Keçmişlə müasirliyi qovuşduran yazıçı
Sosial həyat

Keçmişlə müasirliyi qovuşduran yazıçı

Onun əsərlərində keçmişlə gələcək görüşür sanki. Yazıçı əsərlərində keçmişdə baş vermiş hadisələrlə yaşadığı dövrün müasirliyinin zəngin bədii nümunələrini canlandırmışdır. Ədibin 50-dən çox kitabı çap olunmuşdur. Onun mütərəqqi işlərindən biri də hər zaman yaradıcı gənclərə qayğı göstərməsi idi. Belə ki, gənc yazarların əsərlərinin çap olunmasında ədibin xüsusi rolu olub. Onun gəldiyi qənaət belə olub ki, əgər gənclərə yol verilməsə, heç bir sahədə, o cümlədən də ədəbiyyat sahəsində inkişafdan söz gedə bilməz. Hətta çıxışlarının birində yazıçı deyirdi: "Gəncliyində hamı az-çox nəsə yazır. Lap istedadla yazanlar da olur. Ancaq gəlin baxıb görək hamı bu istedadı illərin sınağından çıxarıb sonacan apara bilirmi?". Bu fikri ilə yazıçı gəncliyində bir neçə şeir, hekayə yazaraq  kimlərinsə himayəsi ilə ədəbi mühitdə özünə yer edənlərə etirazını bildirdi. Onun hər zaman gəncliyə bir tövsiyəsi olub - ədəbiyyata peşə kimi baxsınlar, peşəkarlığın başlıca amil olduğunu unutmasınlar.

Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 1914-cü il aprelin 28-də Bakı qəzasının Mərdəkan kəndində çoxuşaqlı ailədə anadan olub. Altı yaşı olanda atası dünyasını dəyişib. Qılman İlkin ibtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Həmin məktəbdə ona Feyzulla Qasımzadə və Cəfər Rəmzi dərs deyib. İlk təhsilini başa vurduqdan sonra "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə oxuyub. 1926-1929-cu illərdə şəhər pedaqoji texnikumunda, 1932-1936-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb. O, ilk əmək fəaliyyətinə 15 yaşında Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi kimi başlayıb. Kənd məktəbində çətin şəraitdə dərs deyən Qılman İlkin həm də kəndin varlı şəxsləri tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Qızların təhsilə cəlb olunmasında Qılman İlkini günahkar bilən qolçomaqlar onu öldürəcəkləri ilə hədələyirlər. Dərs ilini başa vuran gənc Qılman Bakıya geri qayıdır. İllər keçəndən sonra bu hadisələri özünün "Ömrün oğlan çağı" povestində qələmə alır.

Yazıçı hələ təhsil aldığı illərdə "Gənc işçi" qəzeti ilə əməkdaşlıq etmiş və burada  ədəbi işçi kimi fəaliyyət göstərmişdir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn və s. ədiblərlə tanış olmuş və dostluq etmişdir. 1938-ci ildə "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmişdir. Həmin illərdə Sovet ordusu tərkibində Qafqaz cəbhəsində və Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı hərbi qəzetlərdə müxbir işləmişdir. Yaradıcılığının ilkin dövrlərində Qılman Musayev imzası ilə çap olunmuşdur. Lakin qardaşı Qurban Musayev də yazıçı olduğundan bir çox hallarda anlaşılmazlıq olmasın deyə  yazıçı özünə İlkin təxəllüsünü götürmüşdür.

Müharibə bitdikdən sonra Qılman İlkin Azərbaycan Dövlət Universitetində baş müəllim kimi fəaliyyət göstərmişdir. Həmin illərdə  yazıçı "Tövbə" adlı hekayə yazmışdır. Lakin hekayədəki Lenin obrazının kifayət qədər geniş işıqlandırılmaması bəhanə gətirilərək çap olunmur.   Mircəfər Bağırovla görüşü zamanı Qılman İlkin hekayəsini Bağırova oxuyur. Hekayəni və bundan öncəki əsərlərini də bəyənən Mircəfər Bağırov hekayənin dərc olunmasına göstəriş verir.

Azərbaycan ədəbi mühitində gedən proseslərin təşkilatçısı 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963-1967-ci illərdə isə "Azərbaycan" jurnalının baş redaktoru işləyib. Qılman İlkin "Azərbaycan" jurnalında və "Azərnəşr"də işlədiyi vaxtlarda istedadlı gənc qələm sahiblərinin çap olunmasında əlindən gələni əsirgəməyib, ədəbiyyata öz istedadı və əməyi ilə gələnlərə qayğı və diqqətlə yanaşıb. Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır", İlyas Əfəndiyevin "Dağlar arasında üç dost" və digər müəlliflərin bir çox əsərlərinin işıq üzü görməsində  onun müstəsna xidmətləri olub.

Xalq yazıçısı Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlayıb. Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti isə 1947-ci ildə işıq üzü görüb. O, ədəbi aləmə səs salan "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri", "Bakı və bakılılar" və digər əsərlərin müəllifidir. Yazıçının "Qalada üsyan" adlı romanı əsasında "Azərbaycanfilm"də tamaşaçıların sevgisini qazanan "Yenilməz batalyon" filmi çəkilib. Qılman İlkin, eyni zamanda "Kölgələr sürünür" filminin də ssenari müəllifidir. Ədib həmçinin olduqca maraqlı və müxtəlif mövzuları əhatə edən hekayələr, pyeslər  qələmə alıb, onun  "Cərrahlar", "Əsgər müharibədən qayıdır", "Tayqa nağılı", "Çətin döngələr", "Geriyə yol yoxdur", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyesləri oxucular tərəfindən böyük rəğbət qazanıb.

Qılman İlkin altmış ildən artıq məhsuldar fəaliyyət dövründə nasir kimi ədəbiyyatımızın inkişafında böyük işlər görüb. Ədib tərcüməçi kimi də geniş fəaliyyət göstərib. Onun qələminin məhsulu olan neçə-neçə hekayələr, povest və romanlar özündə tarixilik,  vətənpərvərlik ruhu yaşadaraq tərbiyəvi əhəmiyyət kəsb edir. Qocaman yazıçının Qarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində mühüm rol oynayıb. Qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətləri haqqında da silsilə xatirələri geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Qılman İlkin doxsan altı illik ömür yolunda dövrün, zamanın tələbləri ilə ayaqlaşıb və yazdığı bütün əsərlərində həyat həqiqətlərini canlandırıb.

Qılman İlkin 2009-cu il noyabrın 6-da Bakı şəhərində ürək çatışmazlığından vəfat edib. Yazıçı II Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".