Qüdrətli ölkəmizin qurucusu
Siyasət

Qüdrətli ölkəmizin qurucusu

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidməti ölkənin gələcəyini etibar edə biləcək layiqli siyasi varisin cəmiyyətə təqdim edilməsidir. Çünki tarix sübut etmişdir ki, böyük sərkərdələr, liderlər özlərindən sonra dövləti idarə edə biləcək bir şəxsiyyəti yetişdirmədiyinə görə ölkə fəlakətlə qarşılaşmışdı. Ulu öndər isə Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını yaratmaqla yanaşı, özündən sonra dövlətin və xalqın taleyini etibar edə biləcək şəxsiyyət yetişdirdi.

15 oktyabr 2003-cü il prezidentliyə seçkilər ərəfəsində Ümummilli Lider Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərək xalqa müraciət edir və onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərir: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Dahi Liderin çağırışının dövlətin və xalqın taleyinin gələcəyi ilə bağlı olduğunu zaman sübut etdi. Azərbaycan son 20 ildə inkişaf, intibah və qələbə tarixini yazdı. Bu gün keçdiyimiz yola bir də nəzər salanda şübhəsiz ki, hər birimizdə yeni bir Azərbaycanın yaranması ilə bağlı təsəvvür formalaşır. Son 20 ildə Prezident İlham Əliyevin dövlətə rəhbərliyi ilə Azərbaycan ictimai-siyasi həyatının bütün sahələrində kompleks inkişaf yolunu keçdi. Bu inkişaf yoluna Ulu Öndərin siyasi kursunun və strategiyasının yüksək dəqiqliyi ilə davam etdirilməsi sayəsində nail olundu. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi-iqtisadi təməllərini yaratdı. Prezident İlham Əliyev isə bu təməllər üzərində yeni Azərbaycan ucaltdı. Hər bir dövlətin bütün uğurları ölkədəki siyasi sabitliyin təmin olunmasından başlayır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ölkədə siyasi sabitliyin daha da möhkəmləndirilməsi ilk yerdə dayandı. Son 20 ildə də ölkədə siyasi sabitliyi pozmaq üçün ölkə daxilində və xaricindən çoxlu cəhdlər olundu. Prezident İlham Əliyev beynəlxalq münasibətləri çox dərindən və mükəmməl bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planlarını məharətlə pozdu. Azərbaycan dövlətinə qarşı yönəlmiş bu qüvvələr siyasi sabitliyi pozmaq, xalqı dövlətə qarşı çıxartmaq və ölkəni lidersizləşdirərək öz çirkin niyyətlərinə nail olmaq istəyirdi. Güclü dövlətimiz belə ünsürləri ifşa etdi və cəmiyyəti düşmənlərdən qorudu. Azərbaycan xalqı öz prezidentinin yanında daha da sıx birləşdi və bu birliyi heç bir gücün sarsıda bilməyəcəyini dünyaya sübut etdi. Bu gün Azərbaycanın hər bir vətəndaşı özünün prezidenti ilə fəxr edir və qürur duyur. Ölkə başçısı ilə xalq arasında monolit birlik digər uğurların təməlində dayanır.

Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində dövlət idarəetmə sistemində dərin islahatlar həyata keçirildi. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etdi. Mərkəzi icra hakimiyyəti strukturları yenidən formalaşdırılaraq operativ qərarlar qəbul edən çevik bir orqana çevrildi. Məhkəmə hakimiyyəti sahəsində aparılan islahatlar elektron məhkəmə sisteminin yaranmasına, daha şəffaf və ədalətli qərarların qəbul edilməsinə yol açdı. Bu da vətəndaşların məhkəmə sisteminə inamını artırdı. Qanunvericilik sahəsində aparılan islahatlar isə Milli Məclisdə növbədənkənar seçkilərin keçirilməsini şərtləndirdi. Bu islahatların tərkib hissəsi olaraq müstəqilliyimizin tarixində ilk dəfə parlamentə qadın sədrlik etməyə başlamış, təmsil olunan müxalif partiyaların nümayəndələri rəhbər vəzifələrə seçilmiş və Milli Məclisin aparatında struktur islahatlar aparılmışdır. O cümlədən Prezident Aparatında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hakimiyyət qollarına sirayət etməsi sayəsində ölkədə demokratik və şəffaflıq təmin edilməklə yeni siyasi konfiqurasiya formalaşdı.

Dövlət İdarəetmə sistemində aparılan islahatlar korrupsiyaya qarşı mübarizəni gücləndirdi, operativ və şəffaf idarəetmə sisteminin formalaşmasına yol açdı. Bu gün vətəndaşların 99% məmnunluğunu qazanmış ASAN və DOST xidmətləri Azərbaycan brendi olaraq dünyada tanınmış, digər xidmət sahələri də elektronlaşdırılmaqla vətəndaşların dövlət xidmətlərinə şəffaf şəkildə əlçatanlığı təmin olunmuşdur.

Ölkədə təmin olunmuş siyasi sabitlik və şəffaf dövlət idarəçiliyi iqtisadi islahatların uğurla aparılmasına yol açdı. Belə ki, cənab İlham Əliyev prezident seçiləndə Azərbaycanın regionları ilə mərkəz arasındakı fərqin aradan qaldırılacağını və həyata keçirilən sosial-iqtisadi inkişafdan hər bir vətəndaşın yararlanacağını qeyd etmişdi. Məhz 2003-cü ildə imzalanan və 2004-cü ildən icrasına başlanmış "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət proqram"larının icrası sayəsində Azərbaycanın bütün regionları yenilənmişdir.

"Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət proqram"larının üç mərhələsi çərçivəsində ölkə iqtisadiyyatına 245 milyard dollar investisiya yatırılmışdır. 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramının icrasına 20 milyard dollara yaxın investisiyanın yatırılması nəzərdə tutulsa da torpaqlarımızın işğaldan azad olunması bu məbləğə daha 7 milyard dollar əlavə edilməsini şərtləndirmişdir.

Son 20 ildə ölkədə sosial infrastruktur layihələrin icrası geniş vüsət almışdır. Belə ki, qazlaşma 51%-dən 98%-ə yüksəlmiş, 18 min kilometrdən çox avtomobil yolu tikilib istifadəyə verilmişdir. Azərbaycan elektrik enerjisini idxaldan azad edilərək ixrac edən ölkəyə çevrildi. Son 20 ildə 50-yə yaxın müxtəlif tipli elektrik stansiyaları tikilib istifadəyə verildi. Bu gün isə bərpa olunan enerjinin istehsalı ilə bağlı yeni layihələrə imza atılır. 4000-ə yaxın yeni məktəb binaları, bütün regionlarda Olimpiya İdman Komplekslərinin tikilməsi, xəstəxanaların yenidən qurulması, içməli su və kanalizasiya xidmətlərinin müasirləşməsi son 20 ilin inkişaf mənzərəsidir.

Sosial sahədə aparılan islahatlar vətəndaşların rifahının artmasına xidmət etmişdir. Belə ki, son 20 ildə işsizlik 50%-dən 5,5%, yoxsulluq 49%-dən 5%-ə enmiş, ölkədə əməkhaqları, pensiyalar və müavinətlər dəfələrlə artırılmışdır. Son 20 ildə Azərbaycanda ÜDM 4 dəfə artaraq adambaşına düşən ÜDM 888,6 dollardan 4214 dollara yüksəlmişdir. Azərbaycanın valyuta ehtiyatları 67 milyard dollara çatmışdır. Bu da xarici dövlət borcumuzu 10 dəfə üstələyir.

Ölkə infrastrukturunun müasirləşməsi yeni beynəlxalq nəqliyyat dəhlizlərinin istifadəyə verilməsinə imkan vermişdir. Bakı Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri Böyük İpək Yolu layihəsinin bərpasına yol açmaqla dünyanın daşımalar arxitekturasına yenilik gətirmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın dünyada mövqeyi möhkəmlənmişdir. Azərbaycan BTC, BTƏ və Cənub Qaz Dəhlizi layihələri istifadəyə verilməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rola malik olmuşdur.

Azərbaycan Respublikası kosmik fəzaya üç süni peyki buraxmaqla beynəlxalq kosmik klubun üzvünə çevrilmişdir. 2 oktyabrda 50 ildən sonra Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik sənayesinin inkişafı sahəsindəki uğurlarından irəli gəlmişdir. Ölkəmizin iqtisadi gücünün artması ordu quruculuğunun müasirləşdirilməsinə və dünyanın ən güclü 50 ordusu sırasına daxil olmasına imkan verdi. Son 20 ildə Azərbaycan ordusuna yeni hərbi texnikalar alınaraq müasirləşdirildi və peşəkarlığı artırıldı. Dövlət başçımız ordumuzu gücləndirdiyimizlə bağlı beynəlxalq ictimaiyyəti açıq şəkildə məlumatlandıraraq xalqımızın torpaqlarımızda erməni işğalının davam etməsi ilə heç vaxt barışmayacağını bəyan edirdi. O cümlədən BMT TŞ-nin qətnamələri icra olunmayacağı təqdirdə ordumuz güc yolu ilə torpaqlarını işğaldan azad edəcəyini açıq şəkildə bildirirdi. Üç il əvvəl Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu yüksək döyüş bacarığını nümayiş etdirib 44 gündə torpaqları işğaldan azad edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Cari ilin 19-20 sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağda erməni separatizminin kökü kəsildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı son 200 ilin ən şərəfli və şanlı tarixini yazdı. Böyük qələbənin təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə möhkəmlənən milli birlik və həmrəylik dayanır. Son illərdə canını vətən yolunda fəda verməyə hazır olan gənc nəsil yetişdirildi. 44 günlük Vətən müharibəsi dövründə xalqımız Ali Baş Komandanın ətrafında birləşərək "Dəmir Yumruğ"a çevrildi. Bu "Dəmir Yumruq"un qarşısında heç bir gücün tab gətirə bilməyəcəyini zaman sübut etdi.

Son 20 ildə ən böyük nailiyyətimiz işğaldan azad edilmiş əraziləri yenidən qurub bərpa etməklə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır. 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra olunmaqdadır. 8 şəhər və 100 kəndin Baş planları hazırlanaraq təsdiq olunmuş və tikinti işləri sürətlə davam etdirilməkdədir. 30 il doğma yurd həsrəti ilə yaşayan ağalılılar, laçınlılar və digərləri öz evlərinə qayıtmışdır. Ermənistanın xarabalıqlara döndərdiyi Füzuli və Ağdam şəhərləri yenidən qurulur. Füzulililərin böyük ruh yüksəkliyi ilə doğma yurda qayıdışı davam etdirilir. Bütün bu uğurlara "Nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilən cənab İlham Əliyevin Liderliyi sayəsində nail oluruq. Bu gün ölkəmiz yeni bir dövrdə, yeni bir ruhla inkişaf edir. Bu ruh qələbə ruhudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir. Cənab İlham Əliyev Prezident olduğu 20 ildə hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi.

Azər BADAMOV,

Milli Məclisin deputatı.