Hiylənin, yalanın, məğlubiyyətin “Cəngavər
Siyasət

Hiylənin, yalanın, məğlubiyyətin “Cəngavər"i

Tariximizə şanlı səhifə kimi yazılan İkinci Qarabağ müharibəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də düşmənin yaratdığı erməni mifini dağıtdı. Qələbəni əsgərimiz döyüş meydanında qazandı, Liderimiz İlham Əliyev siyasi savaşda erməni ideoloqlarını, lobbilərini, ermənipərəst, ermənidən çox ermənilik edən qüvvələri qətiyyətlə, məharətlə, əzmlə məğlub edərək şərəf və ləyaqətimizi bərpa etdi.

Düşmən ölkə Ermənistan yalan üzərində qurulmuş ideoloji, hərbi dayaqlarını itirdi, ordusu çökdürüldü, ağır məğlubiyyət nəticəsində kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Zaman dəfələrlə sübut edib ki, ermənilərin ayağı hara dəyibsə, harada ki, ermənilər yaşayıb orada pozuculuq fəaliyyəti, yalan, saxta təbliğat, qərəzli və kinli çıxışlar, xəbis erməni niyyəti kök atıb. Haylar etibarsızlığını, satqınlığını tarixin müxtəlif mərhələlərində nümayiş etdirib, əlinə girəvə düşən kimi xəncəri kürəkdən saplayıb, kölgəsinə, qoltuğuna sığındığı dövlətlərə, xalqlara qarşı xəyanət ediblər. Qardaş Türkiyədə bir zamanlar sarayda ən yüksək vəzifələrə yüksəldilən bu etnik qrup çətin dönəmdə ilk zərbəni çörəyini yediyi, sığınacaq tapdığı Osmanlı dövlətinə vurub. Qacarlar dövlətinə qarşı eyni şəkildə xəyanət ediblər.

Ən yaxın tarixə nəzər salaq. XIX əsrin əvvəllərində Azərbaycana köçürülən haylar bu torpaqlarda artıb törəyəndən sonra pənah gətirdikləri, qoltuğuna sığındıqları xalqımıza qarşı soyqırımı, deportasiya, hərbi cinayətlər, terror törətdilər. Ayağına çarıq, ağzına çörək verdiyimiz ermənilər haqqı unudan, həqiqətin üzərinə kölgə salan, yalan və böhtana vərdiş edən, iddialı, hər kəsi özlərinə borclu bilən, xəstə, çürük və əsası olmayan ideyalara inanan, yaxşılığa yamanlıqla cavab verən bir toplumdur. Bəlkə də yer üzündə mahiyyətcə haylara bənzəyən ikinci bir millət yoxdur. Xilaskar kimi qucaq açdığı, Cənubi Qafqazda erməni varlığını qoruyan, ərzaqla, silah-sursatla təmin edən Rusiyaya qarşı ermənilərin keçirdikləri etiraz aksiyaları, gizli nifrət onu göstərir ki, bu toplum yaxşılığı tez unudur, həyasızlıqla ondan imtina etməyi bacarırlar.

Məlum olduğu kimi, son vaxtlar Ermənistanda Rusiyaya qarşı etirazlar çoxalıb, baş nazir Paşinyan Rusiyanın iştirakı ilə keçirilən tədbirlərə qatılmır. Həm də bu, ilk hadisə deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik və ya təmsil etdiyi siyasi qüvvələr hələ 2018-ci ilin dekabrında "Rusiya işğalçıdır!", "Rusiya ordusu, Ermənistandan rədd ol!" kimi şüarlar səsləndiriblər.

