Hindistandan Hayastana silah tədarükü
Digər xəbərlər

Hindistandan Hayastana silah tədarükü

İkinci Qarabağ müharibəsində ölkəmizin qələbəsi bir sıra güclərin diqqətini regiona yönəldib. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqazda maraqlarını həyata keçirmək istəyən kifayət qədər dövlətlər mövcuddur. Bu cür xəbis məqsədli ölkələrdən biri də Hindistandır. Hindistanın siyasəti digərlərindən xeyli fərqlənir, daha dəqiq desək, bu dövlət Ermənistanı əlaltısı kimi istifadə edir. Bununla, Hindistan regionda cərəyan edən hadisələrə müdaxilə etmək istəyir. Belə ki, dövlət arasında ticari-iqtisadi əlaqələr yox səviyyəsində olsa da, rəsmi Nyu-Dehli İrəvanla əməkdaşlığı genişləndirməkdən söz açır. Onların əməkdaşlığında hərbi-texniki sahə mühüm yer tutur. Hindistan və Ermənistanın hərbi əməkdaşlığa dair 250 milyon dollarlıq müqavilənin mövcudluğu bunun bariz nümunəsidir.

2022-ci ilin payızına nəzər salaq. Hindistana səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan müdafiə naziri Şri Racnath Sinkhlə ikitərəfli hərbi, hərbi-texniki əməkdaşlığa dair məsələləri müzakirə ediblər. Ölkələr arasında imzalanan müqaviləyə görə, Hindistanın qarşı tərəfə 214 millimetrlik "Pinaka" reaktiv yaylım atəş sistemi, adı çəkilməyən tank əleyhinə raket kompleksi, müxtəlif silah-sursat verəcəyi planlaşdırılıb. Bundan əlavə, hələ 2020-ci ildə Ermənistana Hindistan tərəfindən 40 milyon dəyəri olan 4 "Swathi" kontr batareya radarı verilib.

"Tərəfdaş ölkələr"in hərbi-texniki əməkdaşlıqla yanaşı, ticarət dəhlizi barədə də xülyaları var. "Şimal-Cənub dəhlizi" adlanan bu layihəyə müvafiq olaraq, yolun Hindistanın Mumbay limanından İrana, Azərbaycandan yan keçməklə Ermənistana, oradan isə Avropaya çatdırılması proqnozlaşdırılıb. Bu isə İranın uzun illərdir xəyalını qurduğu İran-Ermənistan-Gürcüstan-Qara dəniz layihəsini xatırladır. Şübhəsiz, İran və Ermənistanın bu istəyi ancaq yuxu ola bilər. Çünki haylar və mollalar riskli ölkələrdən hesab olunur. Bu məqsədlə, layihənin reallaşması üçün heç bir dövlət, eləcə də beynəlxalq maliyyə qurumu kredit ayırmağa maraq göstərmir. Həmçinin, sözügedən layihə siyasi-iqtisadi cəhətdən səmərəli də hesab olunmur. Bütün bunlar deməyə əsas verir ki, Hindistan-İran-Ermənistan "dəhlizi də" daha çox çıxılmaz dalana bənzəyir. Bununla yanaşı, Hayastan hazırda çoxsaylı problemləri və xarici ianələr hesabına mövcud olan iqtisadiyyatı, regionda oynadığı pozucu fəaliyyəti ilə dalan rolunu icra edir.

Xatırladaq ki, ötən gün Hindistan İrandan keçməklə Ermənistana hərbi təyinatlı yük tədarük edib. Mediada yayılan videolarda İranın Nurdüz sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti açıq-aydın görünür. Bu yüklər şübhəsiz, hərbi təyinatlıdır. Hindistan isə bu silahların tədarükçüsüdür. Rəsmi Nyu-Dehlinin bu addımı revanşist-işğalçıya yardım olaraq qəbul edilir. Əslində, Hindistan belə əməllərlə Cənubi Qafqazda İran və Ermənistanla əlbir olub Türkiyə-Azərbaycan-Pakistan üçlüyünə alternativ formalaşdırmaq məqsədi güdür. Amma Hindistan unudur ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Hindistan isə Ermənistanı silahlandırmaqla barışığa, əməkdaşlığa və təhlükəsizliyə böyük təhdid yaradır. Beləliklə, Hindistan pozuculuq fəaliyyəti ilə İrəvanın xain əməllərinin icrasına şərik olur. Hindistanla yanaşı, Fransa və İran da Ermənistanın silahlanmasına yardım göstərir. İkinci Qarabağ savaşında şimaldan göndərilən silahların İran vasitəsilə Ermənistana ötürülməsi də hər kəsə məlumdur.  Yəqin Ermənistan bununla Rusiyanın yerini İran və Hindistanla doldurmağa çalışır. İran Hayastana təbii qaz, Hindistan isə hərbi texnika tədarük etməklə Cənubi Qafqazda müharibəni alovlandıran xarici qüvvələr kimi öz xainliklərini təsdiqləyirlər.

Nəzrin ELDARQIZI,

"Respublika".