İkiüzlü Qərb və onun qarşıdurma yaratma siyasəti
Siyasət

İkiüzlü Qərb və onun qarşıdurma yaratma siyasəti

Aprelin 5-də Brüsseldə Ermənistan-Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı arasında keçirilən görüşlə bağlı detallar üzə çıxıb. Üçtərəfli formatdakı təmaslarda hərbi paktın müzakirə edildiyini göstərən sənəd mediaya sızıb.

Əslində, sözügedən toplantıda rəsmi İrəvanla hərbi və təhlükəsizlik üzrə müzakirələrin aparılacağı və qeyd edilən istiqamətdə dəstəyin veriləcəyi əvvəlcədən aydın idi. Amma ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək sammitin nəticələrinin Azərbaycana qarşı olmayacağını iddia etmişdilər.

Bildirmişdilər ki, toplantı Ermənistanın iqtisadi problemlərinin həllinə və bu ölkədə aparılan islahatlara həsr olunacaq. Doğrudur, Qərb buna əks istiqamətdə kəskin addımlar atmadı. Görüşün sonunda məlum oldu ki, Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Amma indiki məqamda mediaya sızan sənədlər onu deməyə əsas verir ki, bu qrantlar sadəcə aysberqin görünən tərəfidir.

Bağlı qapılar arxasında həqiqətən də hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub. 20 bənddən ibarət sənəddə ABŞ və Avropa İttifaqının Ermənistana göstərəcəyi hərbi yardımlar ayrı-ayrılıqda və detalları ilə öz əksini tapıb. İlk növbədə, razılaşdırılıb ki, ABŞ Ermənistana müdafiə strategiyalarının öyrədilməsi və yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verəcək. Görünür, artıq prosesə start verilib. Çünki Birləşmiş Ştatların İrəvandakı səfiri Kristina Kvien aprelin 10-da erməni mətbuatına müsahibəsində etiraf edib ki, Vaşinqtondan bu ölkəyə hərbi müşavirlər göndəriləcək. Onlar Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcəklər. Digər tərəfdən, ABŞ Ermənistanın NATO ilə əməkdaşlığını uyğunlaşdırmaq məqsədilə müvafiq proqramlardan istifadə etməyi öhdəliyinə götürüb. Ağ Ev İrəvanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirməklə yanaşı, İranla sərhədə xüsusi diqqət yetirmək, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək məqsədilə lazım olan dəstəyi də göstərəcək. Bayden Administrasiyası, həmçinin Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə proqramı üzrə də dəstək verəcək. Paralel olaraq, ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyəti gücləndiriləcək. Bu isə rəsmi Vaşinqton tərəfindən erməni hərbçilərin təhsil alması, təlim keçməsi və hazırlanmasını nəzərdə tutur. Birləşmiş Ştatlar İrəvan ərazisində GPS texnologiyasının geniş tətbiqini də sürətləndirməyə çalışacaq. Çünki bu üsulla ordu hərbi əməliyyatlar zamanı koordinatların tapılmasından tutmuş hərəkət istiqamətlərini müəyyənləşdirməyə qədər geniş imkanlar əldə edir.

Avropa İttifaqı isə Ermənistan ordusunu Avropa Sülh Fondu çərçivəsində maliyyələşdirəcək. Bu dəstək həm ordunun silahlanmasına, həm də Aİ və NATO standartlarına uyğun yenidən qurulmasına imkan verəcək. Eyni zamanda alyans Paşinyan hakimiyyətinin Rusiya sərhədçilərini "Zvartnots" hava limanından, eləcə də Ermənistan-İran və digər sərhəd ərazilərindən çıxarılması qərarını dəstəkləyir. Onların yerini Aİ-nin "müşahidə missiyası" adı altında Ermənistana gələn Qərb qüvvələri tutacaq. Avropa İttifaqı Ermənistan və Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, eləcə də mühəndis istehkamlarının yaradılmasına da dəstək göstərəcək. Eyni zamanda Aİ-yə üzv dövlətlər və ABŞ Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidmətinin təlim və təchizatına yardım edəcək, Dövlət Təhlükəsizliyi Xidmətinin potensialını və təlim imkanlarını artıracaq.

Qərbin Ermənistana hərbi yardımı barədə təkzibolunmaz faktlar göz qabağındadır. Bununla belə, ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu ilə bağlı açıqlama verib. Bildirilib ki, bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb: "Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmiş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib".

İndiki məqamda Ağ Evin məsələnin üstünü ört-basdır etmək istəməsi aydındır. Ortada fakt var və bunu təkzib etməyin ən asan yolu onu dezinformasiya kimi qələmə verməkdir. Lakin hər kəsə gün kimi aydındır ki, sənəddə əks olunan məqamlar Ermənistan nümayəndə heyəti ilə ABŞ rəsmiləri arasında son dövrdə intensivləşən görüşlərdə konkret müzakirə obyekti olub. Odur ki, qərbli siyasətçilər "təkzib" siyasətindən əl çəkməlidirlər. Çünki bu sənəd ABŞ və Avropa İttifaqının Ermənistanı silahandırmaq planını detallı şəkildə ifşa edib.

Bir daha aydın olur ki, 5 aprel görüşü faktiki olaraq Cənubi Qafqazda Azərbaycanın üç ildən artıqdır ki, formalaşdırdığı sülh prosesinə, yeni reallıqlara və ümumilikdə sabitliklə bağlı bütün proseslərə mənfi təsir göstərəcək. Amma bundan ən çox ziyan görən məhz Paşinyan rəhbərliyi olacaq. Çünki onun "qurbanlıq" ölkəsinin bu yolla böyük güclərin plasdarmına çevrilməsi qaçılmaz olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".