Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək
Digər xəbərlər

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

Mayın 22-23-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) növbəti 23-cü plenar iclası keçirilib.

İKTA mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələrinin də qatıldığı tədbirdə 15 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumu, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Qurumu (BEREC) və Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupundan (EMERG) 40-dan çox nümayəndə iştirak edirdi.

İclasda “EaPeReg”in builki sədri Moldova və sədr müavini Rumıniyanın tənzimləyici qurumlarının təmsilçiləri tərəfindən 2024-cü ilin birinci yarısında görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatları dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Eyni zamanda “EaPeReg”in 2025-ci il üzrə sədrliyi üçün Azərbaycanın namizədliyi irəli sürülüb və bu təşəbbüs iclas iştirakçıları tərəfindən dəstəklənib. İKTA-nın sədr müavini, sədr vəzifəsini icra edən Nail Mərdanov göstərilən etimada görə iclas iştirakçılarına təşəkkür edərək 2025-ci il ərzində “EaPeReg”in dayanıqlı işinin təmin ediləcəyini bildirib.

Daha sonra Agentliyin beynəlxalq əməkdaşlıq üzrə rəsmisi Ravil İsgəndərov İKTA-nın fəaliyyət istiqamətləri, ölkəmizdə telekommunikasiya sahəsində tənzimləmənin inkişafı, bazar mühitinin formalaşdırılması sahəsində həyata keçirilən işlər və planlar barədə ətraflı məlumat verib. Tədbirin ikinci günündə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev telekommunikasiya şəbəkələrinin digər infrastruktur obyektlərində yerləşdirilməsi üzrə tənzimləyici çərçivənin hazırlanması istiqamətində görülən tədbirlər barədə danışıb.

“Respublika”.