HƏMAS azad olunacaq girovların siyahısını bu gün təqdim edəcək
Dünya xəbərləri

HƏMAS azad olunacaq girovların siyahısını bu gün təqdim edəcək

HƏMAS hərəkatı bu gün axşam saatlarında noyabrın 23-də azad ediləcək girovların ilk qrupunun siyahısını təqdim etməlidir.

"Respublika" "Milliyet" nəşrinə istinadla xəbər verir ki, razılaşmaya əsasən HƏMAS atəşkəsin ilk dörd günündə 50 girovu qruplar halında İsrailə qaytaracaq. Daha sonra azad ediləcək hər 10 girov üçün atəşkəs rejimi daha bir gün uzadılacaq. Azad edilənlər əvvəlcə “Qırmızı Xaç” təşkilatına, daha sonra İsrail ordusuna təhvil veriləcək.

İsrail tərəfi isə qaytarılacaq hər girovun müqabilində üç fələstinlini azad edəcək. Ölkənin Ədliyyə Nazirliyi azad olunacaq fələstinli məhbusların siyahısını bu gün səhər saatlarında dərc edib. “The Times of Israel” qəzetinin məlumatına görə, siyahıda 13 fələstinli qadının, həmçinin 18 yaşına çatmayan 287 yeniyetmənin adı var.

Qeyd edək ki, İsrail hökuməti noyabrın 22-nə keçən gecə xüsusi iclasdan sonra ən azı 50 girovun dörd gün ərzində Qəzza sektorundan qaytarılması, daha sonra isə Fələstin eksklavında hərbi əməliyyatların bərpa olunması barədə planı təsdiqləyib.

HƏMAS hərəkatı 50 girovun azad edilməsi müqabilində 4-5 günlük atəşkəs, 150-yə yaxın fələstinli uşaq və qadının İsrail həbsxanalarından azad olunmasını və Qəzza sektoruna yanacaq tədarükünü tələb edib. İsrailin hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda HƏMAS hərəkatının əlində 240-250 nəfər girov var.