Heydər Əliyevin 100 illik yubiley ilə bağlı silsilə məqalələr
Diaspora

Heydər Əliyevin 100 illik yubiley ilə bağlı silsilə məqalələr

Xarici mətbuat Heydər Əliyevin 100 illik yubileyinə silsilə məqalələr həsr edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin 19 may tarixində yaydığı məlumatda bildirilir.

Diaspor təşkilatları rəhbərlərinin və fəallarının təşəbbüsü ilə ABŞ, Yaponiya, Gürcüstan, Estoniya, Özbəkistan, Oman, Misir, Səudiyyə Ərəbistanı,  Əlcəzair, İordaniya, Küveyt, Suriya, Mərakeş, İraq, Livan və digər ölkələrin KİV-lərində dünyanın nüfuzlu siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevə həsr olunmuş məqalələr, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan diasporunun keçirdiyi tədbirlər barədə məlumatlar dərc olunub.

Məqalələrdə dahi şəxsiyyətin mənalı həyatından, çoxşaxəli siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, bütün sahələrdə, o cümlədən diaspor quruculuğu sahəsində müstəsna rolundan söz açılıb. 80 illik ömrünü fədakarcasına vətənimizə xidmətə həsr etmiş Heydər Əliyevin Azərbaycanın ən çətin anlarında xalqının yanında olduğu, daxili siyasəti ilə ölkəmizə sabitlik gətirdiyi, çoxvektorlu xarici siyasəti ilə Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdiyi, ölkəmizi vətəndaş müharibəsindən və parçalanmaqdan qurtardığı, dinamik inkişaf yoluna çıxardığı, respublikamıza çoxsaylı dost və tərəfdaşlar qazandırdığı vurğulanıb.