Heydər Əliyev və azərbaycançılıq məfkurəsi
Digər xəbərlər

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdükləri ideyalar və qəbul etdikləri qərarlarla nəinki dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur. Həyatın əsrlərdən bəri sınaqdan çıxardığı və təsdiqlədiyi dəyişməz bir həqiqət var ki, tarix onu yaradanların tarixidir. Doğrudan da, tarixin dəyəri onu yaradan, tarixi prosesləri istiqamətləndirən, nəhayət tarixin gedişatını dəyişməyi bacaran böyük şəxsiyyətlərlə ölçülür. Heydər Əliyev məhz tarix yaradan fenomenal şəxsiyyət idi. Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.

Məhz Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olmuşdur. Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tərkibində olduğu illərdə də, mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siyasətinə və islamofobiya meyillərinə baxmayaraq, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun varlığını təmin edə bilmişdir. Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdir. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1970-1980-ci illərdə azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar müəyyən qədər bəhrələnərək bir çox əsərlər yaratmışlar. Həmin əsərlərdə azərbaycançılığın mühüm sahələri olan ümumazərbaycançılıq hisslərinin, Azərbaycan dilinin, milli şüurun, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından çıxmış ənənələrin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi və s. məsələlər təlqin olunmuşdur. Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdır. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə respublikanın gələcək inkişafının sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən azərbaycançılıq ideologiyasını yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideya-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi.

Ümummilli Lider qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Azərbaycançılıq ideologiyası sonrakı illərdə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, ölkəmizlə bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər ümummilli lider Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, ulu öndərin dövründə ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.

Göründüyü kimi, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının təməlində ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası), ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. kimi ali dəyərlər dayanır.

Ulu öndərin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşın imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, ümumvətəndaş birliyi dövlətçiliyin təməlində dayanmalıdır.

Dahi lider azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətini, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli mənafeləri, milli-mənəvi dəyərlərin qorunması və sair prosesləri çox qısqanclıqla qarşılayırlar. Ümummilli lider Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi.

Ulu Öndər azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı, eyni zamanda müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü.

Müdrik siyasətçi azərbaycançılıq ideologiyasının ilk növbədə, dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti - müstəqil Azərbaycanın əsasını qoyurdu.

Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.

Ulu öndər Heydər Əliyevin fəaliyyətinin istər ölkə, istərsə də dünya miqyasında yüksək qiymətləndirilməsi azərbaycançılıq ideologiyasının təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev irsinin və azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirilən müxtəlif tədbirləri təkcə bu dahi insanın şəxsiyyətinə münasibətlə əlaqələndirmək olmaz. Bu tədbirlər böyüməkdə olan gənc nəslin dövlətçilik duyğularının inkişaf etdirilməsi baxımından da çox böyük əhəmiyyətə malikdir. Məhz bu ilin "Heydər Əliyev İli" elan olunması buna misaldır. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur".

Ulu Öndər Heydər Əliyevin bütün uğurlarının fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə-azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin rəhni baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və layiqli siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Biz bundan sonra da milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daim yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirməli və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

Bugünkü müasir Azərbaycanın qüdrəti məhz dahi liderin əsasını qoyduğu müstəqil siyasət və layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərlə birbaşa bağlıdır. Çünki dövlət, xalq və ordu o zaman güclü olur ki, ona qüdrətli lider başçılıq edir.

Vəfa HEYDƏROVA,

Qax Rayon İcra Hakimiyyəti

başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.