Hayların xəbis niyyətlərini gizlətdikləri maskası düşdü
Siyasət

Hayların xəbis niyyətlərini gizlətdikləri maskası düşdü

BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın təşəbbüsü ilə keçirilən toplantısı ölkəmizin haqlı mövqeyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən təsdiqləndi. Hayastan və onun havadarlarının yalanları, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenə fiaskoya uğradı. Ən vacib məqamlardan biri toplantıda Ermənistan hökumətinin ikiüzlülüyünün də isbatlanması idi. Belə ki, bu yaxınlarda Ermənistan Qarabağın mülki əhalisinin məcburi "blokadaya" alınması və humanitar vəziyyətin "pisləşməsi" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəmişdi. Bununla yanaşı, Ermənistan baş nazirinin və başqa rəsmilərin "Qarabağ Azərbaycan ərazisidir", "Qarabağdakı ermənilər bizə mandat verməyib" kimi sərsəm açıqlamaları onların dünya ictimaiyyətinin gözündən pərdə asmaq cəhdinin təzahürü idi.

Ermənilərin Laçın yolu ətrafındakı cəfəng iddiaları beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmədi. Daha dəqiq desək, TŞ-nin toplantısında Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi zəruri hesab olundu. Ermənistanın ən böyük "dəstəkçisi" Fransanın BMT-dəki nümayəndə heyətinin üzvü Natali Brodhörst və digər daimi üzvlərin ermənilərin avantürasına uyduğu açıq şəkildə özünü göstərdi. Məsələnin mahiyyətinə varsaq görərik ki, Natalinin çıxışı və Şuranın toplantısınadək rəsmi Parisin davranışı Fransanın böyük dövlət, aparıcı güc kimi statuslarını itirmək üzrə olduğundan xəbər verir. Bu xüsusda rəsmi Parisin yeni güc yaratmaq cəhdi fiaskoya uğrayır.

Fransa Ermənistana göstərdiyi dəstəklə Türkiyə və Azərbaycana qarşı kin, nifrət hissinin sonsuz olduğunu bəlli edir. Doğrudur, əvvəllər dünya gücləri ölkəmizin ərazilərinin işğalını bilmələrinə baxmayaraq, 30 il susmağı üstün tutublar. Amma ölkəmizin regionda təhlükəsizliyin təmini, dünyanın enerji təchizatındakı rolu, əməkdaşlıq və sülh istiqamətində atdığı addımlar artıq böyük güclərin diqqət mərkəzindədir. İclasda, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi böyük dövlətlərin Ermənistanın yalan və hiylə dolu bəyanatlarına, dezinformasiyalarına, məzlum görkəmlərinə inanmadığı bir daha öz əksini tapdı. Görünür, beynəlxalq ictimaiyyət də hayların "məzlum" sifətini görməkdən bezib. Halbuki, TŞ 30 il bundan əvvəl Ermənistana məlum qətnamələri ilə bütün həqiqəti izah etmişdi. Amma Ermənistan tərəfi mövcud reallığı qəbul etmək niyyətində deyil. Düşmən dərk etməlidir ki, onların özlərinin və havadarlarının saxtakar oyunlardan əl çəkmək zamanı gəlib yetişib.  Çünki Ermənistanın riyakarlıq maskası çoxdan yırtılıb. Müzakirələrin gedişində iclasdakı iştirakçıların bəziləri reallıqla yanaşı, müəyyən səhvlərə yol versə də, fikirlərin əksəriyyəti məhz Azərbaycanın ərazi bütövlüyünün qorunmasına yönəlmişdi. Bu isə təbii ki, Ermənistan nümayəndə heyətini cin atına mindirdi.

Rəsmi İrəvanın BMT TŞ kimi nüfuzlu bir platformanı "realiti-şou" səhnəsinə çevirmək cəhdləri uğursuzluqla nəticələndi. Düşmən özünü gülünc vəziyyətə saldı. Belə ki, ağılsız hayların xarici işlər naziri Ararat Mirzoyan Yaşar Əliyevin hüquqa, faktlara və məntiqə söykənən çıxışından sonra beynəlxalq ictimaiyyət qarşısında rəzil duruma düşdü. BMT yanında daimi nümayəndəmizin Hayastanın "blokadada acından ölən" uşaq şəkillərinə qarşılıq olaraq göstərdiyi, ermənilərin özlərinin sosial şəbəkədə paylaşdığı, Xankəndidə, Ağdərədə toy-düyün məclislərindən, yubiley mərasimlərindən fotoşəkillər Ermənistanı bir daha rüsvay etdi. Bununla Hayastanın baş diplomatı növbəti dəfə vətəninə əli ətəyindən uzun qayıtmağa məcbur oldu. Qeyd edək ki, 2022-ci ilin dekabrında da rəsmi İrəvan və Parisin məsələnin BMT TŞ-də müzakirəsi üçün birgə cəhdləri də uğursuzluqla nəticələnmişdi. Mənfur Ermənistanın budəfəki diplomatik avantürası da baş tutmadı.

Avqustun 16-da baş tutan iclasdan bir daha bəlli oldu ki, Ermənistan boş müzakirələr çağırmaqla sadəcə beynəlxalq ictimaiyyətin "vaxtını" alır. Çünki bu məsələ Azərbaycan hakimiyyəti ilə müzakirə olunmalı idi. İki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh təşəbbüslərinin mövcudluğu ərəfəsində vəziyyətin gərginləşməsi Ermənistanın bir daha yalnız sözdə "barış" tərəfdarı olduğunu göstərdi.

Nəzrin ELDARQIZI,

"Respublika".