Könüllü yardım və xidmət
Digər xəbərlər

Könüllü yardım və xidmət

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti bu amillərə söykənir

Müasir Azərbaycan sosial dövlətdir, onun siyasəti vətəndaşların layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaradılmasına yönəlmişdir. Dövlətimiz bazar iqtisadiyyatının daha da inkişaf etməsinə yönəlmiş istiqaməti saxlamaqla yanaşı, sosial siyasətin prioritetliyini təmin etməyə çalışır.

Sosialyönümlü proqramlara və layihələrə getdikcə daha çox maliyyə vəsaiti sərf edilir. Minimum əməkhaqqı ilbəil artır, pensiyalar və müxtəlif sosial müavinətlər müntəzəm olaraq artırılır, sosial sahə obyektlərinin tikintisi genişlənir. Eyni zamanda, xalqımızın mənəvi varlığına xas olan və məişətdə müxtəlif formalarda təzahür edən xeyriyyəçilik də geniş yayılır. İctimai əsaslarla fəaliyyət göstərən fond, birlik və təşkilatlar da dövlətin qarşısında duran problemlərin həllinə öz töhfələrini verirlər. Əhalinin həssas qrupunun üzləşdikləri çətinlikləri aradan qaldırmaqla həmin qurumlar dövlətçiliyə xidmət etmiş olurlar. Bu, həm də cəmiyyətin diqqətini həmin kateqoriyadan olan insanların problemlərinə yönəldir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Əsas missiyası Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas qrupdan olan  insanlara xidmət etməkdir. Qərargahı Bakıda yerləşir.

Azərbaycanın humanitar təşkilatlarından biri olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin  ölkəmizdəki nümayəndəsidir. Cəmiyyət 1920-ci il martın 10-da dövrün müdafiə nazirini əvəz edən, general-leytenant Əliağa Şıxlinski və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilib. Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya cəmiyyətin sədri seçilib. 1923-cü ildən 1991-ci ilə  kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin daxilində fəaliyyət göstərib. İkinci Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas ediblər.

1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də beynəlxalq standartlara uyğun şəkildə  müstəqillik vermişdir. Həmin dövrlərdə gənc, müstəqil Azərbaycan Respublikasının torpaqlarının 20 faizi Ermənistan Respublikası tərəfindən işğal olundu. 1992-ci ildə Xocalı soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycana gəlmiş və burada nümayəndəliyini yaratmış, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyət həyata keçirməyə başlamışdır. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilmiş,  vətənlərinə qaytarılmışdır. Bu proses hələ də davam edir.

Torpaqlarımızın işğalı nəticəsində Qarabağ və ətraf rayonlardan 700 minədək, Ermənistan Respublikasındakı tarixi torpaqlarımızda yaşayan 300 minədək soydaşımız yurd-yuvasından qovularaq qaçqın və məcburi köçkünə çevrilmişdir. O çətin anlarda İran və Türkiyə Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, ümumiyyətlə, Azərbaycan dövlətinə böyük dəstəyi olmuşdur. Digər ölkələrin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri də Azərbaycanın bu dar günündə öz yaxın dəstəyini göstərmişdir. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri sayı 100 minlərlə ölçülən qaçqın və məcburi köçkünlərimizə sığınacaq olaraq çadır şəhərcikləri yaratmış və vətəndaşlarımızın gündəlik tələbatlarını ödəmişlər. Humanitar böhranın miqyasını görən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına rəsmi müraciət etmiş, müraciətə 1994-cü ildə müsbət cavab gəlmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası Azərbaycanda nümayəndəliyini yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarə və təmin olunması işini öz üzərinə götürmüşdür. Sözsüz ki, o keşməkeşli illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də öz rolu olmuşdur. Bu səbəbdən də 1995-ci il noyabr ayının 1-də Milli Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınmış, elə həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bərabərhüquqlu üzvü seçilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamı ilə hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Zümrüd QURBANQIZI,

"Respublika".