Tarix

"İstanbul fəth edilməz, Çanaqqala keçilməz!"

Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşından 109 il ötür. Bu tarix türkün varlığını sübut etməsi baxımından möhtəşəm əhəmiyyətə malikdir. Vətənin içində ona düşmən kəsilənlərə, onu məhv etmək istəyən xarici qüvvələrə qarşı hünəri və ləyaqəti ilə qalib gələn türkün varlığını həzm edə bilməyiblər. 259 gün davam edən, böyük insan itkisi ilə nəticələnən bu savaş həm də türkün yurd sevgisinin, mənəvi gücünün düşmənin hərbi-texniki üstünlükləri üzərində qalibiyyət rəmzi idi. Çanaqqala savaşı nəticəsində dünya türkün gücünə, birliyinə, əzminə, igidliyinə bir daha şahid oldu. Tarixin səhifələrinə qızıl hərflərlə yazılmış bu döyüş bütün dünyada proseslərin gedişatına da təsir etdi. Dahi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qəhrəman türk ordusunun Çanaqqala cəbhəsində apardığı mübarizə bu gün hələ də dillər əzbəridir. Çünki bu, həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı idi.

Digər döyüşlərdən fərqli olaraq Çanaqqalada bütün təbəqədən olan insanlar iştirak edirdi və vətən uğrunda, torpaq, yurd naminə neçə-neçə ər igid öz canından keçdi. Öz qanları ilə torpağı yoğuran igidlər deyirdilər ki, biz ölsək də təki Osmanlı ayaqda qalsın. Türkləri yer üzündən silmək istəyənlər bu dəfə də öz niyyətlərinə çata bilmədilər. Bu savaşda türkün düşmənlərinin məqsədi Türkiyəni, türklük duyğusunu yer üzündən silmək, onu tamamilə məhv etmək idi. Çanaqqalada türklərin dünyanı heyrətə gətirən döyüşkənliyi artıq 100 ildən çoxdur ki, müzakirə mövzusu olaraq qalır. Bir xalqın özünü ən təhlükəli məqamda belə ayaqda saxlaması, qətiyyən ümidsiz olmaması, təhlükəyə qarşı durmaq qüdrəti, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Çünki 8 ay yarım davam edən qanlı savaşda düşmən yarım milyona yaxın əsgər itirdi və yenə də türkə qalib gələ bilmədi.

Çanaqqala savaşında çoxlu sayda ziyalı həm vuruşub, həm də əsl vətənpərvərlik təbliğatı aparırdılar. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırırdı. Zəif texnikalarla silahlanmışdılar, lakin son dərəcə döyüşkən və əzmkar idilər. Türklərin göstərdiyi əzm və şücaət düşmən generallarını, siyasi xadimlərini belə heyrətə salmışdı. İngiltərənin baş naziri Uinston Çörçill: "Türklər Çanaqqalada ən müasir texnika ilə silahlanmış müttəfiq güclərin qarşısında qala kimi dayanmışdılar", ingilis generalı Oqlander isə: "Türk əsgərinin döyüşkənliyinin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu", - demişdilər.

Bu savaşda mərdliklə döyüşüb, vətəni üçün özünü fəda edənlərdən biri də Seyid "onbaşı" (çavuş) olub. Yanındakı topçuların həlak olmasına baxmayaraq, o, öz ümidini itirmir, torpaq uğrunda yorulmadan savaşırdı. Lakin necə deyərlər, hər kəs yatar, amma düşmən əsla. Odur ki, həm qurudan, həm də dənizdən hücuma keçən qarşı tərəf yavaş-yavaş İstanbula yaxınlaşırdı. Türklər üçünsə bir qanun var idi: İstanbul fəth edilməz, Çanaqqala keçilməz! Yəni boğaza yaxınlaşan düşmən gəmiləri bura girsə, Anadolunun taleyi həll olunacaq və İstanbul işğal ediləcək. Cəbhədə tək qalmış "onbaşı"nın isə atmağa sadəcə 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Özündən qat-qat ağır bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması mümkün deyildi. Lakin necə deyərlər, insana o an sanki güc-qüvvət gəlir. Qəhrəman Seyid 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o, düşmən gəmisinin gövdəsini darmadağın edir, onu batırır və onun bu qəhrəmanlığı nəticəsində düşmən geri çəkilir. Lakin dənizdən hücumla istədiyini əldə edə bilməyəcəyini anlayan düşmən bu dəfə qurudan hərbi əməliyyata baslamağı qərara aldı. Aprelin 25-də quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başladı. Başdan-ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Hər iki tərəf çoxlu sayda itkilər verirdi. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıra bilməyərək İstanbulu və boğazları tuta bilmədi. Düşmən 1915-ci il dekabr ayının 19-20-də Anafartalar və Arıburnu, 1916-cı il yanvar ayının 8-9-da isə Seddülbahir cəbhələrindən qoşunlarını geri çəkdi. Beləliklə, 1915-ci ilin baharında başlanan döyüşlər düşmənin geri çəkilməsi ilə nəticələndi.

"Türkün türkdən başqa dostu yoxdur" ifadəsi də bu savaşda bir daha öz təsdiqini tapdı. Osmanlının Çanaqqala cəbhəsində verilən mübarizəyə Türk dünyasının hər yerindən minlərlə türksoylu insan dəstək verdi. Çanaqqalaya gəlmiş, türk qardaşları ilə birgə çiyin-çiyinə döyüşərək əsl qəhrəmanlıq nümayiş etdirmiş Azərbaycan türkləri "Qardaş qardaşın dar gündə köməyi olmalıdır" ənənəsinə sadiq qaldılar. Bu savaşa qatılmaq üçün 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min "mehmetcik"lə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid oldular. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu, ona dəstək verdi. Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğu bu döyüşlərdə təsdiq olundu.

Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, 18 mart - Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".