İrəvanın qeyri-konstruktiv siyasəti
Siyasət

İrəvanın qeyri-konstruktiv siyasəti

Keçən ilin sonlarında sülh müqaviləsinin imzalanması prosesində ümumi gedişat müsbət impulslar verib. Ermənistanın COP29-a evsahibliyinə namizədliyini geri çəkməsi, iki ölkə arasında əsir mübadiləsi sülh sazişinin yaxın vaxtlarda imzalanması ehtimalını gündəmə gətirib. Ümumiyyətlə, məsələnin həlli üçün Moskva, Brüssel, Vaşinqton kimi fərqli formatlar yaradılıb. Təbii ki, müxtəlif platformalarda aparılan müzakirələr maraqların toqquşmasına, sülhün uzanmasına səbəb olub. Ermənistan və Azərbaycanın ikitərəfli danışıqlara üstünlük verməsi ilə bir çoxları 2024-cü ildə bu prosesin yekunlaşacağını düşünüb. Lakin son zamanlarda cavabsız qalan suallar ortaya çıxıb. Sülh imzalamaq istəyən tərəf konkret addımlar atmalıdır. Ermənistan tərəfindən isə bu addımlar atılmır, əksinə, bir-biri ilə uyğun olmayan açıqlamalar verilir. Bütün bunlar isə sülhü ləngitmə cəhdləri kimi başa düşülür.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib ki, İrəvanla Bakı arasında birbaşa danışıqlar baş tuta bilər: "Radikal heç nə baş verməyib. Danışıqlar davam edir və pozitiv şəkildə bunu qeyd etmək olar ki, danışıqlarda irəliləyiş var". Onun sözlərindən belə anlaşılır ki, guya bizimlə razılaşırlar. Digər tərəfdən isə Ermənistanın baş naziri Nikol Paşinyan sülhü ləngitmək üçün dəridən-qabıqdan çıxır. Belə ki, o hökumətin son iclasında Azərbaycanla silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağı təklif edib. Sülh müqaviləsinin müzakirə olunduğu bir vaxtda Paşinyanın bu təkliflə çıxış etməsi gedişatı zəiflətməkdən başqa bir məqsədə xidmət etmir. Çünki hazırda əsas prioritet sülhün təmin edilməsidir. Baş nazir isə Qərbdən aldığı tapşırıqları icra etməklə məşğuldur. Əgər iki ölkə arasında sülh olarsa, münasibətlər normallaşar, qarşılıqlı etimad yaranar.

Ermənistanın son zamanlarda sürətlə silahlanması heç kimə sirr deyil. Bu silahların müdafiə xarakterli olduğu deyilsə də, əsl niyyət hər kəsə aydındır. Azərbaycanın sülhün və sabitliyin təmini istiqamətində hər vəchlə çalışdığı bir vaxtda bu qədər sürətli silahlanmada məqsəd nədir? Aydındır ki, İrəvanın arxasında gizlənib onu idarə etməyə çalışanlar regionda sabitliyin tərəfdarı deyil. Paşinyan isə onların müxtəlif tapşırıqlarını yerinə yetirir, bu kimi bəyanatlarla çıxış etməklə vaxt qazanır, Azərbaycanı sülh tərəfdarı olmayan ölkə kimi göstərməyə çalışır.

Ermənistan həm də ratifikasiya etdiyi Roma Statutu vasitəsilə Beynəlxalq Cinayətlər Məhkəməsində (BCM) Azərbaycana qarşı "hərbi cinayətlərin araşdırılması"na çalışacaq. Bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bəyan edib. Həmçinin İrəvan bu prosesə təcrübəli beynəlxalq prokurorları cəlb etmək niyyətindədir. İşğalçı dövlətin hansı faktı irəli sürəcəyi isə həqiqətən də maraq doğuran məqamlardandır. Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş torpaqlarını azad edib və bu prosesdə heç bir mülki şəxs zərər görməyib. Bütün bunlar Ermənistanın əsl niyyətini, növbəti yalan təbliğat siyasətini ortaya çıxarır.

Nəticədə aydın olur ki, Nikol Paşinyan nə sülh müqaviləsinin imzalanmasında, nə də Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Zəngəzur dəhlizinin açılması əslində Ermənistan üçün faydalıdır və onun maraqlarına xidmət edən bir yoldur. Dənizə çıxışı olmayan bir ölkə kimi Avropaya gedən yolun açılması iqtisadiyyatda canlanma vəd edir. Lakin görünür, İrəvana blokadada qalmaq daha sərfəlidir. Bu səbəbdən də Ermənistan ikitərəfli qaydada danışıqlarda fəal iştirak etməkdən çəkinir. 

Müxtəlif vasitəçilərin sülhün imzalanmasını çətinləşdirməsi, 30 ildən çox davam etmiş ATƏT-in yarıtmaz fəaliyyəti bizə bəllidir. Buna görə də Azərbaycan öz mövqeyində tamamilə haqlıdır. Sülh sazişinin imzalanması ikitərəfli danışıqlar vasitəsilə olmalıdır. Bəllidir ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyənlər müxtəlif geosiyasi maraqlar naminə bunu edir. Paşinyan isə bu reallığı görmək istəmir. Ancaq bu yanaşma Ermənistanın özünə zərər vurur. Çünki ölkəmiz əsas prioritetlərini həll edib. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Hazırda isə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə öz nüfuzunu gücləndirir. Bu səbəbdən də regionda gərginliyi saxlamaq istəyənlərin oyununa aldanan İrəvan hakimiyyəti yalnız özünə və xalqının gələcəyinə zərər verməklə məşğuldur. Ancaq Azərbaycan bu prosesi yekunlaşdırmaqda, regionda sabitliyi, sülhü təmin etməkdə qərarlıdır. İnkişaf üçün isə bu, qaçılmazdır və Azərbaycan bunu təmin edəcəkdir. İrəvan da gec olmadan bu istiqamətdə lazımi addımlar atmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".