Elə ordu yaratmışıq ki, bizə heç kim təzyiq göstərə bilməz...
Siyasət

Elə ordu yaratmışıq ki, bizə heç kim təzyiq göstərə bilməz...

Güclü ordusu olmayan dövlətlər müstəqil daxili və xarici siyasət həyata keçirməkdə çətinlik çəkir. Müasir dünyamızda baş verənlər də bu fikri təsdiqləyir. Elə bu səbəbdən ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa edən Azərbaycan ordu quruculuğu məsələsinə xüsusi həssaslıqla yanaşır. Ölkəmiz müdafiə potensialının artırılmasına külli miqdarda vəsait yatırıb. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəlib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. Respublikamızda son illərdə dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahları da istehsal olunur. Bunlar olduqca vacibdir. Çünki sirr deyil ki, Azərbaycanın Birinci Qarabağ savaşında məğlub olmasını şərtləndirən amillərdən biri də yaxşı təlim keçmiş, peşəkar hərbi kadrları olan ordunun yoxluğu idi. Bu boşluğun aradan qaldırılması üçün çox işlər görülüb və nəticəsi də göz qabağındadır. İndi Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yerinə yetirmək baxımından bir çox ölkələr üçün nümunəyə çevrilib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin prioriteti olduğunu bildirib. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin Milli Məclisdəki andiçmə mərasimi zamanı etdiyi çıxışında da öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, indi yeni dövr başlayıb və biz xalq olaraq bu mərhələyə alnıaçıq, başıuca şəkildə daxil oluruq. Əsas hədəfimiz isə güclü Azərbaycandır. Bu yolda qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi tədbirlər görülür, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Dövlət başçımızın sözlərinə görə, qarşıdakı dövrdə də Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək:

"Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz... Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək".

Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması dövrün tələbidir. Bu gün dünyada gedən proseslər Üçüncü Dünya müharibəsinin astanasında olduğumuzdan xəbər verir. Hazırkı vəziyyəti isə 1940-cı illərlə müqayisə etmək mümkün deyil. Çünki müasir savaşlar əvvəlkilərdən xeyli fərqlənir. Buna görə də bir çox ölkələr hərbi sahəyə daha çox diqqət ayırmağa başlayıblar. Onların müdafiə doktrinalarında, büdcə xərclərində də bunu əyani şəkildə görmək olur. Biz isə 20 ildən çoxdur ki, bu istiqamətdə fəal fəaliyyət göstəririk. Dövlət başçımızın da vurğuladığı kimi, əldə etdiyimiz döyüş təcrübəsi əvəzolunmazdır. Çünki bizim ordumuz döyüş meydanında öz gücünü göstərib. Üstəlik, əldə olunan ardıcıl zəfərlərdən sonra ordumuzda mənəvi ruh çox yüksəkdir. Bütün bunların nəticəsində də biz güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatıb. İkinci dövr isə daha genişmiqyaslı olacaq. Təkcə cari il ərzində bu sahədə həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik.

Bununla belə, bizim hərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlər var. Məsələn, qardaş ölkə Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Azərbaycan da Ankaranın təcrübəsindən yararlanır. Məsələn, "TEKNOFEST" iki ölkənin bu sahədə inkişafını nümayiş etdirən möhtəşəm hadisədir. Festival Türkiyə ilə sarsılmaz və əbədi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasının, hər iki dövlətin ildən-ilə artan nüfuzunun, elmi-texniki potensialın və hərbi qüdrətin rəmzidir. Ötən il aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST"də çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, yaxın gələcəkdə ölkəmizdə "Bayraktar" mərkəzi yaradılacaq, eləcə də "Kızılelma" səmamızda nümayiş olunacaq. Hazırda atılan əməli addımlar da sübut edir ki, bu istiqamət üzrə işlər aparılır. Artıq Azərbaycan Türkiyədən yeni "Akıncı" hücum pilotsuz uçuş aparatlarını alıb. Fevralın 9-da isə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və hücum PUA-larının uçuşunu izləyiblər. Bununla Azərbaycan özünün müdafiə qabiliyyətini artırmaq üçün qabaqcıl hərbi texnika, təlim və texnologiyaya sərmayə qoyub. Ölkəmizin Türkiyə təcrübəsindən faydalanması ordumuzun hərbi hazırlığını və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirir, regional sabitliyə və təhlükəsizliyə töhfə verir.

Bir məqama da xüsusi diqqət çəkmək lazımdır. Belə ki, biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində özümüzü həm fiziki, həm də ideoloji risklərdən qorumalıyıq. Çünki gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq qələbəmizi həzm edə bilməyən qüvvələr bu amildən istifadə etməyə çalışa bilərlər. Ona görə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması başlıca məqsədimiz olmalıdır. Dövlət başçımızın andiçmə mərasimində vurğuladığı kimi, birliyimiz bütün pozuculuq səylərinin qarşısında bir sədd kimi durmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".