Hindistanla Ermənistanın hərbi əməkdaşlığının səbəbi
Digər xəbərlər

Hindistanla Ermənistanın hərbi əməkdaşlığının səbəbi

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə onun təkcə dünya ölkələri ilə olan münasibətinə deyil, regiondakı güclər balansına da təsir etdi. Belə ki, 44 günlük müharibə dövründə ölkəmizin tərəfkeşləri bir daha bəlli oldu. Hazırda xain düşmənimizlə əlbir olan Fransa, İran, Hindistan kimi ölkələrin bizə qarşı müxtəlif cəbhələrdə açıq düşmənçilik siyasəti aparması onların bir daha siyasi cəhətdən zəifliyinin göstəricisidir. Hindistan üçün vaxtilə heç bir əhəmiyyət kəsb etməyən Ermənistan 44 günlük müharibədən sonra nədənsə birdən-birə tərəfdaşa çevrilib. Belə ki, iki ölkə arasında rəsmilərin səfərləri baş tutmuş, əməkdaşlıqlar genişlənmişdir. Bununla yanaşı, Ermənistanın "vəkili" qismində Hindistan hökuməti ölkəmizə qarşı bir sıra siyasi bəyanatlar da səsləndirmişdir. Hindistan, həmçinin Ermənistanın ölkəmizə qarşı xain əməllərinə də ortaq olmuşdur. Bu ortaqlıq həm də onların Ermənistanla hərbi sahədə əməkdaşlığı ilə də müşayiət olunur.

Hindistanın ölkəmizə olan qeyri-səmimi münasibətinin səbəbi kimi Azərbaycan-Pakistan hərbi əməkdaşlığının gücləndirilməsi göstərilir. Bu barədə əvvəllər Ermənistanın Hindistandakı səfiri olmuş Armen Barburtyan fikirlərini belə əsaslandırmışdır: "Pakistan və Azərbaycan arasında olan hərbi sahədə qarşılıqlı fəaliyyət və əməkdaşlıq Hindistanın Ermənistanla münasibətləri inkişaf etdirmək istəyinə təsir göstərir". Təbii ki, bunlar sadəcə bəhanədir. Çünki Hindistanın narazılığının kökündə həqiqətən bu məsələ olsaydı, ölkənin təhlükəsizliyi üçün təhdid hesab edilən məsələlər həll yolunu tapardı. Hindistanın Ermənistana üstünlük verməsinə əsas səbəb Pakistanı Kəşmir məsələsində güzəştə getməyə məcbur etməkdir. Ancaq bu münaqişə Pakistan üçün həyati vacib məsələdir və İslamabad-Bakı əlaqələrinə ciddi təsiri demək olar ki, olmayacaq. Bütün bunlara baxmayaraq, Hindistan Ermənistanın hərbi və siyasi cəhətdən gücləndirilməsinin ona əlavə dividend qazandırmayacağının da fərqindədir.

Xatırladaq ki, hələ 2020-ci ilin yazında, Ermənistan hökuməti Azərbaycanla müharibəyə "hazırlaşdığı" üçün Hindistandan dörd yerüstü radar almaq qərarına gəlmişdi. Bu məqsədlə, iki ölkə arasında dəyəri 40 milyon dollardan çox olan müqavilə də imzalanmışdı. Əslində Hindistanın bu addımı atmaqda əsas məqsədi Bakını və İslamabadı qıcıqlandırmaq idi. Üzləşdiyi saysız-hesabsız uğursuzluqlara baxmayaraq, Ermənistan yenə də Hindistan ilə hərbi əməkdaşlığını genişləndirməkdədir. Şübhəsiz ki, iki ölkə arasında olan hərbi əməkdaşlıq Cənubi Qafqazdakı sülhə təhdiddir. Üstəlik, bu, Hindistanın region barədə bədxah niyyətlərinin təzahürüdür.

Hindistan istənilən zaman Ermənistan tərəfindən xəyanətə uğraya bilər. Buna misal olaraq, hindistanlıların fəxri Mahatma Qandi heykəlinin İrəvanda yumurta yağışına tutulmasını, sonra isə od vurulmasını göstərmək olar. Halbuki, bu abidə Ermənistan Ağsaqqallar Şurasının qərarına əsasən tikilmişdi. Naməlum səbəblərdən abidənin rəsmi açılışı da baş tutmamış, əksinə heykəl ermənilər tərəfindən bir neçə dəfə təhqir edilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın moderatorluq etdiyi bütün beynəlxalq layihələrdə Hindistana qarşı münasibəti də birmənalı olmayıb. İstər "Qədim İpək Yolu"nun inkişafında, istərsə də Zəngəzur dəhlizinin açılmasında rəsmi Bakı Hindistana etibar etməyib. Çünki onun xarici siyasətində islamofobiya faktoru dayanır. Bu xəstə yanaşma isə Hindistan siyasilərinin bölgədəki vəziyyəti, inkişaf perspektivlərini və davamlı sülhün vacibliyini düzgün qiymətləndirməsinə mane olur.

Nəzrin ELDARQIZI,

"Respublika".