Hayların növbəti dəfə məsələni yubatmaq planları fayda verməyəcək
Siyasət

Hayların növbəti dəfə məsələni yubatmaq planları fayda verməyəcək

Avqustun 31-də qondarma rejimin "rəhbəri" Araik Arutyunyan istefa verib. Bu istefa Xankəndidə gərginliyin artmasına səbəb olub. Bu səbəbdən, xunta rejimində "prezident seçkiləri"nin birinci turunun sentyabrın 9-da "parlament"in növbədənkənar sessiyasında keçirilməsi planlaşdırılır.

Araikdən əvvəlki ilk iki "başçı" olan Arkadi Qukasyan və Bako Saakyan cütlüyü hakimiyyəti ələ almaq istəyir. Separatçı rejimin "təhlükəsizlik şurası"nın "katib"i Samvel Şahramanyanın isə birinci turda "prezident" seçiləcəyi ehtimalı böyükdür. Adı namizədlər sırasında çəkilən Ruben Vardanyan isə qondarma "seçkilərdə" "vəzifə" tutmayacağını bildirib. Maraqlısı odur ki, dünən heç bir "partiya" "namizəd" irəli sürməyib. Təbii ki, məsələ çox aydındır. Yeni "fiqur" və ya "fiqurlar" da başa düşür ki, baş verən bu qeyri-sabitlik hər gün Xankəndini öz sahiblərinə bir addım da yaxınlaşdırır. Azərbaycan qondarma rejim ilə bağlı mövqeyində qətidir. Yəni bu siyasi proseslərin sillogizmi Qarabağda yaşayan erməni əsilli şəxslərin reinteqrasiyasıdır.

2020-ci ilin may ayında "hakimiyyətə" gələn Araikin xoşbəxt günləri cəmi 4 ay çəkdi. Qətiyyətli Azərbaycan Ordusu sentyabrın 27-si atəşkəsin pozulmasına cavab verərək antiterror əməliyyatına başladı. Zəfərin 44 günü ərzində qondarma rejimin "rəhbəri" Araik xüsusi diqqət çəkirdi. Amma döyüş meydanında deyil, sosial şəbəkələrdə. Hayların məhşur "təbliğat maşını" funksiyasını yerinə yetirərək xarici qurumlara yalvarırdı. İtkilərin sayını gizlədən Araik müharibənin ilk günlərindən onun necə yekunlaşacağını təxmin edirdi. Buna görə də havadarlarından kömək uman "rəhbərin" səsinə səs verən güclər onunla birlikdə məğlub oldu. Azərbaycan 44 gün ərzində Qarabağ həqiqətlərini dünyaya çatdıraraq həm də diplomatiya qələbəsinin əsasını qoymuş oldu.

Bundan başqa, Arutyunyanın "hakimiyyət" sevdası onun "qohum biznesi"nə də rəvac verib. Bu baxımdan, ən yüksək vəzifəni qardaşı Cəlal Arutyunyan tutub. Xunta rejiminin keçmiş "müdafiə naziri" olan bu şəxs müharibədəki biabırçı məğlubiyyətlərinin də əsas səbəbkarlarından biridir. Müharibənin ilk günlərində terrorçulardan ibarət dəstə formalaşdıran haylar daha sonra bunu "Erato" adlı qadın muzdlularına dəyişmişdir. Göründüyü kimi, müharibə dövründə tez-tez dəyişikliyə əl atan separatçılar müharibədən sonra da bu prosesləri davam etdirmək niyyətindədirlər.

"Yeni haylar köhnə beyinlə yaşaya bilməz". Xunta rejiminin əvvəlki iki "rəhbəri" Arkadi Qukasyan və Bako Saakyan məhz bu deyimə əsaslanırlar. Etirazçıların içində bu cütlüyü dəstəkləyənlər olsa da əksəriyyət artıq yaşları 60-ı ötmüş bu şəxslərin təzə bazarda yeni məhsul - təxribatlar "istehsal" edə bilməyəcəyini düşünürlər. Məhz bu iki cütlükdən hər hansı birinin "hakimiyyətə" gəlməsi Azərbaycanın səbirlə gözlədiyi sonu bir az da yaxınlaşdıra bilər. Hansı ki, bu sonun Ermənistan hökumətini də dərindən çalxalayacağı ehtimal olunur.

2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın "nöqtəsi"nə İlham Əliyevin 44 gün ərzində "nida" ilə cavab verməsi və s. Qarabağda özlərini "rəhbər" adlandıranların rəngarəng yuxularına son qoydu. Artıq Qarabağ erməniləri başa düşməlidir ki, 30 illik talan dövrü yekunlaşıb. Ya reinteqrasiya prosesini dəstəkləməli, ya da bu əraziləri tərk etməlidirlər. Hansısa bir oyuncaq rejimin altında yaşamaq sadəcə rəzalətdir. Hakimiyyət dəyişikliyi və ya mümkün çevrilişlər isə bu dəfə məsələnin həllinin yubadılmasına kömək etməyəcək. Azərbaycan artıq bütün reallıqları çılpaqlığı ilə görür və bir daha deja-vu yaşanmasına icazə verməyəcək...

Tacir SADIQOV,

"Respublika"