İranda uçqun altında qalan 5 alpinistdən 2-sinin cəsədi tapılıb
Digər xəbərlər

İranda uçqun altında qalan 5 alpinistdən 2-sinin cəsədi tapılıb

İranın Luristan əyalətinin Əzna şəhərində cümə günü səhər dırmaşmağa başlayan 9 nəfərlik alpinist qrupun 5 üzvündən 2-nin cəsədinin uçqun altından tapıldığı bildirilib.

“Respublika” “Təsnim Xəbər Agentliyi”nə istinadın məlumatına verir ki, Əzna Qızıl Aypara Cəmiyyətinin prezidenti Əli Rza Süleymani açıqlamasında bildirib ki, alpinistlər komandası cümə axşamı Aşturanku dağlarının ətəyinə gedib.Süleymani komandanın cümə günü səhər saatlarında Senbaran zirvəsinə qalxmağa başladığını və Çale Kebud bölgəsində uçqun altında qaldığını bildirib.

Nəticədə, qapalı qalan 9 alpinistdən ibarət qrupdan 2-si yaralanmaqla 4 nəfər xilas edilib, 5 alpinist isə uçqun altında qalıb.

Uçqun altından 2 nəfərin cəsədini tapdıqlarını bildirən Süleymani, digər 3 nəfər barəsində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Tacir SADIQOV,

“Respublika”.