İgid oğullar
Region

İgid oğullar

Lerik

Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Gülbaba oğlu Əliyev sinəsini Vətənə sipər etməklə adını tarixə yazıb. Namiq Əliyev 1974-cü ildə Lerik rayon, Şivlə kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib, ordu sıralarına çağrılıb. Xidmət etdiyi müddətdə həmişə keçirilən döyüş əməliyyatlarında fəal iştirak edib, Vətənə, torpağa məhəbbət ona düşməni məhv etmək üçün yeni bir güc, qüvvə verib. Mərdliyi, igidliyi əsgər yoldaşlarına da nümunə olub. Namiq Əliyev 1992-ci ilin 10 sentyabr tarixində Ağdərə rayonunun Sırxavənd bölgəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

1974-cü ildə dünyaya göz açan dağlar diyarı Şivlə kəndinin daha bir ölümsüzlüyə qovuşan qəhrəmanı Birinci Qarabağ şəhidi Tərlan Kamal oğlu Rüstəmovdur. O da 1992-ci ildə ordu sıralarına yola düşəndə erməni dığalardan Vətənin qisasını alacağına and içib. Tərlanın yağılarla savaşı Qarabağın qaynar bölgələrindən başlanıb. İştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsi göstərib. İgid əsgər son dəfə 1992-ci ilin 10 sentyabrında Ağdərə rayonunun Sırxavənd bölgəsində canından artıq sevdiyi Vətəni uğrunda savaşda çoxlu sayda erməni yaraqlısını məhv edib. Bu döyüşdən sonra ondan heç bir soraq olmayıb.

Vətən, millət yolunda canlarını fəda edən oğul və qızlarımızı ən xoş günlərdə yada salmaq, xatirəsini əziz tutmaq ən müqəddəs borcumuzdur. Bu günlər Şivlə kəndinin hər iki şəhid oğlunun doğum günü münasibətilə xatirələri anılıb. YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin müavini Habil Məlikov, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, kənd sakinləri , şəhidlərin ailə üzvləri qəhrəman oğulların məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Şivlə kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq- kompleksində və şəhid Tərlan Rüstəmovun ev-muzeyində olublar.

Zəfər ORUCOĞLU.