Heydər Əliyev və Azərbaycan dili
Digər xəbərlər

Heydər Əliyev və Azərbaycan dili

"Heydər Əliyev İli" çərçivəsində Şirvan Şəhər Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirildi. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə verilən qiymətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Ulu öndərin şəxsi təşəbbüsü, qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edildiyini qeyd edən İlqar Abbasov ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, müasir və müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini diqqətə çatdırdı. "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda videoçarx nümayiş olundu.

Tədbirdə pedaqoji elmlər doktoru, professor Akif Abbasov məruzə ilə çıxış edərək bildirdi ki, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli yer tutan dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, onunla fəxr etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrədib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, "İşıq" qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov, Əməkdar müəllim Sevil Xudiyeva Ulu Öndərin dilimizin inkişafı istiqamətində atdığı addımlardan danışaraq, bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsinin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".