İqlim dəyişmələri nədir?
Ekologiya

İqlim dəyişmələri nədir?

İqlim dəyişmələri dedikdə temperaturda və hava şəraitində baş verən uzunmüddətli dəyişmələr nəzərdə tutulur. Günəş aktivliyindəki dəyişmələr və ya böyük vulkan püskürmələri iqlimin dəyişməsinə səbəb olur. Bu, təbii haldır. Lakin 1800-cü illərdən bəri insanlar tərəfindən qalıq yanacaqların, əsasən kömür, neft və qazın yandırılması iqlim dəyişmələrinə təkan verən əsas amilə çevrilmişdir.

Qalıq yanacaqların yandırılması Yer kürəsini yorğan kimi örtən, günəşin istiliyini içində tutan və temperaturu yüksəldən zərərli qazların artmasına səbəb olur. Karbon qazı su buxarı ilə birlikdə Yer səthində "istixana effekti" yaradır, yəni istiliyin oradan çıxıb kosmik fəzaya qayıtmasına əngəl olur. 

İqlim dəyişikliyinə səbəb olan əsas istixana qazları karbon qazı və metandır. Həmin qaz, avtomobillər benzin yandırdıqda və ya binaları qızdırmaq üçün daş kömür istifadə edildikdə əmələ gəlir. Torpağın və meşələrin təmizlənməsi də karbon qazı tullantısına səbəb olur. Metan emissiyalarının əsas mənbələri isə kənd təsərrüfatı və neft-qaz sənayesidir. Bir sözlə istixana qazlarının əsas mənbələri enerji, sənaye, nəqliyyat, binalar, kənd təsərrüfatı və torpaqdan istifadədir.

Sözsüz ki, qlobal istiləşməyə görə məsuliyyət insanların üzərinə düşür. İqlimşünas alimlər sübut ediblər ki, son 200 ildə qlobal istiləşmənin demək olar ki, hamısında insanlar məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan insan fəaliyyətləri, yer üzünü istənilən vaxtdan daha sürətli istiləşdirən istixana qazları istehsalına səbəb olur.

İnsanlar iqlim dəyişmələrinin əsasən daha yüksək temperatur olduğunu düşünsələrdə, yüksələn temperatur problemin yalnız başlanğıcdır. Yaxşı bilirik ki, dünya hər şeyin bir-biri ilə əlaqəli olduğu bir sistemdir. Bu səbəblə bir sahədə baş verən dəyişmələr digər sahələrə təsir göstərir. 

İqlim dəyişikliyinin cari təsirlərinə şiddətli quraqlıqlar, su qıtlığı, şiddətli yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlaqlarının əriməsi, dağıdıcı tufanlar və biomüxtəlifliyin itməsi, qida çatışmazlığı, artan sağlamlıq riskləri, yoxsulluq və məcburi köçkünlərin artması daxildir. Lakin fəlakətlər bununla məhdudlaşmır.

Qeyd edək ki, minlərlə alim və ekspertləri Birləşmiş Millətlər Təşkilatının hesabatlarında razılaşırlar ki, qlobal temperatur artımının 1,5°C-dən çox olmamaqla məhdudlaşdırılması bizə ən pis iqlim təsirlərindən qaçmağa və yaşana bilən iqlimi qorumağa kömək edəcək. Bununla belə, hazırkı hesabatları göstərir ki, əsrin sonuna qədər qlobal istiləşmə 2,8°C-ə çatacaq.

Dünya böyük bir problemlə qarşı-qarşıya qalsa da, bunun həll yolu tapılır.

Bu həllər təkcə iqtisadi cəhətdən faydalı deyil, həm də həyatımızı yaxşılaşdırmağı və ətraf mühiti qorumağa səfərbər edir. Dayanıqlı İnkişaf, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (COP), Kioto protokolu və Paris Sazişi kimi qlobal çərçivələr və sazişlər də məhz tərəqqiyə nail olmaq üçün yaradılıb. Tullantıların azaldılması, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma və zəruri tədbirlərin maliyyələşdirilməsi bu platformaların əsas məqsədidir.

Enerji sistemlərinin qalıq yanacaqlardan uzaqlaşaraq günəş və ya külək kimi bərpaolunan enerji mənbələrinə keçməsi iqlim dəyişmələrinə səbəb olan tullantılar azaldacaq. 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq öhdəliyi götürən ölkələrin artan koalisiyasına baxmayaraq, istiləşməni 1,5°C-dən aşağı saxlamaq üçün 2030-cu ilə qədər emissiyaların azaldılmasının təxminən yarısı həyata keçirilməlidir. Bu hədəfə nail olmaq kömür, neft və qazdan istifadənin əhəmiyyətli dərəcədə azaldılması deməkdir: iqlim dəyişmələrinin fəlakətli səviyyələrə çatmasının qarşısını almaq üçün 2050-ci ilə qədər sübut edilmiş qalıq yanacaq ehtiyatlarının üçdəikisindən çoxu yerdə saxlanılmalıdır.

İqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmanın məqsədi insanları, onların evlərini, bizneslərini, yaşayış vasitələrini, infrastrukturu və təbii ekosistemləri qorumaqdır. Sözsüz ki, bu fəaliyyət təkcə bu günü deyil, gələcəyimizi də qoruyacaq.

İqlim dəyişmələri ilə mübarizə tədbirləri hökumətlərdən və bizneslərdən əhəmiyyətli maliyyə sərmayəsi tələb edir. Ancaq iqlimə təsirsizliyin dəyəri daha yüksəkdir. Çətin addımlardan biri inkişaf etməkdə olan ölkələrin yaşıl iqtisadiyyata keçə bilmələri üçün inkişaf etməkdə olan ölkələrə ildə 100 milyard ABŞ dolları ayırmaq üzrə öhdəliklərini yerinə yetirmələridir.

Hazırladı:

Aiza ŞABANOVA,

"Respublika".