“Həyat
Mədəniyyət

“Həyat" qəzeti: fikir, düşüncə, mübarizə salnaməsi

XIX əsrin ortalarında və sonrakı illərdə Azərbaycan ziyalıları xalqın müstəmləkə əsarətindən xilası üçün ilkin şərt kimi özünüdərk məsələsini irəli sürürdülər. Milli özünüdərk isə mədəniyyətdən qaynaqlanır. Bu səbəbdən də o dövrlərdə Azərbaycanda, ilk növbədə Bakıda milli burjuaziyanın sosial, iqtisadi, mədəni mərkəzi və təsisatının yaranması vahid dili, mədəniyyəti, ərazisi olan Azərbaycan xalqını bir millət kimi formalaşdırırdı.

"Azərbaycan tarixi" kitabında yazılır: "Burjua mədəniyyətinin yaranması azərbaycanlıların milli şüurunun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın suverenliyi uğrunda mübarizə üçün çox vacib idi". Çarizm isə Azərbaycanda ana dilində məktəb, kitab nəşri, mətbuatın yayılmasına mane olmağa, milli oyanışa aparan yolları bağlamağa, xalqı xurafat və qəflət içində saxlamağa çalışır, xüsusilə tarix boyu güclüyə qul olan ermənilərin vasitəsilə bu prosesi ləngidirdi. Həmin dövrdə böyük mesenat Hacı Zeynalabdin Tağıyev azərbaycanlıların təhsilinə, onların universitetlərdə oxumalarına maddi yardım göstərir, ziyalılarımızın qabaqcıl nümayəndələri çarizmin müstəmləkə siyasətinə qarşı mübarizə aparırdılar. M.F.Axundzadə, H.Zərdabi, N.Nərimanov və başqaları xalqın milli oyanışına, cəhalət məngənəsindən çıxmasına çalışır, onları elmə, maarifə çağırır, XIX əsrin 70-ci illərindən Tiflisdə nəşr olunan "Ziya" (bu qəzet sonralar "Ziyayi-Qafqaziyyə" adlanırdı) qəzetinin səhifələrində məqalələrlə çıxış edirdilər. Azərbaycan ziyalılarının ilk mərhələdə böyük tarixi xidməti ana dilində məktəb açmaq, ana dilində mətbuat yaratmaq, yeni dövrün demokratik tələblərinə cavab verən bədii əsərlər yazıb onları yaymaqdan ibarət idi.

XIX əsrin son rübündə Azərbaycanda çox böyük çətinliklər hesabına ana dilində mətbuat yarandı. Həsən bəy Zərdabinin rəhbərliyilə 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxdı. "Əkinçi" qabaqcıl maarifçi və demokratik fikirlərilə, fanatizmə, mövhumata qarşı tənqidi məqalələrilə ictimai fikrə güclü təsir edirdi. Çarizm isə əsarət altına aldığı türkdilli ölkələrdə məxfi nəzarət şəbəkələri yaradır, təqibləri gücləndirirdi. Belə bir mürəkkəb şəraitdə vətənpərvər ziyalıları bir yerə yığıb onlara başçılıq edəcək bir rəhbərə ehtiyac duyulurdu...

1903-cü ildə Türkiyədən vətəninə qayıdan Əli bəy Hüseynzadə özünün milli türkçülük, islamlaşma və avropalaşma siyasi məramnaməsini nəzəri və praktik baxımdan artıq işləyib hazırlamışdı. Onun bu üçlü məramı Azərbaycan xalqının rus müstəmləkəçilərindən azad olması üçün siyasi mübarizə proqramı oldu. Əsas məsələ bu proqramı vahid bir nəzəriyyə şəklində birləşdirmək idi. Əli bəy Hüseynzadə bu məqsədinə çatmaq üçün "Həyat" qəzeti və "Füyuzat" məcmuəsindən geniş istifadə etdi.

"Həyat" qəzeti 1905-ci il iyunun 7-də nəşrə başladı və elə ilk nömrədən mübarizlik ruhu ilə seçildi. Türk kəlməsinin dilə gətirilmədiyi, "mən türkəm" deməyə cəsarət edilmədiyi bir vaxtda Ə.Hüseynzadə mənəvi-tarixi cavabdehliyi öhdəsinə alaraq "Həyat" qəzetinin səhifələrində əsarətin, həqarətin odu, alovları içərisində vurnuxan türk xalqlarına üz tutaraq: "Biz türkük!" - deyə bütün dünyaya car çəkdiyi haqq səsilə onların milli oyanışına təkan verirdi. Bu böyük türk fədaisi rus və erməni millətçilərinin yasaq etdiyi "türk və islam" sözlərini nəinki "Həyat" qəzetinin sərlövhəsindən çıxarmadı, hətta bu qəzetlə türk xalqlarının türk adını təsdiqlədi, türkün kimliyini bərpa etməyi və qorumağı təxirəsalınmaz vəzifəsinə çevirərək yazdı: "Bu məsələ qayət mühümdür. Surəti-zahirdə nə qədər sönük görünsə də, həqiqət halda böyük, daimi bir əhəmiyyəti vardır".

Azərbaycan ictimai fikir tarixində "Həyat" türkçülüyün mətbuat orqanı kimi tanınsa da, xalqımızın həyatında erməni məsələsini açıqlayan qəzet kimi böyük rol oynamışdır. O, dövrünün əsl milli mətbuatı idi.

Nəşrin ilk sayından ana dili məsələsi müzakirə obyektinə çevrildi. Əli bəy Hüseynzadə bu məsələdə ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyur, bu ideyanı praktiki baxımdan öz əsərlərində genişləndirir, müdafiə edirdi. Türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün ümumtürk ədəbi dilinin qaydalarının hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Əli bəy Hüseynzadə ədəbi dili millətin mövcud olması, yaşaması üçün vacib şərtlərdən biri hesab edir və bu barədə yazırdı: "Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yaşamaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur".

Bütün təhdid və təzyiqlərə baxmayaraq, qəzet 1906-cı il sentyabrın 3-dək fəaliyyət göstərdi, cəmi 325 nömrəsi işıq üzü gördü, ancaq bu qısa zamanda qarşıya qoyulan məqsədə qismən də olsa, nail oldu. Qafqazdan Volqaboyuna, Orta Asiya, İran və Türkiyəyə geniş yayılaraq bu coğrafi məkanda yaşayan türk və müsəlmanları qəflətdən oyatdı, onların gələcək yoluna işıq saldı...

Zümrüd QURBANQIZI,

"Respublika".