Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin təməlinin bu il 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin hələ sovetlər dövründə qoyduğunu bildirən Kamran Əliyev ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın Veliko Tırnovo bölgəsində mədəni-tarixi irsin qorunması istiqamətində aparılan işlərdən danışıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşev göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Bolqarıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılaraq beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.
Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Mehparə ƏLİYEVA,
"Respublika".