Haylar kimdən qorxur?
Siyasət

Haylar kimdən qorxur?

Ermənistanın israrla öz sərhədlərinin müdafiəsini təmin etmək istəyi qorxudan irəli gəlir. Maraqlıdır ki, haylar kimdən qorxur? Bütün variantları təhlil edərkən ermənilərin müdafiə məqsədilə öz arsenalını gücləndirməsi tamamilə absurd görünür. Əgər Ermənistan İrandan müdafiə olunursa, bu yersizdir. Rəsmi Tehran bölgədə bütün müttəfiqləri ilə əlaqələrinin stabil olmasına diqqət edir. Həmçinin İran İslam Respublikasının rəsmi İrəvanla siyasi əlaqələrində son dönəmlərdə dinamika hiss olunur. Gürcüstan da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi olmaq barədə təkliflər irəli sürüb. Həmçinin bəzi Ermənistan dairələrinin Gürcüstana qarşı ərazi iddiaları mövcud olsa da rəsmi Tbilisinin isə belə bir iddiası barədə məlumat yoxdur.

Türkiyə və Azərbaycanın da belə bir niyyəti yoxdur. Azərbaycan Cənubi Qafqazda sülhün əldə olunmasına ciddi səy göstərir. Türkiyə də bu sülhün əldə olunmasında böyük vasitəçilərdən biridir. Əlavə olaraq, Türkiyə və Ermənistan arasındakı münasibətlər ikincinin ölkəmizə təcavüzü nəticəsində dondurulub. Lakin üçüncü ölkə vasitəsilə qarşılıqlı səfərlər mövcuddur. Azərbaycanın isə sülhün əldə olunmasından müəyyən müddət sonra öz qapılarını erməni vətəndaşlarına açması mümkün görünür.

O zaman haylar kimdən qorunmaq istəyir? Rusiyadan?

Maraqlıdır ki, Rusiya Ermənistanın sərhədini necə poza bilər? Moskva Ermənistanın sərhədini Gürcüstan və Azərbaycandan poza bilər. Lakin nə Azərbaycan, nə Gürcüstan, nə də ki, hansısa digər dövlətin və ya digər silahlı qüvvələrin belə şərait yaratması real görünmür. Hərbi müdaxilə üçün nə səbəb, nə də variant yoxdur. Moskvanın havadan Ermənistana müdaxiləsi də Azərbaycan və Gürcüstan faktorlarına görə mümkün deyil. Rusiyanın ancaq 102-ci bazanın köməyi ilə nəsə etməsi düşünülə bilər ki, bu da az bir qüvvədir. Yeganə müdaxilə uzaqmənzilli raketlər və iqtisadi sanksiyalardır ki, onun da effektivliyi şübhə altındadır. Hazırkı dövrdə isə ssenari tam fərqli məcrada davam edir. Ermənistan öz tarixi müttəfiqi olan Rusiyaya xəyanət edərək əməkdaşlığın mənasız olduğunu vurğulayır. Fransa və Qərbin şirnikləndirməsi ilə əks addımlar ataraq buranı açıq bazara çevirmək istəyir. Qərb və Amerika isə enerji böhranının həllini bölgədə gördüyü üçün buranı Ermənistanın vasitəsilə asılı vəziyyətə salmaq istəyir.

Rusiyanın Ukrayna ilə müharibə şəraitində olmasından dolayı Qərb və ABŞ tərəfindən beynəlxalq aləmdən təcrid olunması fonunda Ermənistanın da bu riyakar dairələrə dəstək verməsi düşündürücüdür. İndiyədək Rusiyadan alınan imtiyazlar sayəsində öz dövlətinin mövcudluğunu qoruyub saxlamağa nail olan Ermənistan bu gün Rusiya və qonşu dövlətlərə qarşı cəbhə yaratmaq niyyətindədir. Açıq görünür ki, Ermənistan qorxur. Amma kimdən qorxur? Haylar qorxu məsələsində də düz yolda deyillər. Qərb və rəsmi Vaşinqtonun hiyləgər siyasətinin verəcəyi acı nəticələri hesab etməyən Ermənistan regionda uzun illərdir müttəfiqlik etdiyi Rusiya, təcavüzkar siyasəti ucbatından əlaqələri kəsən Türkiyə və Azərbaycana qarşı demarş elan edir, bir növ "qorxur". Lakin ikiüzlü dairələrin şirnikləndirmələrinə aldanmayıb regionda sülhə dəstək verəcəyi təqdirdə Ermənistanın qorxmasına ehtiyac qalmayacaq.

Tacir SADIQOV,

"Respublika".