Azərbaycanın Baş Prokurorluğu: Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlarla əlaqədar cinayət işləri başlanıb
Digər xəbərlər

Azərbaycanın Baş Prokurorluğu: Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlarla əlaqədar cinayət işləri başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatlarla əlaqədar məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir: "Noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.

Bununla belə, dərin təəssüf hissi ilə bildiririk ki, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olmuş və 10 nəfər yaralanıb.

Şəhid olmuş hərbi qulluqçular:

1) Əliyev Natiq Yusif oğlu;

2) Niftəliyev Ümüd Oruc oğlu;

3) Cabbarov Orxan Hətəm oğlu;

4) Ağayev Elçin Mərifət oğlu;

5) Xəlilov Murad Qalib oğlu;

6) Əliyev Elçin Ramil oğlu;

7) Əlizadə Elmin Samir oğlu.

Həmin faktlarla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir.

AZƏRTAC