Heydər Əliyev dühası ehtiramla anılır
Digər xəbərlər

Heydər Əliyev dühası ehtiramla anılır

Şəxsiyyətin tarixin gedişatında rolu, hadisələrin müsbətə doğru dəyişməsinə təsiri məsələləri daim geniş müzakirə obyekti olmuşdur. Bu məsələdə bir çox tədqiqatçılar şəxsiyyətin hadisələrdə rolunu o qədər qabartmamışlar. İkinci tərəf siyasi xadimin hadisələrə təsirini ön plana çəkir, hadisələri şəxsiyyətlərin yaratdığı qənaətinə gəlmişlər. Digər bir qrup isə şəxsiyyətləri həm hadisələrin məhsulu, həm hadisələri yaradan tərəf hesab etmişlər ki, burada da siyasi xadim həm hadisələrin formalaşdırdığı bir şəxsiyyət, həm hadisələrə təsir edə biləcək gücə malik bir lider kimi göstərilmişdir. Fikrimizcə, üçüncü yanaşma siyasi romantizmdən uzaq olaraq, tam reallığı əks etdirir. Yəni, güclü siyasi xadim hadisələrin təsiri ilə zamanın hökmünə uyğun yetişir xalqının, millətinin rifahı naminə hadisələri dəyişmə gücünə malik olur. Həmin düha millətin, dövlətin hər bir vətəndaşının qəlbində, ruhunda yüksələrək, ümummilli lider zirvəsinə ucalır. Heç hər xalqın taleyinə millətinin rifahı uğrunda çalışan, milli vəhdəti formalaşdıran şəxsiyyətlər yazılmır. Buna görə Heydər Əliyev kimi dühanın Azərbaycan xalqının taleyində var olması, yaradanın bu xalqa ən böyük lütfüdür.

Heydər Əlivev dühası, şəxsiyyəti o qədər yüksək bir zirvədir ki, bu gün hər bir ziyalı, istər müəllim, həkim, mühəndis ümumiyyətlə, dövlətini, dövlətçiliyini sevən Azərbaycan Respublikasının hər bir vətəndaşı onu yüksək ehtiramla anır. Çünki xalqın ən çətin vəziyyətində onun yanında olan, xalqın, dövlətçiliyin məhv olmasının qarşısını almaq üçün öz canını, ailəsini, ətrafını riskə atan bir insan min illər keçsə yenə ümummilli lider kimi nüfuzunu qoruyub saxlayır.

Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi dövründə Azərbaycan müttəfiq respublikalar arasında bütün sahələrdə ön sıralarda gedirdi. Ölkənin infrastrukturunun yaxşılaşdırılması, regionların mədəni-iqtisadi tərəqqisi məhz 1970-80-ci illərə təsadüf edir. Dahi liderin uzaqgörən siyasətinin nəticəsi idi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət yetirilir, mərkəzin müstəmləkə iqtisadiyyatı konsepsiyasına ağır zərbə vurulur, daxili istehsal sahələri artırılırdı.

Ümummilli lider sovet dövlətinin gələcəyinin olmamasını uzaqgörənliklə duyurdu. Belə ki, 1990- ildə Bakıya qayıtdıqdan sonra siyasi cəhətdən sovet dövlətinin varlığının qorunmasına tərəfdar olan qruplara qarşı çıxdı. Heydər Əliyev həm eklektizm burulğanından çıxa bilməyən xaosa qarşı mübarizə aparırdı. Sözügedən dövrdə yeni yaradılmış respublikada xaos özbaşınalıq baş alıb gedirdi. Dövlət idarəçiliyində təcrübəsiz romantik-ümmətçilərin yer alması millətçi qrupların dövlətin idarə edilməsinə təzyiqinin nəticəsi olaraq mülki əhali arxa cəbhədə, ordu isə  ön cəbhədə əziyyət çəkirdi.

Xalqın ziyalı təbəqəsi yaxşı anlayırdı ki, ölkənin xilas yolu yalnız ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin şəxsi nüfuzu o vaxtkı iqtidarı narahat etdiyindən müxtəlif yollarla onun paytaxta gəlməsinə süni maneələr yaradılırdı. Lakin əyalətlərdən gələn sarsıdıcı xəbərlər cəbhədəki uğursuzluqla nəhayət, Gəncədə qiyamın qalxması iqtidarı mat vəziyyətinə qoydu. Heydər Əliyev xalqın təkidi xahişi ilə Bakıya gəldi. Onun parlament iclasında alovlu çıxışı öz həyatını təhlükəyə atıb Gəncəyə yola düşərək vətəndaş müharibəsi təhlükəsinin qarşısını alması Azərbaycan xalqının yaradanın unutmadığı xalq olduğunu  bir daha  sübut edirdi.

Siyasi xadim keyfiyyətləri elə bir ölçüdür ki, onun bütün standartlarının formalaşmasında cəmiyyətdəki proseslərlə bərabər, xalqın ictimai rəyi böyük rol oynayır. Ulu öndərin müstəqil dövlətimizdə hakimiyyətə gəlişinin əsas mənbəyi məhz xalq amilidir. Xalqımızın dövlətçilik ənənələrinə malik olmasının, türk-müsəlman dünyasında yüksək zirvədə dayanmasının nəticəsi idi ki, o, öz müqəddəratının həllini onu hər zaman doğma bilən taleyüklü məsələlərini çiynində daşıyan şəxsə həvalə etdi. Məhz həmin gündən etibarən destruktivizm xarakterli idarəçiliyə, xaotik duruma, eklektik siyasi addımlara qarşı mübarizə başlandı.

Rahim HƏSƏNOV,

AMEA Şəki Regional Elmi Mərkəzin şöbə müdiri.