İnfantil Makron diplomatik nümayəndəliyi oyuncağa çevirib
Siyasət

İnfantil Makron diplomatik nümayəndəliyi oyuncağa çevirib

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr aktiv kampaniyalar aparmağa başlayıblar. Kollektiv Qərb rəsmi Bakını əsassız şəkildə günahlandırıb, erməniləri hər mövzuda haqlı çıxara bilmək üçün ikili standartlar tətbiq edib.

Bu mövzuda yuyulmamış qaşıq kimi ortadan çıxmayan Fransa olub. Rəsmi Paris Ermənistana sonsuz dəstək verdiyi halda ölkəmizə qarşı ədalətsiz yanaşma sərgiləyir. Bu ölkənin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə layihələrin təşəbbüskarı olması Fransanın bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.

Nailiyyətlərimizə kölgə salmaq üçün başladığı dezinformasiya kampaniyaları nəticə verməyəndə isə rəsmi Paris milli-mədəni irsimizi hədəf alıb. Azərbaycan şairi Natəvanın Evian şəhərindəki abidəsi vandalizmə məruz qalıb. Heykəlin burnu və barmaqları qırılıb, gözləri, eləcə də adının yazıldığı hissələr qırmızı rəngə boyanıb. Bu hadisədən sonra Fransanın hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu 1-2 ay müddətində bükülmüş vəziyyətdə saxlayıblar.

Aprelin 2-də Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında fürsətdən istifadə edərək Azərbaycan əleyhinə təbliğat aparıb. O, rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini deyib. 30 il Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal altında olarkən bir dəfə də olsun rəsmi İrəvanın ünvanına ittiham səsləndirməyən Fransa Cənubi Qafqazda revanşist əhvali-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Regionda münaqişəni qızışdırıb sonra isə yüksək tribunalardan "humanizm" və "demokratiya"dan dəm vuran rəsmi Paris indi də yeni bir gediş edib. Bu ölkə Azərbaycandakı səfirini geri çağırıb. Fransa Xarici İşlər Nazirliyi diplomatla məsləhətləşmələr aparmaq üçün belə bir addım atıldığını bildirib. Artıq səfir Ann Buayon Fransadadır və Prezident Emmanuel Makronun qəbulundadır. Bu gediş əslində iki ölkə arasındakı münasibətlərin faktiki vəziyyətini ortaya qoyur. Çünki adətən səfirlərin geri çağırılması diplomatik əlaqələrin tamamilə qopması kimi şərh olunur və növbəti mərhələdə səfirliklərin bağlanması ilə nəticələnir. Yəni Fransanın Buayonu məsləhətləşmələr üçün geri çağırması Parisin anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Üstəlik, əgər məqsəd həqiqətən də məsləhətləşmək, müzakirə aparmaqdırsa, bunun üçün diplomatın Parisə getməsinə nə ehtiyac var?  Deməli, Fransa Ermənistana görə Azərbaycanla münasibətləri korlamaqdan çəkinmir, əlindən gələn hər şeyi edir və bunu dünyaya göstərmək istəyir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, ölkəmizin razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, 2020-ci il Vətən müharibəsindən sonra rəsmi Parisin açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Nazirliyin nümayəndəsi qeyd edib ki, Fransa tərəfi rəsmi Bakını birtərəfli hərəkətlərdə təqsirləndirsə də Azərbaycanın Yelisey Sarayına qarşı addımları və verdiyi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub:

"Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik. Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi XIX əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir".

Bir sözlə, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır. Bunun fonunda rəsmi Bakı öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirləri görməkdə davam edir. Yəni Fransa səfirinin nümayişkaranə şəkildə Parisə çağırılması ölkəmizi də adekvat addıma məcbur edə bilər.

Jalə QASIMZADƏ,

"Respublika".