Hələ də rəğbətlə qarşılanan unudulmaz səhnə əsəri
Mədəniyyət

Hələ də rəğbətlə qarşılanan unudulmaz səhnə əsəri

“Arşın mal alan” - 110

Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Xalqları fərqləndirən amillərdən biri də mədəniyyətdir.

Azərbaycan xalqının mədəniyyəti, mədəni irsi haqqında danışsaq ən yüksək pillədə əlbəttə ki, Üzeyir Hacıbəyov dayanır.

Üzeyir Hacıbəyov elə nadir bəstəkarlardandır ki, o, musiqi yaradıcılığında da, ədəbi yaradıcılığında da parlaq istedad nümayiş etdirmiş, Azərbaycan incəsənətini yenidən qurmaq yollarında böyük əmək sərf etmişdir. Musiqimizin, teatr sənətimizin bu gün yüksək tərəqqiyə çatması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Üzeyir bəyin ədəbi yaradıcılığı 2 istiqamətdə davam etmişdir: o həm dərin məzmunlu satirik felyetonlar, publisist əsərlər yazmış, həm də opera və operettalarının ədəbi mətnini yaratmışdır.

Üzeyir bəyin bütün əsərləri ölməzdir. Səhnəyə qoyulduğu gündən bugünkü günə qədər tamaşaçıların rəğbətini qazanan əsərlərindən biri olan "Arşın mal alan" operettasını Üzeyir bəy Birinci Dünya müharibəsindən əvvəl, yəni 1912-1913-cü illərdə Peterburq Konservatoriyasında oxuyarkən yazmışdı.

Azərbaycan klassik musiqisinin xəzinəsinə daxil olan bu əsərdəki hadisə, obraz və melodiyalar bizə çox doğma, əzizdir. Çünki operettanın süjet xəttini Üzeyir bəy real həyatdan götürmüşdü. Daha dəqiq desək, əsər Qarabağın Şuşa şəhərinin həyatından bəhs edir.

Ailə-məişət münasibətlərini əks etdirən "Arşın mal alan" komediyasında mühüm məsələlərə toxunulur, qadının cəmiyyətdəki vəziyyəti aydınlaşdırılır. O zamanlar Azərbaycanlı qızlar ən elementar hüquqlardan belə məhrum edilmişdilər. Onların hüquqları demək olar ki, yox dərəcəsində idi. Hüquqsuz, kölə vəziyyətində olan Gülçöhrə, Asiya, Telli və Cahan xalanın timsalında qadın hüquqsuzluğu tənqid olunur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Üzeyir bəy bütün yaradıcılığı boyu Şərq qadınlarının hüquqları uğrunda daima mübarizə aparmışdır.

"Bu komediyanı yaratmaqda məqsədim səhnə və musiqili əsər vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət-ənənələri ifşa etmək idi... Əsərdəki tiplər, o dövrün adamları - cəmiyyətimizin içərisində yaşayan həyati və real nümayəndələrdir", - deyən Üzeyir bəy operettanın məzmununu qüvvətləndirmək, obrazların daxili aləmini açmaq, ideyanı daha qabarıq şəkildə nəzərə çarpdırmaq üçün xalq ədəbiyyatı nümunələrindən səmərəli istifadə etmişdir.

Qeyd edək ki, inqilabdan əvvəl Azərbaycan musiqi mədəniyyəti yalnız şifahi xalq yaradıcılığı yolu ilə inkişaf etmişdi. Xalqın zəngin melodiyaları - aşıq havaları, el havaları qələmə alınmır, öyrənilmir və inkişaf etdirilmirdi. Bunun nəticəsində də bir çox muğam nümunələri, qədim el havaları itib-batır və yaddan çıxırdı. Bu isə əlbəttə ki, Üzeyir bəyi çox narahat edirdi.

Həm dramatik, həm də komik ünsürlərin birləşdiyi "Arşın mal alan" musiqili komediyasını Rusiya tarixində də ilk operetta saymaq olar. Çünki 1913-cü ilə qədər Rusiya tarixində operetta janrında heç bir əsər yazılmamışdı və Üzeyir bəyin Peterburq Konservatoriyasında oxuyarkən yazdığı "Arşın mal alan" komediyası Rusiya tarixində də ilk operetta sayıla bilər. Həmçinin qeyd edək ki, "Arşın mal alan" komediyası Sovet filmləri arasında inqilaba qədərki dövrü işıqlı, xoşbəxt göstərən ilk film idi. Ümumiyyətlə, operettanın xoşbəxt sonluqla bitməsi tamaşaçıya xoş gələn, əsərin uğurunu təmin edən amillərdəndir. Məlumdur ki, bu əsərin dünyada məşhur olması 1946-cı ildə rejissor Rza Təhmasibin quruluşu əsasında çəkilmiş filmlə başlandı. Onu da qeyd etmək lazımdır ki, Üzeyir bəy 1918-ci ildə "Arşın mal alan" operettasını rus dilinə də tərcümə etmiş və əsəri həmin ilin iyun ayında Həştərxan şəhərinin "Qış teatrı" binasında tamaşaya qoymuşdu.

4 dəfə ekran həyatı yaşayan və müxtəlif ölkələrin dilinə tərcümə edilən 110 yaşlı "Arşın mal alan" operettası hələ də tamaşaçılar tərəfindən böyük sevinclə qarşılanır. Ulu öndər Heydər Əliyev Üzeyir bəy yaradıcılığından danışarkən öz çıxışlarında qeyd edirdi: "Arşın mal alan" operettası Azərbaycan mədəniyyəti tarixinin ən görkəmli nailiyyətlərindən biridir. Ona görə də bu film yaşamalıdır. Bu film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsünlər!"

Təranə HƏSƏNOVA,

Üzeyir Hacıbəyli ev-muzeyinin

əməkdaşı.