İqtisadiyyat

"Həmrəylik Halqası" qlobal əməkdaşlıqda mühüm rol oynayacaq

"Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq... Əminəm ki, "Həmrəylik Halqası" birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq". Bu fikirləri Prezident İlham Əliyev 2023-cü il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Trangaz" (Rumıniya), "FGSZ" (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanma mərasimində bildirib. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü isə "Həmrəylik Halqası" adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Azərbaycandan Avropaya əlavə qaz tədarükünü nəzərdə tutan memorandumun "Həmrəylik Halqası" layihəsində iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın göstərici olduğunu deyən Rumıniyanın energetika naziri Virçil Daniyel Popesku bu gün dünyanın enerji təchizatında ciddi böhran yaşadığı, enerji təhlükəsizliyi baxımından böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-də başlayıb. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istifadəyə verilməsilə Avropa ölkələrinin enerji tələbatı qismən ödənildi. 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi Avropanın təbii qaz təchizatının coğrafiyasının genişləndirilməsi üçün imkan yaratdı. Artıq bu layihə "qoca qitə"nin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Onu da qeyd edək ki, Azərbaycan Avropanın yalnız enerji deyil, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 dövlətilə "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə, yaxud saziş imzalayıb. Yəni Azərbaycan bu İttifaqa üzv dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşdır.

2022-ci ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında imzalanan "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"na əsasən ölkəmiz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı nəzərdə tutur. Bu isə təbii ki, ölkədə yeni yataqlar hesabına qaz hasilatının artırılmasını zərurətə çevirir. Yeni və kifayət qədər zəngin mənbə isə ölkəmizin Xəzərdəki "Şahdəniz" yatağıdır.

Avropaya qaz təchizatının artırılması məqsədilə Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizdə daha çox qazın təchiz edilməsi üçün yeni imkanlar yaradılır. İtkilərin azaldılması, o cümlədən elektrik enerjisi və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində iş gedir.

Onu da qeyd edək ki, Azərbaycan Avropaya yalnız təbii qaz ixrac etmir, ölkəmiz 20 ildən artıqdır ki, xam neft ixracı üzrə iri təchizatçı kimi də etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracın əsas hissəsini təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az bir müddətdə, 1994-cü ildə XX əsrin müqaviləsi imzalandı. Xəzər dənizində yataqların işlənməsi üçün ilk dəfə olaraq neft şirkətləri Azərbaycana dəvət edildi. Bu gün isə XXI əsrin layihəsi həyata keçirilir və onun miqyası genişlənir. Üç əsas enerji infrastrukturu layihəsi, yəni iki neft boru kəməri - Xəzərdən Aralıq dənizinə, həmçinin Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, indi bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində layihələr reallaşdırılır. Məqsəd Azərbaycanı bu sahədə də əsas enerji mənbəyinə çevirməkdir. Ölkəmiz bütün hədəflərə nail olmaq üçün enerji sahəsində etibarlı tərəfdaş kimi bu istiqamətdə də fəaliyyətini davam etdirir. Bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Təbii ki, "yaşıl enerji"nin əsas ixrac istiqaməti Avropadır. Bu isə onu göstərir ki, Azərbaycan fəal enerji diplomatiyasını uğurla davam etdirir, neft meqalayihələrindən tutmuş, hazırda qaz, daha sonra yaşıl hidrogenə qədər layihələr həyata keçirilir. Enerjiyə ehtiyacı olan ölkələr arasında güclü ötürmə xətləri yaradan Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır.

Azərbaycanın bərpaolunan enerji növlərinin potensialı böyükdür və buna görə də dünyanın aparıcı enerji şirkətləri Odlar yurdu ilə bu sahədə əməkdaşlıq etməyə maraqlıdır. Özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilən Azərbaycan "Həmrəylik Halqası" layihəsinin də fəal iştirakçılarından biri olacaq.

Şərqi və Mərkəzi Avropa ölkələrinin enerji resurslarının şaxələndirilməsini və enerji təhlükəsizliyini nəzərdə tutan layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə təxminən 1-1,1 milyard avro həcmində vəsait ayrılması nəzərdə tutulsa da, bəzi detallar müzakirə mərhələsindədir. Avropanın böyük maraq göstərdiyi "Həmrəylik Halqası" (STRING) layihəsinin hansı nəticələr verəcəyini isə zaman göstərəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".