3 səhv və 1 əhəmiyyətsiz doğru
Siyasət

3 səhv və 1 əhəmiyyətsiz doğru

Noyabrın 4-də Almaniya XİN rəhbəri Annalena Berbok ölkəmizdə səfərdə olub.

Ənənəvi olaraq ilk öncə Ermənistana gedən Qərb rəsmiləri nədənsə daha sonra Azərbaycana gələrək sülh çağırışları etməyə başlayıblar. Bu çağırışlar işğalçı və terrorçu erməni torpaqlarında səslənsə, o zaman biz az da olsa, beynəlxalq aləmdə Azərbaycanın haqq işinə layiqli qiymət verildiyini görə bilərik. Əfsuslar olsun ki, ikili siyasət hələ də davam edir.

Almaniyanın xarici işlər naziri Annanela Berbok ilk öncə rəsmi İrəvana səfər edərək Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Burada Qərb Cənubi Qafqazla iqtisadi sahə üzrə əməkdaşlıqda maraqlıdır, - deyən nazir Bakıda da eyni fikirləri söyləyib. Erməni jurnalistin “Azərbaycana qarşı sanksiya tətbiq etməyi düşünürsünüzmü?” sualına Azərbaycan bizim etibarlı tərəfdaşımızdır, - deyən xanım nazir bu yanaşmasını, təəssüf ki, Azərbaycanda davam etdirə bilmədi.

Bakıda xarici işlər naziri Ceyhun Bayramovla mediaya açıq keçirilən görüşdə ilk öncə uzun-uzadı Qarabağdan köçən ermənilərlə görüşdüyündən danışan Annalena Berbok bir növ siyasi təəssübkeşlik yaratmağa cəhd etdi. Tam bir fiasko hesab edilən görüşdə nazir bəzi suallara yanlış cavablar verməklə kifayətləndi. Jurnalistlərin “Qarabağdan Azərbaycana deportasiya edilmiş sakinlərlə görüş keçirmisinizmi?” sualına nazirin müsbət cavabı kütləyə hesablanmış cavab idi. Xanım Annalena əslində belə bir görüş keçirməmişdi. Beləliklə, sualdan yayınan nazir Qərbin "incə xətt"ini tapdalamadı.

Annalena Berbokun  Şuşa və Xankəndinin adlarını saxta erməni “variantında” deməsi təbii ki, məlumatsızlıqdan ola bilməz. Çünki Azərbaycan mütəmadi olaraq hər il öz ərazilərinin coğrafi adlarını Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim edir. Bu səhvi düzəldən Azərbaycan XİN Ceyhun Bayramov yanlışlığın diplomatik səviyyədə  qəbuledilməz olduğunu bildirdi.

Digər məsələ isə İsrail-HƏMAS məsələsi ilə paraleldir. İsrailin öz haqqını müdafiə etdiyini bildirən almaniyalı xarici işlər naziri Azərbaycanın haqq işi olan suverenliyi naminə keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə eyni münasibəti göstərmir. Hərçənd Azərbaycan heç kimin fikir və ifadələrindən asılı olmayan, tamamilə müstəqil dövlətdir. Lakin az-az da olsa Qərbə olan ümidlər də get-gedə ölür. Xanım Annalena Berbokun da beləcə 3 yanlışı 1 doğru ifadəsini əhəmiyyətsiz etdi.

Rusiya-Ukrayna müharibəsindən sonra rəsmi Moskvadan enerji ala bilməyən Almaniya Federal hökuməti üzünü Azərbaycana tutub. Bu baxımdan, Almaniya Azərbaycanın tərəfində olduğunu bildirsə belə, ehtiyacdan qaynaqlanan natamamlıq kompleksi yaranacaq. Azərbaycan Prezidenti İlham Əliyevin son 2 ildə Almaniyaya 3 dəfə səfər etməsi ölkəmizin xarici siyasətdə əməkdaşlıq və qarşılıqlı əlaqələrin formalaşmasında maraqlı olduğunu göstərir. Həmçinin 2022-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri olan ticarət dövriyyəsinin 70%-ni, yəni 1,3 milyard həcminin Azərbaycanla olması rəsmi Berlini bu ikili yanaşmadan çəkindirməlidir. Çünki iqtisadi cəhətdən ölkəmizlə bu qədər yaxın olan Almaniya xarici siyasətdə isə haqqın deyil, auditoriyanın fikirləri əsasında nəticə çıxarır. Bu da Bundestaqın şəffaflığına kölgə salır. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirən xanım Annanela əməldə isə tamam fərqli addım atır. Bu ikili yanaşmalar isə yolverilməzdir.  Cənubi Qafqazda Almaniyanın timsalında maraqlı olan bəzi dövlətlər işğalçı dövlətə yox, məhz regionda sülh yaratmaq istəyən Azərbaycana dəstək verməlidirlər. Əks halda, yekunda region ölkələri tərəfindən bölgədə "3+3" formatında sülh əldə olunarsa, bu, Qərb üçün "nağılın sonu" olacaq...

T.SADIQOV,

"Respublika".