Hər bir qurum öz qərarlarına hörmətlə yanaşmalıdır
Digər xəbərlər

Hər bir qurum öz qərarlarına hörmətlə yanaşmalıdır

Təcrübə göstərir ki, istər beynəlxalq təşkilatlar, istərsə də bir sıra iri dövlətlər oxşar və ya eyni mahiyyətli problemlərə müxtəlif münasibət sərgiləyirlər. Biz bunu ötən 30 illik işğal dövründə daha çox gördük. Tarixi torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi. O zaman ölkəmiz beynəlxalq səviyyədə haqq səsini ucaldıb, dünyanı münaqişənin ədalətli həllinə səsləsə də, nə nüfuzlu beynəlxalq təşkilatlar, nə də nəhəng dövlətlər səsimizə səs vermədi. Nəticədə, xalqımız məruz qaldığı işğalçılıq siyasətinin bütün faciələrini yaşadı.

Azərbaycanın yeraltı, yerüstü təbii sərvətləri talan edildi, böyük bir bölgə tamamilə dağıdılıb, xarabazara çevrildi. Terrorçu erməni silahlı dəstələri xalqımızın başına olmazın müsibətlər gətirdi. Bir milyon insan məcburi köçkün həyatı yaşadı. Minlərlə uşaq ya hər iki valideynini, ya da valideynlərindən birini itirdi. Bir o qədər də vətəndaşımızın taleyi naməlum olaraq qaldı. Ötən illər ərzində Azərbaycan dövləti dəfələrlə bununla bağlı nüfuzlu beynəlxalq təşkilat və komitələrə müraciət etsə də, hələ də müsbət nəticə verməyib. Bu isə onu deməyə əsas verir ki, insan haqlarının pozulması, günahsız dinc əhalinin öldürülməsi, yurdundan didərgin salınması və yaxud da taleyinin naməlum saxlanılması ilə nəticələnən konfliktlərə münasibətdə beynəlxalq hüququn tələbləri deyil, ayrı-ayrı dövlətlərin maraqları əsas götürülür. Belə beynəlxalq təşkilatlardan biri də BMT-dir. İllərdir Azərbaycan Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4 minə yaxın vətəndaşının taleyinin müəyyən edilib, məlumat verilməsilə bağlı BMT-yə müraciət etsə də, hələ də bir xəbər yoxdur. Bütün bunlar isə BMT-nin nüfuzuna böyük zərbədir. Beynəlxalq təşkilatlar ikili standartlara son qoymalı və BMT öz qərarlarına hörmətlə yanaşmalıdır.

Ümumiyyətlə, münaqişənin başlamasından ta ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi qələbəyə, qələbədən ötən 3 il müddətindəki proseslərə nəzər salanda görürük ki, BMT Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət addım atmayıb. Lakin özlərinin maraqlarına uyğun gəldiyi təqdirdə, verilən bütün qərarları çox böyük sürətlə yerinə yetirirlər. BMT üçün taleyüklü hesab olunmayan, maraq kəsb etməyən məsələlərə gəlincə heç bir münasibət sərgiləmir. Anlaşılan odur ki, BMT özü, ilk növbədə öz qayda və prinsiplərinə əməl etmir. Ya bu onun tərkibində təmsil olunanların fərqli baxışlarından irəli gəlir, ya da BMT daxilində də erməni "sevgisi" özünü büruzə verir. Əlbəttə ki, bu məqam ilk növbədə hər bir Azərbaycan vətəndaşının heysiyyatına toxunur. Çünki Ermənistanın Qarabağda törətdiyi faciələrdən təkcə Xocalı faciəsini misal çəkmək kifayət edir ki, məsələnin hüquqi qiymət almamasını aydın şəkildə görək. Bu isə insan haqlarına qarşı hörmətsizlikdir. Təəssüflər olsun ki, biz hər zaman BMT və digər beynəlxalq təşkilatlardan fərqli yanaşma görmüşük. Bu, istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində belə olub.

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, bu günədək 4 min nəfərə yaxın azərbaycanlının taleyinin məlum olmaması əyani surətdə sübut edir ki, BMT qanunlara əməl etmir. Baxmayaraq ki, 3 ildir Azərbaycan öz torpaqlarını işğaldan azad edib, yenə də Ermənistan itkin və əsirlər barədə heç bir məlumat vermir. Beynəlxalq təşkilatlarsa susmaqda davam edir. Bu günlərdə "Qarabağ itkin ailələri" İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Müraciətdə deyilir: "Biz - Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi itkin ailələri adından BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Çaba Koroşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti cənab Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur.

Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. Analar və atalar itkin övladlarının həsrətilə, onların fotoşəkillərini sinələrinə sıxaraq bu dünyadan nisgillə ayrılırlar. Uşaqlar itkin valideynlərini yalnız onlar barədə deyilənlərdən təxəyyül edirlər. Bu, minlərlə ailədə hər gün üzləşdiyimiz faciə, dəhşət deməkdir...".

Müraciətdə məqsəd odur ki, BMT prinsip və qaydalarına uyğun olaraq, öz səlahiyyətləri daxilində Ermənistandan tələb etsin ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumat versin, kütləvi məzarlıqların yerini Azərbaycan tərəfinə təqdim etsin.

Ramidə YAQUBQIZI,

"Respublika".