrikin 42 əməkdaşı yerli sakindir. Gələcəkdə iş həcminin artması nəzərə alınaraq fabrikin daxili imkanları hesabına yeni kadr hazırlığı da aparılır. Laçında bərpa və tikilən evlərin mətbəx mebelləri və qapıları həmin fabrikdə hazırlanır.

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

İsmayıl SƏFƏRZADƏ (foto),

"Respublika".