Bakıda “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru
Digər xəbərlər

Bakıda “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" mövzusunda konfrans

İyulun 21-də - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq media və ictimaiyyət nümayəndələrinin, xarici və yerli media ekspertlərinin iştirak etdikləri konfransın təşkilində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, Medianın İnkişafı Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

Konfrans "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatorluğu ilə panel sessiyası ilə davam edib.

Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi- texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb. Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tarixi "Əkinçi" qəzetindən başlayan milli mətbuatın keçdiyi yola nəzər salıb, ötən dövrdə medianın, mətbuatın inkişafında müsbət dinamikaya toxunub.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan mediası cəmiyyətin güzgüsü rolunu oynayıb. Qeyd edilib ki, milli mətbuatın qollarından biri də audiovizual mediadır. Keçən illərdə dövlət radio və televiziya kanalları ilə yanaşı, özəl radio və televiziya kanalları yaranmağa başlayıb. Ulu Öndərin ölkənin ağır vəziyyətində hakimiyyətə qayıdışından sonra medianın gücünü dərk edərək hər zaman Azərbaycan mediasının dostu və dəstəkçisi oldu, Azərbaycan mediasında senzuranı ləğv etdi.

"Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov çıxışında Azərbaycan mətbuatının beynəlxalq aləmdə olan nailiyyətlərindən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media sektorunun inkişafına yönələn addımları, xüsusilə jurnalistlərə daimi dövlət qayğısı üçün möhkəm zəmin yaradır. Məhz belə mühitdə müasir çağırışlarla ayaqlaşan media strukturlarının inkişafı, Azərbaycan mətbuatının qlobal mediaya inteqrasiyası, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması mümkün olur.

Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub.

Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı, istifadəçilər üçün daha əlçatandır.

AZƏRTAC