Şəhərlərarası avtobuslar yenilənir
Digər xəbərlər

Şəhərlərarası avtobuslar yenilənir

Bakı – Gəncə – Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib. Marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə qalib gəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki 27 maydan etibarən sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir. Məlumat üçün bildirək ki, “Man” markalı avtobuslar tam yenidir və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

“Respublika”.