İslamofob, türkofob düşüncəli nümayəndələrin düşərgəsi
Siyasət

İslamofob, türkofob düşüncəli nümayəndələrin düşərgəsi

Heç bir dövlət və beynəlxalq təşkilat ölkəmizlə təhdid dili ilə danışa bilməz

AŞPA deputatlarının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səslərinin dondurulmasına dair qərarı ölkəmizə qarşı növbəti qərəzli mövqeyin nümunəsidir. Biz dəfələrlə AŞPA-nın ölkəmizin əliyhinə qərarlar qəbul etməsinin şahidi olmuşuq. Bu dəfə AŞPA Azərbaycanı  insan hüquqlarının pozulmasında günahlandırır. Ermənistan 30 il torpaqlarımızı işğal altında saxladığı vaxtlarda, 1 milyon azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırımı törədiləndə, 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə olsun belə səsini çıxarmadı. Ermənistanın törətdiyi vəhşiliyə görə bu ölkəyə qarşı heç bir qərar qəbul etmədi.

Fransa, Almaniya və bir sıra Qərb dövlətlərinin şəhərlərində insanlar hər zaman polis zorakılıqlarına məruz qalır, döyülür, həbs olunur. Nədənsə, AŞPA bunları görmək istəmir. Fransa Afrika, Şərqi Asiya dövlətlərinə qarşı neokolonializm siyasəti həyata keçirəndə, bu ölkənin milyonlarla insanlarını qətlə yetirəndə AŞPA Fransaya heç bir təsir göstərmədi. Bu gün Fransa Korsikada milli azadlıq hərəkatının üzvlərini təqib edərək onları həbs edir. AŞPA insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir.

Azərbaycan BMT TŞ-nin qəbul etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq torpaqlarını işğaldan azad etdi, suverenliyi və ərazi bütövlüyünü bərpa etdi. Bununla Azərbaycan həm də dünyada beynəlxalq hüququn, ədalətin bərpasına yardımçı oldu. AŞPA Azərbaycana qarşı ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirir. Azərbaycana yönələn bu cür çirkin əməllərin arxasında şübhəsiz ki, Fransa dövləti dayanır. Fransanın Azərbaycan qarşısında məğlubiyyətlərinin qisasını almaq məqsədilə Almaniya dövlətindən istifadə etmək qərarına gəlməsi bu ölkənin acizliyinin nümunəsidir. Ölkəmizə qarşı yönələn budəfəki təklifin müəllifinin almaniyalı deputat Frank Şvabenin olması təəccüblü deyil. Çünki bu şəxs hər dəfə Azərbaycana qarşı qəbul edilmiş qərarların müəlliflərindən biri olmuşdur.

Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda təşkilatın ədalətin yanında olacağını düşünürdü. Təəssüf ki, bu qurum islamofob, türkofob düşüncəli nümayəndələrin düşərgəsinə çevrilmişdir.

Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA-da fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdi. AŞPA Fransa hakimiyyətinin və Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır. AŞPA düşünür ki, bu cür qətnamə qəbul etməklə Azərbaycana təsir göstərə biləcək. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ədalətə və sülhə xidmət edir və beynəlxalq hüquqa əsaslanır.

Azərbaycan artıq Qarabağ problemini həll edib və beynəlxalq aləmdə heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur. Ümumiyyətlə, AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor.