Bərdədə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Digər xəbərlər

Bərdədə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Bərdədə Vətən müharibəsinin qəhrəman şəhidi Nərimanov İdris Nazim oğlunun doğum günü qeyd olunub.

“Respublika” xəbər verir ki, keçirilən anım tədbirində Bərdə Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Mehdili İƏD üzrə nümayəndəliyinin, Ə.Dadaşov adına Xanağalı kənd orta məktəbinin rəhbərliyi, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak edib.

Şəhidin məzarı ziyarət olunub, qəhrəman Azərbaycan əsgərinin şücaətindən bəhs edən çıxışlar olub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olub. 2018-2020-ci illərdə müddətli əsgər kimi Azərbaycan Ordusunda hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı başlanan əks-hücum əməliyyatı zamanı İdris Nərimanov Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. 10 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətindəki döyüşlərdə şəhadətə ucalıb. Bərdə rayonu Xanağalı kənd qəbristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nərimanov İdris Nazim oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Vətən müharibəsi zamanı İdrislə bərabər qardaşı Sədi də tankçı kimi döyüş əməliyyatlarında iştirak edib hal-hazırda hərbi xidmətini davam etdirir.

Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun!

Vəli VƏLİYEV,

“Respublika”