Elin igid oğlu
Sosial həyat

Elin igid oğlu

Doğma Azərbaycanımızın yeni, şanlı zəfər tarixini yazanlar arasında Masallının İmanlı kəndində boya-başa çatan Məhəmməd Nail oğlu Vəliyevin adı da var. Elin qəhrəman oğlu İkinci Qarabağ müharibəsi zamanı 24 yaşında canını Vətənə fəda etməklə bu şərəfə çatıb. Məhz elə buna görə də Məhəmmədin qısa, mənalı ömür yolu gələcək nəsillərə də örnək olacaq.

Vətəninə, millətinə başucalığı gətirən Məhəmməd Vəliyev hələ uşaq yaşlarından erməni quldurlarının Azərbaycanın müqəddəs bir parçası, əzəli, əbədi yurd yeri Qarabağın işğalına heç cür dözə bilmir. Günlər, aylar keçdikcə qəlbində dığalardan intiqam, qisas almaq alovu get-gedə güclənir. 2014-cü ildə ordu sıralarına yola düşəndə doğma Vətənini gözbəbəyi kimi qorumağa, məqamı gələndə uğrunda canından keçməyə and içir.

Məhəmməd ön xətdə yerləşən bölmələrdən birində Vətəninə, dövlətinə ləyaqətlə xidmət edir. Verilən tapşırıqları yerinə yetirməklə qısa zaman kəsiyində zabitlərin, əsgərlərin hörmətini qazanır. 2016-cı ilin Aprel döyüşlərində gücünü düşmənə göstərə bilir. Belə ki, Lələtəpənin azad olmasında Məhəmmədin adı qeyrətli oğulların sırasında iftixarla çəkilir. Həm də igid əsgər qəhrəman kimi evinə qayıdır.

 El-oba da öz qəhrəman oğluna əsl övlad məhəbbəti bəsləyir, hər yerdə ona dərin ehtiram göstərirlər. Bütün bunlara baxmayaraq, Məhəmmədi Qarabağın taleyi daha çox düşündürür. Və Vətənin qeyrətini hər şeydən üstün tutaraq bu yolda düşmənlə mübarizə meydanında canından belə keçməyə hər an hazır durur. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ savaşı başlanan ilk gündən əlinə silah alıb ön cəbhəyə yollanır. Füzuli və Qubadlı rayonlarının azadlığı uğrunda düşmənə qarşı vuruşur. Dəfələrlə erməni dığalarını məhv etməklə odlu-alovlu səngərlərdən zəfərlə çıxır. Məhəmməd son savaşında da yüksək şəxsi rəşadət, şücaət nümayiş etdirir, şəhid olur. Ölümündən sonra "Vətən uğrunda", Füzulinin, Qubadlının azadlığına görə medallarına layiq görülür.

 Zəfər ORUCOĞLU.