Azərbaycan-Ukrayna münasibətləri tarixi köklərə malikdir
Digər xəbərlər

Azərbaycan-Ukrayna münasibətləri tarixi köklərə malikdir

1991 -ci il dekabrın 25-də Mixail Qorbaçovun SSRİ-nin Prezidenti postundan istefa verməsilə dekabrın 26-da SSRİ Ali Soveti 15 sovet respublikasının müstəqilliyini tanıdı. Beləliklə imperiya süquta uğradı. Ümumilikdə dünyanın quru hissəsinin 1/6-nı tutan SSRİ-nin parçalanması ilə yaranan respublikalar ard-arda öz müstəqilliklərini elan etdilər. Uzaq Şərqdən Avropaya qədər geniş əraziləri əhatə edən Sovet imperiyasının süqutu ilə meydana gələn dövlətlərdən biri də Ukrayna oldu. Hər il avqustun 24-də Ukraynada Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. Bu il Şərqi Avropanın ən böyük slavyan ölkəsi SSRİ-dən ayrılmalarının 32-ci ildönümüdür.

Ukraynanın Müstəqillik Günü ilə bağlı bir sıra maraqlı faktlar da mövcuddur. 16 iyul 1991-ci ildə ilk dəfə Ukraynanın müstəqillik günü qeyd olunsa da, daha sonra tarix 24 avqusta köçürüldü. 1991-ci ildə müstəqillik üçün keçirilən ümumrusiya referendumunda xalq Ukrayna dövlətinin müstəqilliyini elan etmək qərarına gəldi. Vərəqdə yalnız bir sual var idi: "Ukraynanın müstəqilliyini elan etmək aktını təsdiqləyirsinizmi?". Bütün bölgələrdən olan ukraynalıların 90 faizindən çoxu razılıqla cavab verir. 23 avqust 1991-ci ildə Ukraynanın müstəqilliyini elan etmək Aktının layihəsi yazılır. Akt Ukraynanın ictimai-siyasi xadimləri olan Leonty Sandulyak və Levko Lukyanenko tərəfindən adi bir məktəb dəftərində yazılmışdır. 24 avqust 1991-ci ildə Ukrayna SSRİ Ali Sovetinin fövqəladə iclasında 346 deputat Ukraynanın müstəqilliyinə səs verir. Ukrayna milli demokratik hərəkatının liderlərindən Vyaçeslav Çernovil, mavi və sarı rənglərdən ibarət bir bayraq gətirməyi təklif edir və sonra bayraq parlamentin günbəzinin üstünə qaldırılır. Ukraynanın müstəqilliyini tanıyan ilk dövlət qərb qonşusu Polşa olur. Dövlət bayrağı 28 yanvar 1992-ci ildə rəsmi olaraq müstəqilliyin dövlət simvolu olaraq təsdiq edilib. Müstəqillik gününə həsr olunmuş ilk hərbi parad isə 24 avqust 1994-cü ildə keçirilib. 1996-cı il sentyabrın 2-də milli valyuta dövriyyəyə buraxılıb.

Ukrayna coğrafi mövqeyinə görə Şərqi Avropada yerləşir və dövlət idarəetmə formasına görə, parlament-prezident respublikasıdır. Ukrayna Qara və Azov dənizlərinin sahilində yerləşir. O, şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdə Rumıniya, Moldovaya və tanınmamış Dnestryanı ilə həmsərhəddir. Ərazisində Krım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir. Ölkənin adı qədim slavyan dilində "sərhəd ölkəsi" mənasını verir. I Dünya müharibəsindən sonra 1919-cu ildə Ukraynada Sovet Sosialist Respublikası qurulub. 8 dekabr 1991-ci ildə Belarus, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.

Ukrayna bir sıra sahələrdə dünyada və Avropada öncül ölkələrdəndir. Belə ki, Ukrayna torpaqlarının ərazisində Şərqi Avropada ilk ali təhsil müəssisəsi-1576-cı ildə Ostrogski şahzadəsi Konstantin-Vasili tərəfindən qurulan Ostrogskaya Akademiyası fəaliyyət göstərirdi. Avropanın ən qədim konstitusiyalarından biri 1710-cu ildə elan edilmiş Pilip Orlikin Ukrayna Konstitusiyasıdır. Konstitusiyanın ilk səhifəsinin əsli indi İsveç Milli arxivində saxlanılır. 1934-cü ildə Parisdəki Dillər gözəllik yarışmasında Ukrayna dili dünyanın ən yaxşı, ən melodik və zəngin dili seçilib və İtaliyadan sonra ikinci yeri tutub. Ukraynalılar 200 minə yaxın xalq mahnısı yaradan dünyanın ən melodik millətidir. Dünyanın heç bir millətində bu qədər mahnı yoxdur. UNESCO-da Ukrayna folklorunun və dünya xalqlarının mahnılarının kolleksiyası mövcuddur. Ukrayna Fondunda 15 mindən çox xalq mahnısı var, ikinci yeri 6 min xalq mahnısı olan İtaliya tutur.

Ukrayna Azərbaycan üçün strateji müttəfiq, dost və tərəfdaş ölkələrdən biridir. BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992- ci ildə yaradılmışdır. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır. Dövlətlərimizin münasibətlərinin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir. Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və iki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində də əməkdaşlıq inkişaf edir. İlk dəfə 1995-ci il 27-28 iyulda Prezident Leonid Kuçma Azərbaycana və 1997-ci il 24-25 martda Prezident Heydər Əliyev Ukraynaya rəsmi səfər edib. Hazırkı dövlət başçıları prezidentlər İlham Əliyev və Volodimir Zelenskinin dövründə də iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir. 2019-cu il dekabrın 17-də Prezident Volodimir Zelenskinin ölkəmizə rəsmi səfəri və 2022-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri baş tutub. Sonuncu dəfə isə liderlər 2023-cü il iyunun 1-də  Kişineu şəhərində görüşüblər.

Artıq bir ildən çoxdur davam edən və bütün bəşəriyyəti narahat edən Ukrayna-Rusiya müharibəsi fonunda yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir. Bu yaxınlarda Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncamla Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlıqlarının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Musa BAĞIRLI,

"Respublika".