İsmayıllı: Qayğı mənəvi dəstəkdir
Region

İsmayıllı: Qayğı mənəvi dəstəkdir

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsasında vətəndaş firavanlığının təminatı və sosial cəhətdən həssas qruplardan olan insanlara dövlət qayğısının gücləndirilməsi dayanır. Bu istiqamətdə həyata keçirilən siyasət İsmayıllı rayonunda da uğurla icra olunur. Rayon rəhbərliyi tərəfindən xüsusi qayğıya ehtiyac duyan şəxslərlə vaxtaşırı görüşlər təşkil olunur, bütün müraciətlərinə həssaslıqla yanaşılır, problem və qayğılarının həlli üçün çalışılır.

Müharibənin başladığı ilk gündən rayon gəncləri könüllü və qismən səfərbərlik xətti ilə döyüşlərdə iştirak ediblər. Onlardan 47-si zabit və gizir, 781 nəfəri isə əsgər və çavuş olub. Gərgin döyüşlər zamanı 26 nəfər şəhid, bir nəfər itkin, 100-dən çox yaralı olub və indiyə qədər 31 qazinin əlilliyi təsdiq edilib. Həmin vaxtdan rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinin, qazilərin və bütün döyüşçülərin qeydiyyatı aparılmaqla onların zəruri tələbatlarına köməklik göstərilib. Həmin ailələrin bu gün də problemlərinin həlli daim diqqət mərkəzindədir.

Şəhid ailələri rayon icra hakimiyyəti başçısı tərəfindən növbədənkənar qəbul edilir, onların işlə təmin edilməsi üçün köməklik olunur. Özünüməşğulluq proqramına qoşularkən ilk öncə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına üstünlük verilir. Mənzil üçün müraciət edən ailələr rayon icra hakimiyyəti tərəfindən ev növbəsinə götürülüb. Artıq bir neçə şəhid ailəsi Bakı şəhərində mənzillə təmin edilib.

Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün yaradılan komissiyalar tərəfindən müvafiq qərarlar verilir. Həmçinin rayon rəhbəri şəhidlərin adını daşıyan bulaq və abidə-komplekslərinin açılışında da iştirak edir. Rayonda Şəhidlər xiyabanında yaxın zamanda yenidənqurma işləri aparılması nəzərdə tutulub. Bu vaxta qədər rayonda şəhidlərin xatirəsinə 6 abidə və 14 bulaq kompleksi tikilib, 1 şəhidin adını daşıyan su artezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Qaraciyər serrozundan əziyyət çəkən bir veteranın müalicəsi üçün Heydər Əliyev Fonduna müraciət edilib və həmin şəxs fondun köməkliyi sayəsində sağlamlığına qovuşub. Rayon icra hakimiyyətinin başçısı idarə və müəssisə rəhbərlərinin iştirakı ilə hər bir şəhidin doğum günündə ailə üzvləri ilə birlikdə məzarlarını ziyarət edir.

Rayon rəhbərliyi tərəfindən 22 şəhid və qazi ailəsinin üzvü müxtəlif müəssisə və təşkilatlarda işlə təmin edilib. Şəhid ailəsindən 25, qazilərdən isə 83 nəfərin aqrar təsərrüfat, avtomobillərin yuyulması və təmiri avadanlıqları, tekstil, qadın gözəllik salonu, şirniyyat sexi və başqa sahələri əhatə edən özünüməşğulluq proqramına qoşulması təmin olunub, digərlərinin də istəklərinə uyğun məşğulluq tədbirlərinə cəlbi üçün müvafiq işlər görülür.

Rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yarandığı ilk gündən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailələri ilə sıx əlaqə yaradır, yaranmış problemlərinin aradan qaldırılması üçün rayon rəhbərliyi tərəfindən lazımi tədbirlər həyata keçirilir.

 Vətən müharibəsində şəhid olmuş Cəmil Məmmədlinin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilən şəhid bulağının son günlər açılışı olub. Mərasim iştirakçıları əvvəlcə İsmayıllı Şəhidlər xiyabanını ziyarət edib, şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, həmçinin Bakı şəhər YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Səbail rayonundan olan şəhid ailələri iştirak edib.

 Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş Cəmil Məmmədlinin döyüş şücaətindən, düşmən üzərində qazanılan qələbədən, Azərbaycan Ordusunun qüdrətindən danışıblar. Rayonda bu sahədə də görülən işlər və həyata keçirilən tədbirlər yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və bunu şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsi kimi müsbət qiymətləndirdilər.

M.NƏRİMANOĞLU,

"Respublika".