Paşinyan hakimiyyətə havadarlarının köməyi və pulları hesabına törədilən inqilabın qanadları üstündə gəlib. Bol vədlər versə də, "demokratiya"dan dəm vursa da, Ermənistanı uçurumun kənarına sürükləyib, boş vədləri eşitməkdən bezən erməni cəmiyyəti 2018-ci ildən bəri hələ də küçələrdən yığışa bilmir. İndi qədim İrəvanın küçələrində hayları polis dəyənəyi müşayiət edir, danışanın ağzı bağlanır, etiraz edənlər həbsxanalara salınır. "Qarabağ Ermənistandır" yalanına görə erməni cəmiyyəti çox ağır bədəl ödəməli oldu, 44 günlük müharibədə Ermənistan ordusu məğlubiyyətə uğradı, erməni gəncləri ət maşınından keçirildi. Azərbaycanın sülh təklifindən hiyləgərliklə qaçan, Avropa qapılarında vurnuxan, sərt döngələrdə atları dəyişməyə cəhd edən, öz xalqına qan qusduran Paşinyanın müqəddəs taxt-tacın ali mükafatlarından biri olan "Cəngavər" ordeni ilə təltif edilməsi həm istehza doğurur, həm də avropalıların kapitulyasiya sənədi imzalayanın döşünə orden taxmasına bişmiş toyuğun da gülməyi gəlir. "Cəngavər"in öz yaxın qonşularını qoyub Qərbdə hami axtarması elə Don Kixotun yel dəyirmanı ilə vuruşmasına bənzəyir. 1847-ci ildə Papa IX Piya tərəfindən kilsə və cəmiyyət qarşısında görkəmli xidmətlərini mükafatlandırmaq üçün təsis edilmiş ordeni müqəddəs taxt-tacın Ermənistandakı nümayəndəsi arxiyepiskop Xose Avelino Betankur baş nazir Nikol Paşinyana təqdim edib. Baş nazir "kilsə və cəmiyyət qarşısında müstəsna xidmətlərinə" görə təltif edilib. Axı həmin Paşinyan kilsədə keşişlə əl uzadıb görüşmək istəyəndə onun əli havada qaldı və keşiş ona əlinin işarəsi ilə "rədd ol buradan" ismarışı verdi.

Siyasi fəal Armen Aşotyan öz "Facebook" səhifəsində Paşinyan haqqında yazır: "Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?" Əslinə baxılırsa, bütün bunlardan sonra Ermənistanda saxtalaşdırmalara həvəsin haradan gəldiyinə təəccüblənməyə dəyməz! Əgər dünənin hadisələri belə insafsızcasına saxtalaşdırılırsa, onda daha "çar Tiqran dövrü" barədə nə demək olar? Demək olar ki, o dövrdə cəmi "iki millət" - "ermənilər"... və Azərbaycan Prezidentinin dili topuq çalan "tarixçi" Paşinyana lap yerində verdiyi ipucuya əsasən, "elə yenə də ermənilər" olub.

Erməni fəalın sözünə qüvvət üçün deyək ki, doğrudan da, heç nəyə təəccüblənmək lazım deyil. Hazırda acınacaqlı vəziyyətdə olan və bu kompleksdən əziyyət çəkən bir xalqın, əslində, heç bir gələcəyi yoxdur, keçmişi də yoxdur həqiqətini ört-basdır edən Fransa kimi dövlətlər Ermənistanı yenidən təhlükə qarşısına atırlar. Bu barədə Prezident cənab İlham Əliyev həmin dövlətlərə xəbərdarlıq edərək bildirir ki, bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar, onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Ermənilər Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya.

Əslində Fransadan və bəzi siyasilərdən, Fransa senatından ədalət gözləmək absurddur, işğalçının kirli və qara xislətini müdafiə etmələri onların bəd niyyətindən xəbər verir. Dünya tarixinin silinməz səhifələrinə Fransa öz adını müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazıb. Xarici siyasətində Türkiyəyə və türk dünyasına qarşı düşmənçilik münasibəti nümayiş etdirən ölkələr arasında ilk sırada Fransa dayanır. Xüsusilə, son dövrlərdə islamofob siyasət yürüdən Fransanın xarici siyasətində türkofobiya da açıq şəkildə görünür. Siyasi şərhçilər hesab edirlər ki, hazırda erməni lobbisinin əsirinə çevrilən Makron iqtidarı Türkiyə ilə əlaqələri inkişaf etdirməli və regional təhlükəsizlik problemlərinin həllində Türkiyə ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində münasibətlər qurmalıdır. Lakin son dövrdə Fransada yüksəlişdə olan millətçilik meyilləri, erməni lobbisinin təsiri, islamofobiya və türkofobiya ilə əlaqədar post-Makron dövründə də ikitərəfli əlaqələrin asanlıqla müsbət istiqamətdə dəyişəcəyi ehtimalı çətin görünür. Yəqin ki, Makronun xahişi ilə Paşinyana "Cəngavər" ordeninin verilməsi Ermənistanda yaxın vaxtlarda hansı küləklərin əsəcəyini tezləşdirir. Özləri bilərlər, axsaq atın kor nalbəndi olar.

Ermənistana, onun havadarlarına, "bacılıq" etdiyi dövlətlərə Prezident İlham Əliyev növbəti dəfə xəbərdarlıq edərək bildirib ki, bu gün "Qarabağ Ermənistandır və nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalı, bizimlə sülh müqaviləsi imzalamalıdır.

Salman ALIOĞLU,

"Respublika".